Məhkəmə qərarları › İş №e-2-2(113)-1479/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1479/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1479/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5259,97 manat əsas borc, 392,58 manat faiz borcu və 38,02 manat cərimə borcu olmaqla, cəmi 5690,57 manat borcun, 76,91 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 MMC-yə 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC İddiaçı ASC-dən 21% olmaqla 12 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndə ilə və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü ilin oktyabrın 9-dək Cavabdeh2 MMC banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5259,97 manat əsas borc, 392,58 manat faiz borcu və 76,03 manat cərimə borcu olmaqla cəmi 5728,58 manat borcu vardır. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 76,03 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 38,02 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Cəlilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20-MCR- 1-571-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya görə cavabdehə 120 ay müddətinə, aylıq 2,5% dərəcəsi ilə, 50000 manat məbləğində kredit limiti ayrılmışdır.

13. İddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20-MCR- 1-571-23/1 saylı kredit razılaşmasına əsasən iddiaçı cavabdehə aylıq 1,75 % dərəcəsi ilə, 12 ay müddətinə 10000 manat məbləğində biznes məqsədilə kredit vermişdir.

14. xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı müqavilənin 1 saylı əlavəsində kredit müqaviləsi üzrə ödənişlər, onların tarixi, ödənilməli olan əsas və faiz məbləğləri öz əksini tapmışdır.

15. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2023 tarixli Z/18340/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.

16. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2023 tarixli Z/18341/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2023-cü il tarixli, 20-MCR-1- 571-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.

17. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 2600 manat, xx.xx.2023-cü il tarixli məxaric qəbzinə görə 6500 manat məbləğində kredit Cavabdeh2 MMC-yə verilmişdir.

18. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borc 5259,97 manat, faiz borcu 392,58 manat, cərimə borcu 76,03 manat olmaqla, ümumilikdə borc 5728,58 manat təşkil edir.

19. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

22. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, həmin razılaşma çərçivəsində iddiaçı tərəfindən cavabdeh MMC-yə həmin tarixdə 10000 manat məbləğində kredit verilmiş, digər cavabdehlər zaminlik müqavilələri bağlayıb kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərilərinə məsuliyyət götürmüşlər. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 5259,97 manat məbləğində əsas bоrc, 392,58 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 38,02 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit müqaviləsi üzrə 5259,97 manat məbləğində əsas bоrc, 392,58 manat məbləğində faiz borcu, 38,02 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 76,91 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 birgə (müştərək) qaydada 5259,97 manat əsas borc, 392,58 manat faiz borcu, 38,02 manat dəbbə pulu, 76,91 manat dövlət rüsumu, ümumilikdə 5767,48 (beş min yeddi yüz altmış yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar