Məhkəmə qərarları › İş №e-2-2(113)-1498/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1498/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1498/2022 28.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Akkord Nəqliyyat” MMC-nin hesabından 15990 manat əsas borc, hüquqi xidmətə görə vəkilə ödənilmiş 150 manat məbləğinin və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğin əvəzinin, ümimilikdə 16340 manat pulun cavabdehdən tutularaq iddiaçının "Accessbank” QSC Xırdalan filialında olan AZ10NABZ**********0000056944 saylı hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı - "İcraçı” ilə "Akkord Nəqliyyat” MMC - "Sifarişçi” arasında bağlanmış 018/07 saylı, 03 fevral 2018-ci il tarixli "Təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərmişdir. İşlərin qiyməti "Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasdında razılaşdırılmış, görülmüş işlər haqqında aktlarla "İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və "Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 07 aprel 2020-ci il tarixli, 24 iyun 2020-ci il tarixli, 04 avqust 2020-ci il tarixli, 15 avqust 2020-ci il tarixli, 27 avqust 2020ci il tarixli aktlara, müvafiq olaraq 015 saylı, 07 aprel 2020-ci il tarixli, 031 saylı, 24 iyun 2020-ci il tarixli, 035 saylı, 04 avqust 2020-ci il tarixli, 037 saylı, 15 avqust 2020-ci il tarixli, 039 saylı, 27 avqust 2020-ci il tarixli hesab-fakturalara və EBAİ seriyalı, 514909 nömrəli, 07 aprel 2020-ci il tarixli, EBAL seriyalı, 536448 nömrəli, 24 iyun 2020-ci il tarixli, EBAN seriyalı, 193860 nömrəli, 04 avqust 2020-ci il tarixli, EBAN seriyalı, 692654 nömrəli, 15 avqust 2020-ci il tarixli və EBAP seriyalı 215931 nömrəli, 27 avqust 2020-ci il tarixli elektron qaimələrə əsasən cəmi 27390 manat dəyərində iş görülmüş və təhvil verilnmişdir. Həmin borc məbləğinin 11400 manat hissəsi ödənilsə də, qalan 15990 manat ödənilməmiş hissəsi bu günə qədər dəfələrlə etdiyimiz müraciətlərimizə baxmayaraq cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı "Akkord Nəqliyyat” MMC-yə 19 avqust 2021-ci il tarixdə pretenziya qaydasında 018 saylı məktub və daha sonra mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına müraciət olunmuşdur. Lakin, buna baxmayaraq "Akkord Nəqliyyat” MMC borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. "Akkord Nəqliyyat” MMC-nin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən vəkillə müqavilə bağlanaraq 150 manat ödənilmiş, eyni zamanda mediasiya sessiyasında iştirak etmədiyi üçün mediatora 200 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübu tlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 018/07 saylı, 03 fevral 2018-ci il tarixli "Təmir xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən, Cavabdeh MMC - "sifarişçi" təmir xidmətlərinin göstərilməsini sifariş verib “icraçı”ya - İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. - 07 aprel 2020-ci il tarixli akta əsasən 15450 manat məbləğində, 24 iyun 2020-ci il tarixli akta əsasən 3330 manat məbləğində, 04 avqust 2020-ci il tarixli akta əsasən 2200 manat məbləğində, 15 avqust 2020-ci il tarixli akta əsasən 1650 manat məbləğində, 27 avqust 2020-ci il tarixli akta əsasən 4760 manat məbləğində, ümumilikdə 27390 manat məbləğində xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. - 07 aprel 2020-ci il tarixli 015 nömrəli hesab-fakturaya əsasən 15450 manat, 24 iyun 2020-ci il tarixli 031 nömrəli hesab-fakturaya əsasən 3330 manat, 04 avqust 2020-ci il tarixli 035 nömrəli hesab-fakturaya əsasən 2200 manat, 15 avqust 2020-ci il tarixli 037 nömrəli hesab-fakturaya əsasən 1650 manat, 27 avqust 2020-ci il tarixli 039 nömrəli hesab-fakturaya əsasən 4760 manat, ümumilikdə 27390 manat məbləğində cavabdehin borcu yaranmışdır. - 07 aprel 2020-ci il tarixli EBAİ seriyalı, 514909 saylı elektron qaiməyə əsasən 15450 manat, 24 iyun 2020-ci il tarixli, EBAL seriyalı, 536448 saylı elektron qaiməyə əsasən 3330 manat, 04 avqust 2020-ci il tarixli EBAN seriyalı, 193860 saylı elektron qaiməyə əsasən 2200 manat, 15 avqust 2020-ci il tarixli EBAN seriyalı, 692654 saylı elektron qaiməyə əsasən 1650 manat, 27 avqust 2020-ci il tarixli EBAP seriyalı, 215931 saylı elektron qaiməyə əsasən 4760 manat ümumilikdə 27390 manat məbləğində cavabdehin borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğlər təqdim olunmuş sübutlarla və elektron qaimələrlə təsdiqini tapdığından iddia ərizəsinin təmin olunması üçün əsaslar mövcuddur. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, 27390 manat dəyərində göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya 11400 manat məbləğində ödəniş olunmuş, 15990 manat məbləğində borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 15990 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 15990 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar