Məhkəmə qərarları › İş №e-2-2(113)-1513/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1513/2021

29.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1513/2021 29.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 78.451,79 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 11/342 olan Cavabdeh MTK X1 etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 78.451,79 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 78.451,79 manat məbləğində borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin Cavabdeh MTKnın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi kimi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra Cavabdeh MTK qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş, Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 13.09.32021-ci il tarixdə iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 80.904,72 (səksən min doqquz yüz dörd manat yetmiş iki qəpik) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MTKdan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Q.Məlikov məhkəmədə verdiyi izahatında Cavabdeh MTKnın sayğacları texniki şərtə əməl olunaraq quraşdırıldığını, sayğacların balans sərhədində, yəni kabel xəttlərinin ucunda alçaq gərginlik hissəsində quraşdırıldığını, buna görə də hər hansı bir enerji itkisinin abonentə yazılmasının mümkün olmadığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış 24.01.2020-ci il tarixli 11/2339 saylı Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilənin: 8-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 10-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır. 12-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünüün 01-dək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. -27 aprel 2021-ci il tarixli 01-317/21 tarixli maliyyə arayışından görünür ki, Səbail rayonu 11/2339 abonent kodu altında fəaliyyət göstərən "xxxx" MTK-nın X1 etməsi nəticəsində 2016-cı il tarixdən hazırki günədək 80.420,96 (səksən min dörd yüz iyirmi manat doxsan altı qəpik) manat məbləğində Cəmiyyət qarşısında borcu var. -İstifadə edilmiş X1yə dair arayışdan görünür ki, 31 iyul 2021-ci il tarixinə abonent Cavabdeh MTK-nın "xxxx" ASC-yə qalıq borcu 80.904,72 manat təşkil edir. -Abunə haqqında məlumatlardan görünür ki, abonent Cavabdeh MTK-nın 27 sentyavr 2021-ci il tarixə "xxxx" ASC-yə borcu 81.257,64 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin hazırkı ərizəsində ödənilməsini tələb etdiyi 80.904,72 manat borc məbləği Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.14-ci bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Cavabdeh MTK-nın nümayəndəsinin iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iddiaya etirazına əsas kimi istinad etdiyi - borcun düzgün hesablanmaması, o cümlədən texnoloji itkilərin cavabdehə yüklənməsi barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh sözügedən dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşin yuxarıda göstərilən hallarından və istinad edilən qanunvericilik normalarından da göründüyü kimi iddiaçı "xxxx" ASC Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 80.904,72 manat məbləğində borcun ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia ərizəsi təmin edilməli, Cavabdeh MTK-dan 80.904,72 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan 80.904,72 manat (səksən min doqquz yüz dörd manat yetmiş iki qəpik) məbləğində X1yə görə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar