Məhkəmə qərarları › İş №e-2-2(113)-148/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-148/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-148/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaq satılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, ipoteka müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaq satılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli RPZA0080-17/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 176270 manat əsas borcun, 23616,34 manat faiz borcunun, 8813,5 manat dəbbə borcu, ümumilikdə 208699,84 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun, iddia qaldırılması üçün ödənilmiş 99 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması, tutmanın onunla Cavabdeh2 arasında 30 sentyabr 2020-ci ildə onunla BKMG-00080-17/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, 0.08 ha. torpaq sahəsində yerləşən, 401.12 kv.metr sahədən ibarət olan 892B saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, 26 oktyabr 2022-ci il tarixli RPZ-A0080-17/22A saylı kredit müqaviləsi üzrə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh1 şəxsində 30 sentyabr 2020-ci il tarixli, BKN-00080- 17/20A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 500000 manat məbləğində krediti 72 ay müddətinə, illik 35% olmaqla cavabdeh "xxxx" MMC-nin mülkiyyətinə verilməsi razılaşdırılmışdır. 26 oktyabr 2022-ci il tarixli RPZ- A0080-17/22A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmaya əsasən 30 sentyabr 2020-ci il tarixli, BKN-00080-17/20A saylı kreditin qalıq borcunun tam bağlanılması məqsədilə 176270 manat məbləğində 12 müddətinə illik 21 faizlə 6 ay güzəşt müddəti olmaqla SANTEX-SERVİS KONVENT” MMC-nin direktoru Cavabdeh1 kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 30 sentyabr 2020-ci ildə iddiaçı Bank "xxxx" ASC ilə BKMG00080-17/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh2na məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, 0.08 ha. torpaq sahəsində yerləşən, 401.12 kv.metr sahədən ibarət olan 892B saylı bağ evini ipotekaya qoymuşlar. Həmçinin Cavabdeh1 1 oktyabr 2020-ci il tarixli, BKZ-0080-17/20Asaylı zaminlik müqaviləsi bağlayaraq "xxxx" MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 176270 manat, faizlərin məbləği 23616.34 manat, dəbbə borcu 8813.5 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023cü il tarixinə ümumi borcu 208699.84 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, əlavə bildirmişdir ki, cərimə məbləği əsas kredit müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir.Borcalan kredit və faiz məbləğini 3 təqvim günündən çox gecikdirdikdə əsas borc məbləğinin 0,5% məbləğində gündəlik cərimə hesablanması nəzərdə tutulmuşdur. Əlavə kredit razılaşması 6 ay güzəşt müddəti də daxil olmaqla, istifadəsi ümumilikdə 18 ay nəzərdə tutulmuşdur. Kredit məbləği götürüldükdən sonra heç bir ödəniş olunmamışdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinə əsasən Borcverən Borcalana bu Müqavilə çərçivəsində 72 ay müddətinə, maksimal faiz dərəcəsi 35 % olmaqla xx-xx-2026cı il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500000 AZN məbləğinədək kreditlər verə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən kredit üzrə illik faiz dərəcələri, kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının dövriliyi və qaydası və digər şərtlər Əlavə Müqavilələrlə tənzimlənir. Müqavilənin 6.1-ci bəndinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası “30” sentyabr 2020-ci il tarixli BKMG-00080- 17/20A (üç tərəfli) saylı sonrakı İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən Bağ evi ipotekası (girovu) ilə təmin olunur. Müqavilənin 7.4-cü bəndinə əsasən Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə. 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır. Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşmaya əsasən borcverən borcalana ümumi məbləği 176270 manat olan illik faiz dərəcəsi 21 % olmaqla 12 ay müddətinə kredit ayırmışdır. Müqavilənin 1.9-cu bəndinə əsasən Kreditin və kredit üzrə faizlərin Borcalan tərəfindən Borcverənə qaytarılması bu Əlavə Razılaşmaya edilmiş Əlavədə (ödəniş cədvəlində) göstərilmiş qaydada və müddətlərdə həyata keçiriləcəkdir. xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşma üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 176270 manat olan illik faiz dərəcəsi 21 % olmaqla 12 ay müddətinə verilmiş kreditə görə Cavabdeh3 MMC 26 noyabr 2022-ci il tarixdən 26 oktyabr 2023-cü il tarixinə qədər hər ayın 26-sı olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC (İpoteka saxlayan) ilə Cavabdeh2 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixdə BKMG-00080-17/20A nömrəli ipoteka müqaviləsinin 1.1ci bəndinə əsasən sonrakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx-xx-2016-cı İİ tarixində 138 nömrəli reyestr kitabında, 13801 nömrəli vərəqində **********66-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX senyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evi Sonrakı ipoteka predmeli Cavabdeh1 arasında Sumqayıt şəhərində bağlanmış xx-xx- 2019-cu İİ tarixli DEN-00038-17/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə arasında bağlanmış xx-xx-2019-cu il tarixli DENG-00038-17/19A saylı ipoteka müqaviləsinə əsasən Bank “BTB" ASC-yə ipoteka qoyulmuşdur. Müqavilənin 1.2-ci bəndinə əsasən Borc alanla İpoteka saxlayan arasında Sumqayıt şəhərində bağlanmış “30" sentyabr 2020-cu il tarixli BKN-00080-17/19A nömrəli Əsas kredit müqaviləsinə əsasən İpoteka saxlayan Borc alana illik 35 faiz ödəmək şərti ilə 72 ay müddətinə 500000 AZN məbləğində kreditlər ayırır. Borc alan isə əlavə kredit müqaviləsinin şərtlərinə əsasən kreditin, ona hesablanmış faizlərin ödənilməsilə birlikdə İpoteka saxlayana qaytarılmasını öz öhdəsinə götürmüşdür. Borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli ayfarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,08 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ünvanında yerləşən 401.12 kv.metr olan 892B saylı bağ evi Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bank "xxxx" ASC-nin ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli BKZ-00080- 17/20A saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin giriş hissəsinə əsasən həmin müqaviləyə zamin Müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Müqavilənin 1.5-ci bəndinə əsasən Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Əsas kredit müqaviləsi (kredit limiti, kredit xətti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən əsas kredit müqaviləsi çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. Bank “BTB" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşma üzrə xx-xx-2023-ci il tarixə Cavabdeh3 MMC banka əsas borc məbləği 176270 manat, ümumi faiz borcu 23616,34 manat, dəbbə borcu 8813,5 manat, cəmi borc 208699,84 manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evi Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bank "xxxx" ASC-nin ********** saylı xx.xx.2023 tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdən görür ki, Bank "xxxx" ASC borcun tam ödənilməsi, əks təqdirdə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə Cavabdeh3 MMC-ni xəbərdar etmişdir. 29 yanvar 2024-cü il tarixli MŞB/19/2024-00007 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4247 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli RPZ-A0080-17/22A saylı Əlavə Razılaşma üzrə banka ödənilməli olan kredit borcu iddia tələbində göstərilən xx.xx.2023cü il tarixinə əsas borc 176270 manat, faiz borcu 23616,26 manat və iddia tələbində göstərilən xx.xx.2023-cü il tarixinə əsas borc 176270 manat, faiz borcu 25981,22 manat olması müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, QCM/Y 03- 003/25 saylı ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,08 torpaq sahəsində yerləşən, 401,12 kv.m sahədən ibarət olan 892B saylı bağ evinin 14 yanvaar 2025-ci il tarixə likvid dəyəri 406000 manat məbləğində müəyyən edimişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank “BTB" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşma üzrə sonuncuya illik 21% olmaqla 12 ay müddətinə 176270 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixdə BKMG-00080-17/20A nömrəli ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evi Bank “BTB" ASCdə ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh1 xx.xx.2020-ci il tarixli BKZ-00080- 17/20A saylı zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 qarşı kredit və zaminlik müqavilərləri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçı, eyni zamanda, ipoteka qoyan Cavabdeh2 da borcun ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh2 qarşı borcun tutulması tələbi əsassızdır. Çünki ipoteka qoyan borclunun öhdəliyini icra etməməsi üçün ipoteka qoyduğu əmlaka tutmanın yönədilməsi ilə bağlı məsuliyyət daşıyır, həmçinin Cavabdeh2 zamin kimi və ya digər qaydada iddiaçı qarşısında borcun ödənilməsi ilə bağlı hər hansı öhdəlik götürməmiş, habelə mülki qanunvericilikdə də bununla bağlı ipoteka qoyanın məsuliyyəti nəzərdə tutulmamışdır. Buna görə də iddia tələbi Cavabdeh2 borcun tutulması hissəsində təmin olunmamalıdır. Məhkəmə iddiaçının tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd edir ki, xx.xx.2022 tarixli RPZ-A0080-17/22A saylı Əlavə Razılaşma üzrə iddiaçı 176270 manat əsas borc və 23616.34 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Keçirilmiş məhkəmə ekspertizası ilə iddia ərizəsində tələb olunan xx.xx.2023-cü il tarixinə əsas borc 176270 manat, faiz borcu 23616,26 manat olduğu müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə əsas borcun məbləği ekspert rəyi ilə eyni, lakin faiz borcun məbləği isə ekspert rəyində daha az göstərildiyindən əsas borc həmin kredit müqaviləsi üzrə iddia tələbinə uyğun 176270 manat, faiz borcun məbləği ekspert rəyinə uyğun olaraq 23616,26 manat müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 8813,5 manat məbləğində cərimə məbləği tutulmalıdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, QCM/Y05-005/25 saylı rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evinin likvid dəyəri 406000 manat manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən mütəxəssis rəyi əsas götürülərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,08ha torpaq sahəsində yerləşən 401,12 m2 sahədən ibarət 892B saylı bağ evinin ilkin satış qiyməti 406000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbi ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin, ödənilmiş 99 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 176270 manat əsas, 23616,26 manat faiz, 8813,5 manat cərimə olmaqla, cəmi 208699 (iki yüz səkkiz min altı yüz doxsan doqquz) manat 76 (yetmiş altı) qəpik pul vəsaiti, 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin, 99 (doxsan doqquz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik bank xidmət haqqının əvəzi tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,08ha torpaq sahəsində yerləşən 401,12 m2 sahədən ibarət 892B saylı bağ evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 406000 (dörd yüz altı min) manat müəyyən edilsin, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar