Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-149/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, restrukturizasiya, dəbbə pulunun azaldılması, qanuni faiz, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2875,06 manat əsas borc, 1716,11 manat faiz borcu, 4384,68 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 421,2 manat olmaqla ümumilikdə 9397,05 manat borcun və ödənilmiş 113,98 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 340/14-AYİB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. 340/14-AYİB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 53/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli əlavə saziş bağlanmışdır. Həmin əlavə saziş üzrə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7227,50 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. 340/14-AYİB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş bağlanmışdır. Həmin əlavə saziş üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 7041,43 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. 2.2. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********741 saylı xx.xx.2024-cü il tarixli məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 86 manat məbləğində ödəniş etmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bankın lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə cavabdehin kredit üzrə cəmi borcu 9397,05 manat təşkil edir. Bundan 2875,06 manat əsas, 1716,11 manat faiz, 4384,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 421,20 manat faiz borcu təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449, 739-cu və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2578/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmadığını hesab etdiyini, xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli ekspert rəyinə etiraz etmədiyini qeyd etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddiaçı (kreditor qismində) ilə Cavabdeh (borcalan qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, həmin müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir (1.1). Kreditor borcalana 10200 ABŞ dolları məbləğində kredit verir (2.1). Bu müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitləinin artırılması məqsədilə verilir (2.2). Kredit 18 ay müddətinə verilir (2.3). Kreditin istifadəsinə görə borcalan kreditora illik 28 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30,86 faiz təşkil edir (2.4). Güzəşt müddəti yoxdur (2.6).
12. Sözügedən müqaviləyə əlavə olan ödəniş qrafikindən görünür ki, kreditin ilk ödəmə tarixi xx.xx.2014-cü il, son ödəmə tarixi xx.xx.2016-cı il, kreditin məbləği 10200 ABŞ dolları, kreditin illik faiz dərəcəsi 28%, aylıq ödəniş 701 ABŞ dolları (sonuncu ay 695 ABŞ dolları), banka ödəniləcək ümumi faiz məbləği 2412 ABŞ dolları, ümumi məbləğ isə 12612 ABŞ dolları təşkil edir.
13. Məhkəməyə təqdim edilən xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə 10200 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən imza edilməklə qəbul edilmişdir.
14. xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 53/15-ƏS nömrəli əlavə sazişin şərtlərindən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7227,5 ABŞ dolları təşkil edir (1.1). Müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin olunur (1.2)
15. Həmin sazişə əlavə olan ödəniş qrafikindən görünür ki, qalıq məbləğin ilk ödəmə tarixi xx.xx.2015-ci il, son ödəmə tarixi xx.xx.2016-cı il, qalıq kreditin məbləği 7227,5 ABŞ dolları, kreditin illik faiz dərəcəsi 28%, aylıq ödəniş 519,91 ABŞ dolları (sonuncu ay 515,41 ABŞ dolları), banka ödəniləcək ümumi faiz məbləği 1606,47 ABŞ dolları, ümumi məbləğ isə 8833,97 ABŞ dolları təşkil edir.
16. xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə 03 aprel 2017ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 7041,43 AZN təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4507,62 AZN əsas borc, 1621,98 AZN faiz borcu və 911,82 AZN cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1 USD = 1,4 AZN məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 20 faiz təşkil edir (1.2). Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, kreditorun təşəbbüsü ilə X4 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X4 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir (1.6).
17. Həmin əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2017-ci il, son ödəniş tarixi xx.xx.2021-ci il, hər ay 137,17 manat (sonuncu ay isə 137,13 manat) olmaqla ümumilikdə 4507,62 manat əsas borc, 2076,5 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2578/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli ekspert rəyindən görünür ki, 03 aprel 2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) cavabdehin xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə əsas borc 2059,04 manat, faiz borcu 944,11 manat təşkil edir. Bundan başqa görünür ki, xx.xx.2017-ci il tarixli, 2 saylı Əlavə sazişin şərtlərinə əsasən 1621,98 manat faiz borcu və 911,82 manat cərimə borcu konvertasiya dövründə müəyyən edilmiş borcdur və həmin borc ayrıca hesabda dondurulur.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 10200 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 18 ay müddətinə, illik 28% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra adıçəkilən müqavilə üzrə xx.xx.2015-ci il tarixli 53/15-ƏS nömrəli əlavə saziş əsasında qalıq 7227,5 ABŞ dolları kredit məbləği xx.xx.2016-cı il tarixədək ödənilmək şərtilə illik 28 faizlə, daha sonra 03 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə saziş əsasında konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 7041,43 manat məbləğində qalıq borc xx.xx.2021-ci il tarixədək ödənilmək şərtilə illik 20 faizlə restrukturizasiya edilmişdir. Cavabdeh kredit məbləğini təşkil edən 10200 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
20. İddiaçı adıçəkilən kredit müqaviləsi və ona əlavə saziş üzrə 2875,06 manat əsas borc və 1716,11 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş edir.
21. Cavabdeh borcdan məlumatının olmadığını, xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli ekspert rəyinə etiraz etmədiyini bildirir
22. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
23. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
27. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
28. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
29. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.
30. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər. İddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, lakin xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli ekspert rəyinin nə üçün əsassız olması barədə formal mülahizələr irəli sürmüş, vəsatətini sadəcə iddia tələbi ilə xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli ekspert rəyi arasında ciddi fərq olduğu ilə əsaslandırmışdır. Məhkəmə vəsatət əsaslı olmadığından xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2578/2024 nömrəli qərardadla vəsatəti rədd etmişdir.
31. xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 03 aprel 2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) cavabdehin xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə əsas borcu 2059,04 manat, faiz borcu 944,11 manat təşkil edir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə borc məbləği xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq 2059,04 manat əsas borc, 944,11 manat faiz borcu kimi müəyyən edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə 2059,04 manat əsas borc, 944,11 manat faiz borcu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
34. İddiaçı xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 421,2 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
35. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).
36. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
37. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
38. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2024-cü il tarixədək (1053 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 297,01 (2059,04*5/100/365*1053) manat təşkil edir.
39. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 297,01 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
40. İddia ərizəsində iddiaçı 4384,68 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
41. xx.xx.2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişin 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 40% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı, sonuncu ödənişi (ekspert rəyinə əsasən) xx.xx.2020-ci il tarixdə etdiyi halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 100 manat Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı eləcə də 113,98 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 113,98 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 9/3614 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 127 manat pul iddiaçı LPO İddiaçı ASC-dən, 73 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2014cü il tarixli kredit müqaviləsi üzrə 2059,04 manat əsas borc, 944,11 manat faiz borcu, 100 manat cərimə, əsas borca illik 5% hesablanmaqla 297,01 manat olmaqla ümumilikdə 3400,16 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 127 manat pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 73 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
X3