Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1475/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “İddiaçı" MMC-nin nümayəndəsi (direktor) Nümayəndə, iddiaçı “İddiaçı" MMC-nin nümayəndəsi, vəkil X5, Cavabdeh MMC-nin nümayəndəsi X4 və mühabisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nın nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı “İddiaçı" MMC-nin Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC) qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" MMC-nın əməlləri nəticəsində təşkilatlarına dəymiş maddi və işgüzar nüfuzun itirilməsi zərərinə görə, habelə əldən çıxmış gəlirə görə 500000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini və cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətləri olduğuna görə bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, rabitə xidmətləri göstərən bir təşkilat kimi uzun illərdir ki, ölkənin mobil operatorları ilə əməkdaşlıq edərək naliyyət göstərməkdədirlər. Bu əməkdaşlığı qurmaq, xidmət göstərmək, habelə xidmətdən gəlir əldə etmək təşkilatlarına heç də ucuz başa gəlməmişdir. Külli miqdarda sərmayə cəlb olunaraq maddi texniki baza yaradılmş, xarici ölkələrdən texniki avadanlıqlar alınaraq gətirilmiş, quraşdırılmış, peşəkar mütəxəssislər işə cəlb olunmuş, müxtəlif reklam, marketing xidmətlərinə vəsait xərclənərək müştəri bazası formalaşdırılmışdır. Bunun nəticəsi kimi özünü doğrultmuş bir rabitə təşkilatı olaraq uzunillik əziyyətlərinin nəticəsirıdə 28000 müştəri bazasına malik olmuşlar. Təbii ki, bu müştəri bazasını əldə etmək üçün külli miqdarda görünməyən xərcləri də olmuşdur. Əfsuslar olsun ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti bir neçə saatın içərisində qanunvericiliyin bir çox normalarmı kobudcasına pozaraq, heç bir biznes etikasına və hüquqi mədəniyyətə sığmayan qaydada çoxillik əziyyətlərini məhv etmiş, qanunsuz olaraq bütün texniki avadanlıqlarını mobil operatordan ayıraraq dayandırılmış vəziyyətə gətirmiş, bununla kifayətlənməyərək illərlə yığdıqları müştəri bazasını çox rahat şəkildə əldə etmiş və bununla da təşkilatlarına nəinki maddi ziyan vurmuş, habelə 3-cü şəxslər qarşısında borclanması, işgüzar nüfuzlarına xələl gətirən addımlar atmışdır. Bununla kifayətlənməyərək 28000 müştəri bazasını əldə etdikdən sonra məhz onlara məxsus olan, aidiyyəti dövlət orqanlarından adlarına rəsmiləşdirilmiş 7787# gizli nömrələrindən (onlardan heç bir icazə almadan) istifadə edərərk onların müştərilərinə xidmət göstərərək gəlirlərini əldə etməyə davam etmişlər. Həm bu müştərilərdən gəlir əldə etmiş, həm də bu müştərilər qarşısında yaranmış öhdəlikləri təşkilatlarının üzərində qoymuşlar. Bu qanunsuzluqlar nəticəsində mətbuatda dərc olunan nəşrlər işgüzar nüfuzlarının xələl görməsinə bir sübutdur. Məktubda göstərdikləri faktları təsdiq edəcək kifayət qədər sübutları vardır. Qeyd olunan əməllər nəticəsində onlara dəymiş maddi ziyan, işgüzar nüfuza dəymiz ziyan, habelə əldən çıxan gəlir 500000 manatdır. Göstərilənlərlə bağlı maddi ziyanin ödənilməsinə görə cavabdeh şirkətə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərilmiş, hazırkı vaxtadək də heç bir rəsmi cavab alınmamışdır. Eyni zamanda cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271-ci maddəsinin (kompyuter sisteminə qanunsuz daxil olma), 272-ci maddəsinin (Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə), 273-cü maddəsinin (Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) və digər maddələrində nəzərdə tutulan cinayət əməllərininin olduğunu düşünərək aidiyyatı hüquq mühafizə orqanlarına müraciət edilsə də, heç bir rəsmi cavab alınmamışdır. Cavabdeh MMC-nin nümayəndəsi X4 iddiaya etiraz verərək, iddiaçının iddia ərizəsində göstərdiklərinin əsassız olduğunu qeyd edərək, bildirmişdir ki, iddia heç bir mötəbər dəlilə əsaslanmır, “xxxx” MMC ilə “İddiaçı" MMC arasında heç bir müqavilə mövcud olmamışdır. Həmçinin, məlum olduğu kimi, kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma (CM 271-ci maddə), kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi (CM 272-ci maddə), kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda (CM 273-cü maddə) cinayət məsuliyyəti yaranır. İddiaçı yuxarıda qeyd olunan əməllərlə “xxxx” MMC-ni təqsirləndirmək məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət etdiyini, lakin müsbət nəticə əldə olunmadığını da iddia ərizəsində göstərmişdir. “xxxx” MMC-nin əməllərində Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tərkib əlamətləri mövcud olsaydı aidiyyəti istintaq orqanı tərəfindən cinayət işi başlanardı. İddia ərizəsində qeyd olunan xx.xx.2019-cu il tarixli pretenziya məktubu ümumiyyətlə onlara çatmamışdır. Pretenziya məktubunun ötən ilin avqust ayında göndərilməsi və bundan təqribən 9 ay sonra məhkəməyə müraciət olunamsı da, iddianın əsassız olduğunu sübuta yetirir. Əgər iddiaçıya 500000 manat miqdarıda ziyan dəymişdirsə (həmin ziyanın hansı qaydada hesablandığı da iddia ərizəsinə əlavə olunmayıb), nəyə görə pretenziya məktubundan 9 ay sonra məhkəməyə müraciət olunub? Odur ki, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı" MMC-nin nümayəndəsi (direktor) Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “xxxx” MMC ilə xx.xx.2017-ci il tarixdə müqavilə bağlamış və 7787# qısa nömrə vasitəsilə müəyyən oyunlar təşkil etməklə 28000 abunəçi bazasını yığmış, lakin “xxxx” MMC təxminən 2019-cu ilin may ayında müqaviləyə xx.xx.2018-ci il tarixdə xitam verəcəyi barədə xəbərdarlıq etmiş və Cavabdeh MMC-nin yeni şərtlərlə 7787# qısa nömrə ilə bağlı müqavilənin bağlanmasını onlara təklif etsə də, onların şərtləri ilə razı olmadığına görə yeni müqavilə bağlamamış, lakin buna baxmayaraq Cavabdeh MMC onların 28000 abunəçi bazasından istifadə etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda izahatında 28000 abunəçinin “xxxx” MMC-nin abonentləri olduğunu və 7787# qısa nömrəyə “xxxx” MMC tərəfindən texniki dəstəyin göstərildiyi, həmçinin Cavabdeh MMCnın 7787# qısa nömrədən istifadə etmədiklərini və onların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müraciətlərin müsbət nəticə vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı" MMC-nin nümayəndəsi, vəkil X5 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı fəaliyyət göstərdiyi müddət ərzində 7787# qısa nömrə vasitəsilə 28000 abunəçi toplamış və sonuncuların yığdıqları bonuslara görə pul mükafatları təklif edilmiş, lakin “xxxx” MMC tərəfindən müqaviləyə xitam verildiyinə görə mükafatlar ödənilməmiş və bunun nəticəsində “İddiaçı" MMC-nin üzərində çoxlu maddi öhdəliklər qalmışdır. 7787# qısa nömrə vasitəsi ilə fəaliyyətin davam etdirilməsi Cavabdeh MMC ilə müqavilə bağlanacağı təqdirdə mümkün olmuş, lakin sonuncuların şərtləri ilə razı olmadıqlarına görə yeni müqavilə bağlanmamışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, etirazda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının da etiraf etdiyi kimi tərəflər arasında hər-hansısa bir müqavilə olmamış və 7787# qısa nömrə istifadələrində olmamış, 28000 abunəçi qısa nömrəyə bağlı olmaqla “xxxx” MMC-nın abonentləri olduğuna həmin abunəçi bazasından istifadəsi qeyrimümkündür. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mühabisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nın nümayəndəsi, vəkil X2 izahatında bildirmişdir, iddiaçı “İddiaçı" MMC cavabdeh “xxxx” MMC-yə qarşı dəymiş maddi və işgüzar nüfuzun itirilməsi zərərinə görə, habelə əldən çıxmış gəlirə görə 200000 manat məbləğində pul tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia qaldırmış, daha sonra iddiadan imtina edilməsi ərizəsi təqdim etdiyinə görə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli, AZF-VAS-LLE-/xx-xx-2017/ saylı əlavə dəyər xidmətlərinə dair müqavilə və həmin müqaviləyə 1 və 2 saylı qoşmadan görünür ki, Operator - “xxxx” MMC ilə Provayder – “xxxx” MMC (direktor Nümayəndə timsalında) müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 və 2 saylı qoşmada verilmiş texniki şərtlərə uyğun olaraq operatorun mobil telefon şəbəkəsinin istifadəçilərinə (bundan sonra - abunəçilər adlanacaq) mobil məzmunlu xidmətlər və provayderin məlumat-əyləncə mənbələrindən istifadə (bundan sonra əlavə dəyər xidmətləri) imkanı verəcək, operator isə hazırki müqavilə əsasında göstərilən xidmətlərin haqqını müqavilənin 6-cı maddəsinə əsasən ödəyəcəyi barədə razılığa gəlmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-121/2019 nömrəli qərardadından görünür ki, iddiaçı “İddiaçı" MMC cavabdeh “xxxx” MMC-yə qarşı dəymiş maddi və işgüzar nüfuzun itirilməsi zərərinə görə, habelə əldən çıxmış gəlirə görə 200000 manat məbləğində pul tələbi ilə bağlı işin icraatına iddiaçı “İddiaçı" MMC iddiadan imtina edilməsi əsası ilə xitam verilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1 və 445.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “İddiaçı" MMC ilə Cavabdeh MMC arasında hər hansı bir işlərin görülməsi, xidmətlərin göstərilməsi və s. barədə müqavilə bağlanmamış, “İddiaçı" MMC-nin əvvəl istifadə etdiyi və “xxxx” MMC-nin təqdim etdiyi 7787# qısa nömrə Cavabdeh MMC-nin istifadəsində olmamışdır. Eyni zamanda “xxxx” MMC-nın texniki dəstəyi vasitəsi ilə xidmət göstərdiyi abonentlərdən 7787# qısa nömrəyə bağlı olan 28000 abunəçi bazasına (iddiaçının istinad etdiyi rəqəm) Cavabdeh MMC tərəfindən müdaxiləsi texniki cəhətdən mümkün deyil. Göründüyü kimi iddiaçı “İddiaçı" MMC tələbin əsası ilə bağlı, həmçinin dəymiş maddi, işgüzar nüfuzun itirilməsi və əldən çıxmış gəlirə görə 500000 manat məbləğində pul tələbi hissədə, ziyanın nədən ibarət olması, həcmi və yaranması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tələbində cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətləri olduğuna görə bu barədə xüsusi qərardad çıxarılması xahiş etsə də, iddiaçının nümayəndəsi izahatında Cavabdeh MMC-nın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı əvvəllər hüququ-mühafizə orqanlara müraciət etdiklərini, lakin müsbət nəticə əldə etmədiklərini bildirmiş, bu isə xüsusi qərardad çıxarılmasını istisna edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı sonuncunun əməlləri nəticəsində dəymiş maddi və işgüzar nüfuzun itirilməsi zərərə, habelə əldən çıxmış gəlirə görə 500000 manat məbləğində pulun tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1475/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1475/2020
26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver