Məhkəmə qərarları › İş №e-2-2(113)-1494/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1494/2023

12.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1494/2023 12.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi, çəkilmiş xərc, mediasiya xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8700 manat (çəkilmiş xərc 8850 manat və 150 manat azadolma məbləği) sığorta ödənişinin, 20 manat mediasiya xərcinin və 88.50 manat dövlət rüsumu xərcinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Neftçilər pr. 153 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus “Emporium man” mağazası "xxxx" ASC tərəfindən BB435904 saylı şəhadətnamə ilə icbari qaydada sığortalanmışdır. Sözügedən mağazanın vitrin şüşəsinin heç bir müdaxilə aşkar olunmadan naməlum səbəbdən sınması ilə bağlı xx.xx.2022-ci il tarixində ərizə ilə "xxxx" ASC-yə müraciət edilmiş, lakin "xxxx" ASCnin 1952/3 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə sözügedən hadisənin AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi olmadığı bildirilərək dəymiş ziyanın ödənilməsindən imtina edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 935.1-ci və “İcbari sığorta haqqında” Qanunun 21 və 36-cı maddələri göstərilmişdir.

4. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli etiraz ərizəsində qeyd olunmuşudur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Emporium” geyim mağazası “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin istifadəsində olan “Emporium” geyim mağazasının ön şüşəsi naməlum səbəbdən sınmışdır. Bununla bağlı İddiaçı MMC sığorta ödənişinin alınması üçün Cəmiyyətə xx.xx.2022-ci il tarixində müraciət etmiş lakin baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə ki, araşdırma hadisə anını qeydiyyata almış təhlükəsizlik kameralarının görüntüləri cəmiyyətin əməkdaşlarına təqdim edilmiş və sözügedən videogörüntülərdən məlum olmuşdur ki, zərər dəydiyi bildirilən predmet yəni, binanın ön şüşəsi heç bir kənar qüvvənin təsiri olmadan öz-özlüyündə sınmışdır. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvana baxış keçirilərkən “Emporium” mağazasının çölə baxan fasad şüşəsinin nəməlum şəraitdə sınması müəyyən edilmişdir. Əlavə olaraq iddiaçı və cavabdeh arasında bağlanan sığorta müqaviləsinin şərtlərinə eləcə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur. Lakin şüşənin öz-özünə sınması sığorta hadisəsi hesab edilmədiyinə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər.

5. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 bildirdi ki, İddiaçı MMC-yə məxsus “Emporium man” mağazası "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. Sözügedən mağazanın vitrin şüşəsi naməlum səbəbdən sınmışdır. Sınan şüşə iddiaçı tərəfindən başqa şüşə ilə artıq əvəz edilmişdir, binaya yeni şüşə qoyulmuşdur. Sınma səbəbini heç kim bilmir, müəyyən etmək də mümkün olmamışdır. Bununla bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Lakin "xxxx" ASC sözügedən hadisənin AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi olmadığını bildirərək dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. Sığorta ödənişindən imtinanın əsasları “İcbari sığorta haqqında” Qanunun 21-ci maddəsində və Mülki Məcəllənin 935.1-ci maddəsində göstərilmişdir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi hesab olunmadığı halların tam siyahısı “İcbari sığorta haqqında” Qanunun 36.3-cü maddəsində müəyyən edilmişdir. Odur ki, baş verən hadisə sığorta hadisəsi sayılmalı və sığorta ödənişi həyata keçirilməlidir. “Emporium man” mağazasının İddiaçı MMC-nin istifadəsində olmasına dair icarə müqaviləsi vardır. Sığortalanan əmlak üzərində mülkiyyət hüququnun “Pasha Construction”a məxsus olduğunu, sığorta ilə bağlı müqavilənin nüsxəsinin onlarda olmadığını, yalnız Sığorta şəhadətnaməsi verildiyini izahatında qeyd etdi. İzahatında onu da bildirdi ki, həmin daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış onlara verilməyib, hətta icarəyə verilən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair də sənədləri yoxdur. Sonda cavabdeh şirkətin sığorta ödənişinin verilməsindən imtina üçün əsaslarının olmadığından iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etmədiyini və izahatında sığorta şirkətinə Daşınmaz əmlakın sığortası müqaviləsi üzrə Emporium geyim mağazasının ön şüşəsinin naməlum səbəbdən sınması ilə bağlı məlumat daxil olduğunu bildirdi. Sığorta şirkətinin apardığı araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bu hadisə sığorta hadisəsi deyildir. Belə ki, araşdırma aparılan zaman AR Maliyyə Palatasının reyestrinə daxil olmuş müstəqil ekspert dəvət olunmuşdur. Müstəqil ekspert xx.xx.2022-ci il tarixli rəyində bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Səbayıl rayonu, Neftçilər pr.153 ünvanında yerləşən Emporium geyim mağazasında zərərə məruz qalmış predmet, yəni binanın ön şüşəsi heç bir kənar qüvvənin təsiri olmadan öz-özünə sınması sığorta hadisəsi sayıla bilməz. İddiaçının özü də etiraf edir ki, şüşə naməlum səbəbdən sınmışdır. Daşınmaz əmlakının icbari sığortası növü üzrə təqsirin olması əsas deyildir, baş vermiş hadisənin özü sığorta hadisəsi hesab edilməlidir. “İcbari sığortalar haqqında” AR Qanununun 36-cı maddəsində hansı hadisələrin sığorta hadisəsi olması göstərilmişdir və bu da müqavilənin şərti kimi əsasdır. Yəni ki, tərəflərindən məhz həmin hadisələrin baş verməsi nəticəsində dəymiş zərər ödənilir. Təqdim edilən və məhkəmə iclasında tərəflərin iştirakı ilə də baxılan videogörüntülərindən də müəyyən edilmişdir ki, şüşə öz-özünə sınır, bu da hadisənin sığorta hadisəsi sayılması üçün qanunda göstərilən kriteriyalara uyğun deyildir. Digər tərəfdən, sığorta şəhadətnaməsi ilə bağlı qeyd etdi ki, sığorta müqaviləsi bağlanan zaman əmlakın sənədləri olmadığından müqavilə natamam bağlanıb. Müqavilədə göstərilməyib ki, hansı predmet sığorta təminatını alır. İşdə olan şəhadətnamə əsasında hansı əmlakın sığortalanmasını dəqiqləşdirmək üçün sığorta agentinə müraciət ediblər, sığorta agenti sadəcə mağazanın sığortalandığını qeyd edib. Şəhadətnamədə əmlakın reyestr nömrəsi qeyd olunmadığı üçün hüquqi mövqey bildirə bilmir. Müqavilə bağlanarkən sığorta agenti daşınmaz əmlaka aid olan hüquqi sənədləri almamaqla səhvlik edib, həmin sənədləri tələb etməli idi və şəhadətnamədə sığortalanan daşınmaz əmlak dəqiq göstərilməli idi. Port Baku böyük ticarət obyektidir və müqavilədə göstərilməmişdir ki, daşınmaz əmlakın konkret hansı ərazisi sığortalanır. Odur ki, iddiaçının iddia qaldırmağa subyektiv hüququn olub-olmaması məsələsi də ortaya çıxır, lakin bu məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Əlavə olaraq bildirdi ki, daşınmaz əmlakın sığortalanmasını qəbul etsələr də belə, sığorta hadisəsi mövcud olmadığından iddia təmin oluna bilməz.

8. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

A) sığorta ödənişinin tutulması tələbi ilə bağlı

10. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanda “Port Bakı” Ticarət Mərkəzində yerləşən və Əlavə 1-də göstərilmiş obyektlər MMC-nin icarəsinə verilmişdir.

11. İş materiallarında olan BB435941 seriyalı Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinə əsasən sığortaçı qismində "xxxx" ASC, sığortalı kimi İddiaçı MMC qeyd olunmuş, daşınmaz əmlaka dair məlumatlar bölməsində isə yerləşdiyi ünvan kimi Nəsimi rayonu, Port Baku T/M, təyinat “Emporium Woman”, sığorta məbləği 65132 manat, sığorta haqqı 180 manat, azadolma məbləği 150 manat və müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə kimi göstərilmişdir.

12. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin xx.xx.2022-ci il tarixli, 086-14948M saylı arayışına əsasən ünvan 6 ünvanda yerləşən “Emporium” mağazasının olduğu ünvana baxış keçirilmiş və mağazanın çölə baxan fasad şüşəsinin naməlum şəraitdə sınmasının müəyyən edildiyi qeyd olunmuşdur.

13. Arti Groupun xx.xx.2022-ci il tarixli aktına əsasən İddiaçı MMC üçün görülmüş işlərin (1862x4040 ölçüdə olan şüşə) dəyəri 7500 manat qeyd olunmuşdur.

14. "xxxx" ASC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda mağazanın ön şüşəsinin naməlum səbəbdən sınması ilə bağlı araşdırma aparıldığı və zərərə məruz qaldığı bilinən predmet, yəni binanın ön şüşəsi heç bir kənar qüvvənin təsiri olmadan öz-özlüyündə sındığı qeyd olunmuşdur. Bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası MMin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən ödənişin verilməsindən imtina edilmişdir.

15. Azərbaycan Respublikası Maliyyə Palatasının reyestrinə daxil olmuş müstəqil ekspert X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 322 saylı qiymətləndirmə rəyində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən Emporium geyim Mağazasında zərərə məruz qalmış predmet, yəni binanın ön şüşəsi heç bir kənar qüvvənin təsiri olmadan öz-özünə sınmasının sığorta hadisəsi sayıla bilməyəcəyi qeyd olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir;

17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

18. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, Bakı şəhəri, Neftçilər pr. 153 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus “Emporium man” mağazası "xxxx" ASC tərəfindən BB435941 saylı şəhadətnamə ilə icbari qaydada sığortalanmış, iddiaçı mağazanın vitrin şüşəsinin heç bir müdaxilə aşkar olunmadan naməlum səbəbdən sındığını iddia edərək bununla bağlı xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin "xxxx" ASC-nin 1952/3 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə sözügedən hadisənin AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi olmadığını bildirərək dəymiş ziyanın ödənilməsindən imtina edildiyini və iddiaçı həmin imtinanı hal-hazırda məhkəmə qaydasında mübahisələndirmişdir.

19. Məhkəmə ilkin olaraq Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir.

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

21. Həmin Qanunun 8.1-2-ci maddəsinə əsasən bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır.

22. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 902.1-ci maddəsinə əsasən sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir: - 902.1.1. sığortaçının adı və ünvanı; - 902.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; - 902.1.3. sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; - 902.1.4. sığorta riskləri; - 902.1.5. sığorta məbləği; - 902.1.6. sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti; - 902.1.7. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi; - 902.1.8. sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs, sığorta agenti və sığorta brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; - 902.1.9. sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.

23. Məhkəmə tərəfindən iş materiallarında olan BB seriyalı 435941 nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinə baxış keçirilən zaman sığortalanan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın seriya və nömrəsi qrafasının boş olduğu, “təyinatı” adlı qrafasında isə sadəcə “Emporium Woman” qeyd olunduğu müəyyən olunmuşdur. Beləliklə, hansı daşınmaz əmlakın cavabdeh sığorta şirkəti tərəfindən sığortalanması halı işin araşdırılması zamanı müəyyən olunmamışdır. Sadəcə şəhadətnamədə əmlakın təyinatı yerində “Emporium Woman” əmtəə nişanı qeyd olunmaqla kifayətlənilmişdir. Həmçinin daşınmaz əmlaka dair məlumatlar bölməsində isə yerləşdiyi ünvan kimi Nəsimi rayonu, Port Baku T/M qeyd olunmuşdur. Port Baku T/M adından da aydın olduğu kimi iri bir ticarət mərkəzidir, orda bir neçə obyektlər fəaliyyət göstərir və həmin mərkəzin içində yerləşən hansısa obyektə dair iddiaçının icarə müqaviləsinin bağlamış olması, Sığorta Şəhadətnaməsi ilə hansı əmlakın sığortalandığına aydınlıq gətirmir. Məhkəmə araşdırılması zamanı nə iddiaçının, nə də cavabdehin nümayəndələri qeyd olunan sığorta şəhadətnaməsi ilə hansı daşınmaz əmlakın sığortalanmasına dair aydınlıq gətirə bilməmişlər. Cavabdeh sığorta şirkətinin nümayəndəsi isə qeyri-müəyyən çıxış edərək, həm sığorta şəhadətnaməsində daşınmaz əmlak göstərilmədiyi üçün iddiaçının bu cür iddia irəli sürməkdə subyektiv hüququnun olmamasını, həm də tərəflər arasında müqavilənin bağlanması nəzərdə tutulduqda sığorta hadisəsinin olmamasına istinad etmişdir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Mülki Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

26. Mülki Məcəlləni 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

27. Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

28. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

29. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

30. Məhkəmə sadalanan maddi hüquq normaların, həmçinin iş materialında olan sığorta şəhadətnaməsinin qarşılıqlı təhlili nəticəsində belə qənaətə gəlir ki, tərəflər arasında sığorta müqaviləsinin bağlanması üçün mühüm şərt barəsində (hansı daşınmaz əmlakın sığortalanması) tələb olunan formada razılığa gəlinmədiyi üçün tərəflər arasında müqavilə bağlanmış sayıla bilməz və iddiaçının istinad etdiyi şəhadətnamə üzrə hazırkı iddia üzrə tələb irəli sürmək hüququ yaranmamışdır.

31. Digər tərəfdən, hətta iddiaçının iddia etdiyi kimi, tərəflər arasında sığorta münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilmiş hesab edilmiş olsaydı belə, yenə də baş vermiş hadisə sığorta hadisəsi olmadığı üçün iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcüd deyil.

32. Baş vermiş hadisənin qiymətləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Azərbaycan Respublikası Mülki Məcəllənin:

34. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

35. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

36. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.

37. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.

38. 899.2-ci maddəsinə əsasən bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.

39. 899.3-cü maddəsinə əsasən bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır.

40. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

41. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

42. 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

43. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;

44. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. - 35.2. Bu fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. - 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: - 36.1.1. yanğın, ildırım düşməsi; - 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; - 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; - 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; - 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; - 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; - 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; - 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; - 36.1.9. üçüncü şəxslərin hərəkətləri. - 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir.

45. Sadalan maddi hüquq normalarından da göründüyü kimi daşınmaz əmlakla bağlı qanunvericilik hansı halların sığorta hadisəsi olmasını dəqiq müəyyən etmiş və bu hadisələrdən əlavə risklər üzrə sığorta təminatları üçün tərəflər arasında könüllü sığorta müqaviləsinin olmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçının fəaliyyət göstərdiyi daşınmaz əmlak obyektinin çöl fasad şüşəsinin naməlum səbəbdən sınması (həm iddiaçı, həm cavabdeh şüşənin səbəbsiz, məhz naməlum səbəbdən sınmasını qəbul edirlər) işin mübahisələndirilməyən halıdır. Lakin, bu cür “hal”/“hadisə” “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində sığorta hadisəsi kimi nəzərdə tutulmamışdır.

46. Bununla da məhkəmə qeyd olunan maddi hüquq nomalarını hazırkı işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının daşınmaz əmlak obyektinin çöl fasad şüşəsinin sınması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin təsiri dairəsinə düşmədiyindən, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməməsi əsası ilə cavabdehin sığorta ödənişin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Məhkəmə hesab edir ki, iddiçının tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcüd olmadığından, iddia rədd edilməlidir.

a. Məhkəmə xərcləri ilə bağlı

49. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

50. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

51. Nəticə:

II. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “8700 (səkkiz min yeddi yüz) manat (çəkilmiş xərc 8850 AZN və 150 AZN azadolma məbləği) sığorta ödənişinin, 20 manat mediasiya xərcinin və 88.50 manat dövlət rüsumu xərcinin tutulması” barədə iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar