Məhkəmə qərarları › İş №e-2-2(113)-1500/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1500/2020

04.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1500/2020 04.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 Cavabdeh3 ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 Cavabdeh3 ASC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 70 ünvanında yerləşən kommersiya obyektinə "Cavabdeh3" ASC tərəfindən əsassız hesablanmış su borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nizami rayonu, Qara Qarayev 70 unvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşən kommersiya obyekti iddiaçının istifadəsindədir. 2018-ci ilin əvvəlində su sayğacının kart oxuyucusu işləmədiyinə görə Nizami rayon su idarəsinə müraciət etdikdən sonra Cavabdeh3 ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, su sayğacı sökülərək laboratoriyaya göndərilmişdir. Smart su sayğacının alt və üst plombları yerində idi. Təxminən 1 həftə sonra iddiaçı su idarəsinə dəvət edilmiş və 71 manat ödəməklə sayğacın quraşdırılıb təhvil veriləcəyi deyilmişdir. İddiaçı tərəfindən pul ödənildikdən sonra sayğac quraşdırılmışdır. O gündən bu günədək sayğac işlək vəziyyətdədir. Sentyabr ayının ortaları Cavabdeh3 ASC-nin əməkdaşları obyektə yaxınlaşıb bildirdilər ki, 9 ay bundan qabaq dəyişdirilən sayğacda müdaxilə olunduğundan cərimə tətbiq olunmuşdur. xx xxxxxx 2019-cu ildə müraciətə alınmış xx.xx.2019-cu il tarixli, 03/02-3/1/680 saylı cavab məktubunda 1519.20 manat borcun olduğu bildirilmişdir. İddiaçı tərəfindən heç bir müdaxilə olunmamış və Cavabdeh3 ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və heç bir qanun pozuntusu və ya müdaxilə olunmadığı təqdirdə sayğac Cavabdeh3 ASC-nin nümayəndələri tərəfindən sökülərək laboratoriyaya aparılmış, daha sonra sayğac quraşdırılmışdır. Plomblar sayğacın üzərində olmuşdur. Hesab edir ki, əgər bu borc həqiqətən vardısa yeni sayğac quraşdırılmadan öncə bildirilməli və yuxarıda qeyd olunan qaydada ölçü götürülməli idi. Su sayğacına heç bir müdaxilə edilmədiyi halda 1519.20 manat borcun hesablanması əsassızdır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, mübahisəyə baxılanadək ünvan 2 ünvanında yerləşən kommersiya obyektinə verilən suyun verilməsinin bərpa edilməsi və smart su kartına yüklənmiş məbləğdən tutulmaların dayandırılmasının Cavabdeh3 ASC-yə həvalə edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1500/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 70 ünvanında yerləşən Cavabdeh1 məxsus kommersiya obyektinə suyun verilməsinin bərpa edilməsi vəzifəsi Cavabdeh3 ASC-nin üzərinə qoyulmuş və smart su kartına yüklənən məbləğdən borca görə tutulmaların aparılması cavabdehə qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 Cavabdeh3 ASC-yə qarşı borcun silinməsi tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 823 kub.m. su sərfiyyatına görə 1519,20 manat məbləğində borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında 01.11 2002-ci il tarixində, 19059117 nömrəli su təchizatı və kanalizasiya xidməti barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir. İşə əlavə edilmiş Cavabdeh3 ASC tərəfindən tərtib edilmiş ******* Nq-İİ xx xxxxxx 2017-ci il tarixli iş əmrindən görünür ki, həmin əmr yerində müayinə xarakterli daşımaqla Cavabdeh1 ünvan 4 ünvanında yerləşən kommersiya obyektinin su təchizatına baxışla əlaqədar olaraq tərtib edilmişdir. Belə ki, həmin iş əmri əsasında verilmiş rəy yalnız aşkar olunan halları əks etdirir. Bundan əlavə iddiaçı iddia ərizəsində sayğaca müdaxilə etməməsini iddia etsə də, heç bir sübutla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası “Su təhcizatı və tullantı suları haqqında” Qanunun 49 və 50-ci maddələrinə əsasən təhcizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi L.Seyidəliyeva iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazda yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış su sayğacına müdaxilə edilmişdir. “X4”nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq aparılır. Smart kart tipli sayğacın diametri 15-dir. 1 kub üçün saatda su sərfiyyatı 0.61 kub, saat 5, iş günlərin sayı 30, bunları birbirinə vurduqda 91,5 edir. 91,5-i 9-a vurduqda 823,5 edir. 1 kub.m. su sərfiyyatının dəyəri su və kanalizasiya ilə birlikdə 2 manatdan hesablanır. Borc məbləği düzgün hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Smart-kart tipli su sayğacının dəyişdirilməsi barədə məlumatın surətindən görünür ki, xx.xx.2017-ci il tarixə ünvan 5 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsində olan su sayğacının kart oxuyucusu işləmədiyinə görə dəyişdirilmiş, plomblanıb abonentə təhvil verilmişdir. Cavabdeh3 ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X1”nın verdiyi xx xxxxxx 2017-ci il tarixli, **********235 saylı rəyin surətindən görünür ki, su sayğacına müdaxilə olunmuş, sayğac təmirə və istismara yararsızdır. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh3 ASC Nizami rayon Sukanal İdarəsinin əməkdaşları İman Həsənov, Hikmət Fərzəlizadə və Mahmud Qəniyev tərəfindən 041493 saylı üzləşmə aktı tərtib edilmiş, aktda Cavabdeh1 1518,40 manat məbləğində borcunun olduğu göstərilmişdir. Lakin həmin akt iddiaçı Cavabdeh1 tərəfindən imzalanmamışdır. Abonent haqqında məlumatın surətindən görünür ki, Cavabdeh1 borcu 1519,20 manat təşkil edir. Cavabdeh3 ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/02- 3/1/680 saylı məktubun surətindən görünür ki, Laboratoriyanın xx.xx.2017-ci il tarixli, 79586/0030235 saylı rəyinə əsasən sayğacda müdaxilə aşkar olunduğundan, həmçinin təmirə və istismara yararsız olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 6.15-ci bəndinə əsasən 823 kub.m. əlavə sərfiyyat hesablanmışdır. Yaranmış 1519,20 manat borcun ödənilməsi tövsiyə edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2017-ci ildə Cavabdeh3 ASC-nin əməkdaşları tərəfindən Cavabdeh1 istifadəsində olan ünvan 4 ünvanında yerləşən kommersiya obyektində quraşdırılmış su sayğacına baxış keçirilmiş və su sayğacının kart oxuyucusu işləmədiyinə görə sayğac dəyişdirilmişdir. Cavabdeh3 ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X1”nın verdiyi xx xxxxxx 2017-ci il tarixli, **********235 saylı rəylə obyektdən çıxarılmış sayğaca müdaxilə edildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntuya görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 6.15-ci bəndinə əsasən 823 kub.m. əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə qeyri-yaşayış sahəsinin daxilində yerləşən su sayğacına müdaxilə edilməsinin laboratoriyanın rəyi ilə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh3 ASC yol verilmiş pozuntuya görə abunəçiyə əlavə sərfiyyat hesablamaqda haqlı olmuşdur. Digər tərəfdən hesablanmış əlavə sərfiyyatın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə halı aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini həmin Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyənləşdirir və hesablaşma aparır. Həmin qaydaların 4 nömrəli əlavəsinə əsasən kommersiya təşkilatlarında sayğaca müdaxilə halında diametri 15 mm olan borular üçün saatlıq su sərfi 0,61 m3, iş saatları 5, iş günləri 30 olmaqla, sərf edilmiş suyun həcmi bir aylıq müddət üçün 92 m3 həcmində müəyyən edilməlidir. Beləliklə, cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi hazırkı işdə iddiaçıya sayğaca müdaxiləyə görə əlavə sərfiyyat “X4”nın 4 nömrəsində nəzərdə tutulmuş qaydada 9 aylıq müddət üçün (92m3x9m3) 823 m3 həcmində hesablanmışdır. Halbuki “X4”nın 6.15-ci bəndindən göründüyü kimi əlavə sərfiyyat sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün müəyyənləşdirilməli idi. Belə olan halda məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarında qeyd etdikləri kimi su sayğacına hər ay cavabdehin əməkdaşları tərəfindən baxış keçirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh1 sayğaca müdaxiləyə görə əlavə sərfiyyat bir aylıq müddət üçün hesablanmalı və “X4”na əsasən 92 m3 həcmində müəyyən edilməlidir. Həmin sərfiyyata görə borc 184 manat (içməli suya görə 92 m3x1=92 manat, çirkab suya görə 92 m3x1= 92 manat) məbləğində hesablanmalıdır. Artıq hesablanmış 1335,2 manat məbləğində borc isə silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh3 ASC tərəfindən iddiaçı Cavabdeh1 hesablanmış 1335,2 manat məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh3 ASC-dən tutularaq ilkin iddia üzrə Cavabdeh1 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar