Məhkəmə qərarları › İş №e-2-2(113)-150/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-150/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-150/2022 25.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh X4 (Cavabdeh MMC-nin qanuni təmsilçisi) nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh MMC və qeyrilərinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh MMC-yə, Lütfi Ercan Günalpa və Hüseyin Büyükfırata qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən, Lütfi Ercan Günalp-dan və Hüseyin Büyükfıratdan xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə 200.000,00 (iki yüz min) manat, faizlər üzrə 37450,84 (otuz yeddi min dörd yüz əlli manat səksən dörd qəpik) manat, hesablanmış dəbbə pulu (penya) üzrə 8895,48 (səkkiz min səkkiz yüz doxsan beş manat qırx səkkiz qəpik) manat, ümumilikdə 246.346,32 (iki yüz qırx altmı min üç yüz qırx altı manat otuz iki qəpik) manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh MMC-dən, X5-dan və Hüseyin Büyükfıratdan iddiaçının xeyrinə tutulması, girov ilə yüklü edilmiş, Cavabdeh MMC-nin mülkiyyətində olan 1100/GM-02-16012020 saylı müqavilənin əlavəsində göstərilən əmlakların bazar dəyərinin müəyyən edilməsi, girov ilə yüklü edilmiş, Cavabdeh MMC-nin təsisçisi Lütfi Ercan Günalp-nın mülkiyyətində olan Cavabdeh MMC-dəki 100% payının bazar dəyəri müəyyən edilməsi, girov ilə yüklü edilmiş, Cavabdeh MMC-nin mülkiyyətində olan 1100/GM-02-16012020 saylı müqavilənin əlavəsində göstərilən əmlaklara və Cavabdeh MMC-nin təsisçisi Lütfi Ercan Günalp-nın mülkiyyətində olan Cavabdeh MMC-dəki 100% payına tutmanın yönəlməsi, girov predmetlərinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, qeyd olunan girov predmetlərin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsinin cavabdehlər Cavabdeh MMC-dən, X5-dan və Hüseyin Büyükfıratdan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nə 18 ay müddətinə AZN 200.000 məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsinə görə mülkiyyətində olan müqaviləyə əlavə edilən əmlak bank qarşısında girov ilə yüklü edilmişdir və bu yüklülük qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatdan keçirilmişdir. Əlavə olaraq, kredit öhdəliyinin təminatı olaraq, "xxxx" ASC ilə X5 və Hüseyin Büyükfırat arasında xx.xx.2020-ci il tarixdə 1100/ZM-01-16012020 və 1100/ZM-02- 16012020 saylı zaminlik müqavilələri bağlanmışdır. Əlavə olaraq, Azərbaycan Sənaye Bankı” ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 1100/GM-01-16012020 saylı girov müqaviləsinə görə, Cavabdeh MMC-nin təsisçi pay da bank qarşısında yüklü edilmişdir. "xxxx" MMC – nin, yuxarıda göstərilən müqavilələr üzrə xx.xx.2021-cı il tarixə, banka olan borcu, əsas borc üzrə 200.000 manat, faizlər 37450,84 manat, hesablanmış dəbbə pulu (penya) isə 8895,48 manat, ümumilikdə 246.346,32 manat təşkil edir. Həmin borcların ödənilməsi ilə əlaqədar Cəmiyyətə dəfələrlə müraciət edilsə də, borclar ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 (Cavabdeh MMC-nin qanuni təmsilçisi) nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək iddianın qismən, borcun ödənilməsi hissəsində qəbul etdiyini, tutmanın girov predmetlərinə yönəldilməsi hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Müstəqil tələb irəli sürməyən İİİ şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə3 izahat verərək tutmanın girov predmetlərinə yönəldilməsi hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx"ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-nə 18 ay müddətinə, 21,34 faizlə 200.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2020-ci il tarixdə Lütfi Ercan Günalp və Hüseyin Büyükfıratla zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa kreditin təminatı olaraq Bankla Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə girov müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavədə göstərilmiş daşınar əşyalar girovla yüklü edilmişdir. Həmçinin də xx.xx.2020-ci il tarixdə Bankla Lütfi Ercan Günalp arasında girov müqaviləsi bağlanmış və Lütfi Ercan Günalpın Cavabdeh MMC-dəki 100 faiz payı adıçəkilən kreditin təminatı olaraq girovla yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, ancaq iddiada tələb edilən məbləğ xx.xx.2021-ci il tarixinədək hesablanmış məbləğ təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Cavabdeh MMC-yə 200.000 manat məbləğində pul verilmişdir. Borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 37.450,84 manat borcu mövcuddur. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq və iş üzrə sübutları tətqiq edərək məhkəmə hesab edir ki, əsas borc üzrə 200.000 manat və ona hesablanmış 37.450,84 manat məbləğində faiz borcunun tələb edilməsi hissəsində iddia əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə borcunun tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, Cavabdeh MMC-nin 200.000 manat əsas borcuna münasibətdə tələb edilən 8.895,48 manat dəbbə pulu ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmçinin qeyd olunan normaların tələbləri baxımından da, iddianın borcun tutulmasının Lütfi Ercan Günalpın Cavabdeh MMC-dəki 100 faiz payına yönəldilməsi, onun açıq hərracda satılaraq kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi hissəsi də əsaslı olmaqla həmin hissədə də, iddia təmin edilməlidir. Məhkəmə Lütfi Ercan Günalpın Cavabdeh MMC-dəki 100 faiz payının satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirmir. Belə ki, Lütfi Ercan Günalpın Cavabdeh MMC-dəki 100 faiz payı satıldıqdan sonra əldə edilən vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır. Məhkəmə hesab edir ki, iddia kredit müqaviləsi üzrə borcun Bankla Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış girov müqaviləsi ilə müqaviləyə 1 saylı əlavədə göstərilmiş daşınar əşyalara yönəldilməsi hissəsində təmin edilə bilməz. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Həmin Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanunu xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Adı çəkilən Qanun öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir. Hazırki işdən görünür ki, Bank tərəfindən verilmiş kreditə görə Bankla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixdə girov müqaviləsi və müqaviləyə 1 saylı əlavə ilə daşınar əmlaklar (girov ilə yüklü edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı borcun ödənilməsinin təmin edilməsi üçün tutmanın girov predmeti olan əmlaklara yönəldilməsini və hərracdan satılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, girov predmetləri reyestrdə qeydə alınmalı olmayan daşınar əşya olduğundan onlara tutmanın yönəldilməsi və hərracdan satılması Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununda göstərilən qaydada həyata keçirilməlidir. Qanunun yuxarıda qeyd edilmiş 13.1.2-ci maddəsindən də göründüyü kimi, girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı xüsusi qayda müəyyən edilmişdir. Qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi (hazırki halda Bank) yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək tutma yönəldə bilər. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə əsasən yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Məhkəmə qeyd edir ki, Bank yüklülük predmetinin onun sahibliyinə verilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməli olduğu halda, borcun ödənilməsi üçün tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən edilməlidir. Ekspertiza xərcinin əvəzi olaraq 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh MMC, X5-dan və Hüseyin Büyükfıratdan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM- 01-16012020 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 37.450,84 manat, dəbbə borcu üzrə 8.895,48 manat, ümumilikdə 246.346 (iki yüz qırx altmı min üç yüz qırx altı) manat, 32 (otuz iki) qəpik məbləğində pul Cavabdeh MMC, X5dan və Hüseyin Büyükfıratdan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM- 01-16012020 saylı kredit müqaviləsi üzrə tutma Lütfi Ercan Günalpın Cavabdeh MMC-dəki 100% payına yönəldilsin. Lütfi Ercan Günalpın Cavabdeh MMC-dəki 100% payı açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilsin. Dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul Cavabdeh MMC, X5-dan və Hüseyin Büyükfıratdan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh MMC, X5-dan və Hüseyin Büyükfıratdan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar