Məhkəmə qərarları › İş №e-2-2(113)-1493/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1493/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1493/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKS 333/SİF-22 saylı kredit müqaviləsi üzrə banka olan 13 333.28 AZN əsas, 226.03 AZN faiz, 1 348.14 AZN cərimə borcu olmaqla, cəmi borcu 14 907.45 AZN borcun, 220 AZN məbləğində mediasiya rüsumunun və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfimizdən ödənilən 102 AZN (bir yüz iki manat) məbləğində rüsumun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha və 2.22 ha torpaq sahəsindən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlar yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsini, xx.xx.2022-ci il tarixli BKS 333/SİF-22 saylıkredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh2, zamin – Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKS 333/SİF-22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 5 % olmaqla 36 ay müddətinə 20 000 AZN (iyirmi min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2, İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2022-cü il tarixli 333/SİF-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 333/SİF-22saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha və 2.22 ha torpaq sahəsindən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən 2.34 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 15 000 (on beş min manat) məbləğində, 2.22 ha kənd təsərrüfatı təyinatli torpaqlar 15 000 (on beş min manat) məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli BKS 333/SİF-22 saylıkredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixə Banka 13 333.28 AZN (on üç min üç yüz otuz üç manat iyirmi səkkiz qəpik) əsas, 226.03 AZN (iki yüz iyirmi altı manat üç qəpik) faiz, 1 348.14 AZN (bir min üç yüz qırx səkkiz manat on dörd qəpik) cərimə borcu olmaqla, cəmi borcu 14 907.45 AZN (on dörd min doqquz yüz yeddi manat qırx beş qəpik) ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Q.Mahmudzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsində göstərilmiş əsas borcun tutulmasına etiraz etmədiyini, borcun bir neçə aydan sonra ödəniləcəyini bildirdi.

5. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsində göstərilmiş əsas borcun tutulmasına etiraz etmədiyini, borcun bir neçə aydan sonra ödəniləcəyini bildirdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKS 333/SİF-22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik faiz dərəcəsi 5 % olmaqla 36 ay müddətinə 20 000 manat məbləğində kredit verilmişdir.

9. Kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür.

10. Kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 5% olmaqla faiz ödəyir.

11. 04.08.2022-ci il tarixli kassa məxaric orderlərinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 15000 manat və 4950 manat vəsait ödənilmişdir.

12. Cavabdeh2 bank hesabından çıxarışa əsasən cavabdehlər tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.

13. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2, TuranBank ASC və Cavabdeh1 arasında xx.xx.2022-cü il tarixli 333/SİF-22 saylı zaminlik müqaviləsi bağlanmışdır.

14. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 333/SİF-22saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha və 2.22 ha torpaq sahələrindən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir.

15. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha və 2.22 ha torpaq sahəsindən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka predmeti kimi müəyyən olunmuşdur.

16. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən 2.34 ha kənd təsərrüfatı təyinatli torpaqlar 15 000 (on beş min manat) məbləğində, 2.22 ha kənd təsərrüfatı təyinatli torpaqlar 15 000 (on beş min manat) məbləğində qiymətləndirilmişdir.

17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 36000 manat, likvid qiyməti 30000 manat, 2.22 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 34000 manat, likvid qiyməti 28000 manat təşkil edir.

18. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

26. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

27. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

29. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

30. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

32. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022ci il tarixli BKS 333/SİF-22 saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən borcalana illik faiz dərəcəsi 5 % olmaqla 36 ay müddətinə 20 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha və 2.22 ha torpaq sahəsindən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-cü il tarixli 333/SİF-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

33. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

34. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış 13333,28 manat əsas borc, 226,03 manat faiz borcu əsas borclu və zamindən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

35. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 1348,14 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

36. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

37. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

39. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 600 manat müəyyən edilməlidir.

40. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

41. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ümumilikdə 14159,31 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətlərə uyğun müyyən edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ümumilikdə 14159,31 manat pul tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha və 2.22 ha torpaq sahəsindən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlara (ilkin satış qiyməti 30000 manat və 28000 manat olmaqla) yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 14159,31 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 220 manat mediasiyaya dair xərc, 102 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada xx.xx.2022-ci il tarixli BKS 333/SİF-22 saylı kredit müqaviləsi üzrə 13333,28 manat əsas borc, 226,03 manat faiz borcu, 600 manat cərimə borcu, 220 manat məbləğində mediasiyaya dair xərc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 102 manat məbləğində rüsum, ümumilikdə 14481,31 (on dörd min dörd yüz səksən bir manat otuz bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə - ilkin satış qiyməti 30000 (otuz min) manat, Cavabdeh2 məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 2.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə - ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat olmaqla yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 14481,31 (on dörd min dörd yüz səksən bir manat otuz bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar