Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1473/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış borcun silinməsi, borcun ödənilməsi, borcun mövcudluğu iddianın zəruri şərti kimi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan küçəsi, ev 15 ünvanında yerləşən iddiaçıya məxsus sahibkarlıq obyekti üzrə **********01500 saylı abonent koduna cavabdeh tərəfindən tərtib olunmuş akta görə hesablanmış 6804 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda fərdi sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə də iddiaçı fiziki şəxs olaraq çıxış edir. Cavabdehin əməkdaşları iddiaçının məlumatı olmadan 28 fevral 2023-cü il tarixində sözügedən ünvana gəlmiş, guya təbii qazdan qeyriqanuni istifadə etdiyini aşkar etmiş, buna görə də akt tərtib edərək **********01500 nömrəli abonent koduna 6804 manat əsassız borc yazmışdırlar. 2.2. Sözügedən akt iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Başqa sözlə, iddiaçıya məxsus obyektdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. İddiaçı sözügedən ünvanda fəaliyyət göstərdiyi dövrlərdə istehlak olunun təbii qazın dəyərini də ödəmişdir. Buna baxmayaraq, cavabdeh heç bir əsas olmadan akt tərtib etmiş, əsassız olaraq 6084 manat məbləğində borc yazmışdır. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, cavabdehin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş aktlarda iddiaçıya məxsus ünvanda guya kombi, QSQ və PQ-4 tipli qaz “peçi”nin olması qeyd edilmiş, kombinin maksimal saatlıq qaz sərfiyyatı 2,6 kub metr, orta günlük iş rejimi 12 saat, QSQ-nin maksimal saatlıq qaz sərfiyyatı 1,5 kub metr, orta günlük iş rejimi 12 saat olmaqla hesabat 180 günlük müddət üçün aparılmışdır. PQ-4 tipli qaz “peçi”nin maksimal saatlıq qaz sərfiyyatı 3,5 kub metr, orta günlük iş rejimi 12 saat olmaqla hesabat 360 gün üçün aparılmışdır. 2.3. Əvvəla, hər hansı bir qaz cihazının 180 və ya 360 gün ərzində 12 saat fasiləsiz işləməsi mümkün deyildir. Bu hal həmin cihazların istehsalçıları tərəfindən də qadağan olunur. Bundan əlavə, cavabdehin əməkdaşları tərəfindən aktlarda qeyd olunan qaz cihazlarının reallıqda həmin ünvanda olmaması sübut edir ki, aktlar işin faktiki hallarına uyğun əsaslarla deyil, formal mülahizələr əsasında tərtib olunmuşdur. Aktların əsassız olmasını sübut edən daha bir hal da odur ki, cavabdehin əməkdaşları akt tərtib etdiyi gündən əvvəlki 180 gün üçün hesabat aparıldığını nəzərə alsa, bu dövrün əksər hissəsi yay və payız aylarına düşür və bu dövrlərdə istilik cihazlarından istifadə edilməsi üçün hər hansı zərurət yaranmır. 2.4. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlər heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, cavabdeh sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, cavabdehin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində iddiaçıya məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd olunmadan sərfiyyat hesablanmışdır. Digər tərəfdən, Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin, heç olmazsa, birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis – ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın məhz cavabdehin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın cavabdehin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. 2.5. Qanunvericilikdə təsbit olunmuş normaların tələbindən də göründüyü kimi, cavabdehin əməkdaşları əgər sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı aşkarlasa idilər belə, bu barədə istehlakçıya və inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir. Yalnız qanunsuz qoşulma halı təsdiq olunduqdan sonra qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri nəzərə alınmaqla hesabatın aparılmasının mümkünlüyü qeyd edilmişdir. Hazırkı halda iddiaçının təbii qazdan qanunsuz istifadə etməyi heç bir sübutla təsdiq olunmadığı halda, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya 16 318,16 manat məbləğində borcun hesablanması heç bir halda qanuni və ədalətli ola bilməz. Ona görə də həmin borc silinməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-9401/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan küçəsi, ev 15 ünvanında yerləşən obyektə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, 28 fevral 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. 28 fevral 2023-cü il tarixli dəymiş ziyanının bərpasına dair tələbnaməyə əsasən, qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, PQ-4 (restoran tipli) maksimal saatlıq qaz sərfi 3,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 27216 m3 itirilmiş sərfiyyat hesablanmışdır. Adıçəkilən sərfiyyat **********01500 saylı abonentin saldosuna 2023-cü ilin 2-ci ayı üzrə daxil edilmiş (6804 manat), həmin məbləğ 2024-cü ilin 5-ci ayında ödənilmişdir. Hazırda iddiaçının cavabdehə hər hansı borcu mövcud deyil.
12. İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş akta görə hesablanmış 6804 manat məbləğində borcun silinməsini tələb edir.
13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Hazırda iddiaçının tələbini borcun silinməsi təşkil edir. Bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür. Başqa sözlə, iddiaçı tərəfindən qanunsuz hesab edilən 28 fevral 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış 6804 manat borc ödənildiyindən və iddiaçının cavabdehə hər hansı borcu mövcud olmadığından mövcud olmayan borcun silinməsi mümkün deyildir. Belə olan halda, prosessual qənaət prinsipinə müvafiq olaraq 6804 manat məbləğində borcun əsasında dayanan 28 fevral 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın qanuniliyinin qiymətləndirilməsi, ümumiyyətlə, cavabdehin hərəkətinə hüquqi qiymət verilməsinə zərurət də aradan qalxmış olur.
16. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, müqavilə münasibətlərində öhdəlikdən kənar ödəniş etdiyini bildirdən tərəf Mülki Məcəllənin 439.4-cü maddəsinə müvafiq olaraq öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
17. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırda iddianın faktiki əsasına müvafiq olan borc mövcud olmadığından İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova