Məhkəmə qərarları › İş №e-2-2(113)-1513/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1513/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1513/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi (əri) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ödənilmiş 4900 (dörd min doqquz yüz) manat məbləğin, həmin qeyri yaşayış sahəsinə çəkilən 6000 (altı min) manat xərclərin, ümumilikdə isə 10900 (on min doqquz yüz) manat məbləğin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin mart ayının ortalarında Cavabdeh ilə “daşınmaz əmlakın kirayəyə verilməsi haqqında” şifahi olaraq icarə müqaviləsi bağlanmışdır. Razılaşaşdırılmış şifahi müqaviləyə əsasən Cavabdeh ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X8 78 V ünvanında yerləşən qeyri yaşayış sahəsini İddiaçı aylığı 700 (yeddi yüz) manat dəyərində icarəyə vermişdir. (aylıq ödəniş qəbzləri hər biri qoşmaya əlavə edilir). Bu günə qədər ödənilmiş aylıq ödənişlərdən əlavə həmin qeyri yaşayış sahəsinə görə 2024-cü ilin dekabr ayının əvvəllərində 1 ayı 700 manat olmaqla öncədən 7 ayın ödənişini yəni, 4900 (dörd min doqquz yüz) manat məbləği şahid Nicat, Məhəbbət adlı şəxslərin yanında əlbə-əl şəkildə Cavabdeh həyat yoldaşı kimi tanıdığım Mahir adlı şəxsə vermişdir. Həmin 4900 (dörd min doqquz yüz) manat məbləği Mahir adlı şəxsə əlbə-əl verdikdən bir neçə gün sonra Mahir adlı şəxs icarəyə götürdüy qeyri yaşayış sahəsini hazırda ona ən qısa zamanda geri təhvil verməyini bildirir. Həmin Mahir adlı şəxsə şahidlərin yanında əlbə-əl ödədiyi 4900 (dörd min doqquz yüz) manat məbləğində pulu geri qaytarmır. Yuxarıda qeyd olunanlardan da açıq aşkar görünür ki, Cavabdeh və həyat yoldaşı kimi tanıdığı Mahir adlı şəxs öncədən qarşılıqlı şifahi olaraq razılaşdırılmış şərtləri kobud şəkildə pozmuş, həmin qeyri yaşayış sahəsinə görə bundan sonrakı 6 aya görə ona ödəniş etdiyi halda yazılı müqavilənin olmadığına arxalanaraq məcburi qaydada həmin icarəyə götürdüyü qeyri yaşayış sahəsindən iddiaçını çıxardır və yazılı müqavilənin olmadığına arxalanaraq ona şahidlərin yanında bundan sonrakı 6 aya görə ödədiyim 4900 (dörd min doqquz yüz) manat məbləği geri qaytarmayacağını bildirir. Beləliklə, Cavabdeh və Mahir adlı şəxs AR Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən aramızda bağlanmış şifahi müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh razılaşdırılmış əqdin şərtlərini birtərəfli olaraq pozmuş və iddiaçını xeyli ziyana salmışdır. İddiaçı həmin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə bundan sonrakı 6 ay üçün ödədiyi 4900 (dörd min doqquz yüz) manat məbləğdən əlavə həmin qeyri yaşayış sahəsinin pəncərəsinin ölçülərinə uyğun pərdələr, qeyri yaşayış sahəsinin ölçülərinə uyğun 2 ədəd divan, 1 ədəd həmin ölçülərə uyğun reklam tablosu, ümumilikdə həmin qeyri yaşayış sahəsinin ölçülərinə uyğun 6000 (altı min) manatlıq əşyalar və reklam tablosu alınmışdır. Mahir adlı şəxslə sözügedən qeyri yaşayış sahəsinə görə razılaşaraq şifahi əqdin müddətini 3 illik müəyyənləşdirdiyi halda və 2024-cü ili dekabr ayının əvvəllərində həmin qeyri yaşayış sahəsinə görə bundan sonrakı 6 ay üçün 4900 (dörd min doqquz yüz) manat məbləği ödədiyi halda, bundan başqa həmin qeyri yaşayış sahəsinin ölçülərinə uyğun 6000 (altı min) manatlıq əşyalar və reklam tablosu alındığı halda Mahir bunların heç birinə məhəl qoymayaraq hazırda təkidlə mənim həmin qeyri yaşayış sahəsindən çıxmağımı hər gün tələb edir.

3. İddiaçı Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, İddiaçı əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X8 prospekti 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsini boşaldaraq təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 78V ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. İddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində əsassız fikirlər qeyd edir. Halbuki heç bir əlbəəl ödəniş olmamışdır. Bundan başqa həmin qeyri-yaşayış sahəsinə heç bir təmir xərcləri çəkilməmişdir. İddiaçı hazırda heç bir əsas olmadan qanunsuz olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən nəqliyyat vasitələrinin icarəsi ilə əlaqədar şirkət fəaliyyət göstərir. Nəqliyyat vasitələrinin icarəsi ilə əlaqədar polisə edilmiş şikayətlər əsasında həyat yoldaşı X4 yerli polis bölməsinə çağırılaraq izahatı alınmışdır. İddiaçıdan qeyri-yaşayış sahəsini tərk etmək tələb edilən zaman isə vaxt uzatmaq niyyəti ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bütün bunlardan göründüyü kimi iddia ərizəsi əsassızdır. Bundan başqa iddiaçıdan qeyri-yaşayış sahəsindən çıxması təklif edilməsinə baxmayaraq qeyri-yaşayış sahəsi boşaldılmır. İddiaçının hərəkətləri xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılması xarakter daşıyır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında İddiaçı ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2024-cü ilin mart ayından cavabdehə məxsus olan sahə onun sahiblik və istifadəsindədir, həmin sahənin istifadəsində olduğu müddət ərzində hər ay köçürmə yolu ilə icarə haqqı ödəmişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən gələcəkdə həmin sahə ilə bağlı yazılı icarə müqaviləsi bağlanacaqdı. Cavabdeh tərəf 2024-cü ilin dekabr ayında ondan növbəti 7 ayın icarə haqqı olan 4900 manat pulun dərhal ödənilməsini tələb etmiş, o da həmin vəsaiti dekabr ayında (gününü xatırlamır) qeyri-yaşayış sahəsində nağd şəkildə M.Xanlarova (cavabdehin əri) vermişdir. Lakin həmin vəsait ödənildikdən bir neçə gün sonra həmin şəxs ona polisin onu çağırıb izahat aldığını bildirib, bu səbəbdən sahəni boşaltmalı olmasını tələb etmişdir. Lakin həmin 4900 manat pulu, çəkilmiş xərcləri ona geri vermədiyi üçün sahəni təhvil verməmişdir. Hal-hazırda da sahə faktiki onun sahibliyində olsa da, cavabdeh ora işığın verilməsini dayandırdığı üçün sahədən təyinatı üzrə istifadə edə bilmir. İlk iddiası təmin edildiyi təqdirdə qarşılıqlı iddianın da təmin edilməsinə etiraz etmir. Sahəyə tərəfindən mebel və pərdə alınmış, su borusunda yaranmış nasazlıq təmir edilmişdir. Bundan əlavə, cavabdehin təqdim etdiyi vatsap yazışmalarında olan nömrələr ona məxsus olsa da, o, cavabdeh tərəfin noyabr ayında yazdığı xəbərdarlığı görməmiş, oxumamışdır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Xanlarov qarşılıqlı iddia ərizəsini müdafiə edib qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2024-cü ilin mart ayından cavabdehə məxsus olan sahə iddiaçının sahiblik və istifadəsindədir, həmin sahənin onların razılığı ilə iddiaçının istifadəsində olduğu 7 ay müddət ərzində hər ay köçürmə yolu ilə iddiaçı icarə haqqı ödəmişdir. Lakin cavabdeh tərəf iddiaçıdan 2024-cü ilin noyabr ayında sahəni bir ay sonra tərk etməsini tələb etmiş, növbəti aydan icarə haqqı ödənilməməsi barədə xəbərdalıq etmişdir. İddiaçının göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, ona 2024-cü ilin dekabr ayında iddiaçı 4900 manat pul ödəməmişdir. İddiaçı 2024-cü ilin dekabr ayında sahənin boşaldılmalı olmasını bilirdi. Belə ki, o, bu barədə 2024-cü ilin noyabr ayında iddiaçıya vatsap proqramında xəbərdarlıq yazmış, sahəni bir ay sonra tərk etməsini, növbəti aydan icarə haqqı ödəməməsini tələb etmişdir. Tərəflər arasında yazılı icarə müqaviləsi mövcud deyildir, buna baxmayaraq iddiaçı sahəni boşaltmaqdan imtina edir. Sahədə hər hansı təmir işləri görülməmişdir, mebel, pərdə isə ayrılıb sahədən aparıla bilər.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışa (qeydiyyat tarixi xx.xx.2013, qeydiyyat nömrəsi **********) əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir.

11. Məhkəmə ilk növbədə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir.

12. Belə ki, tərəflərin izahatlarından, habelə işin araşdırılan hallarından məlum olmuşdur ki, cavabdehin xüsusi mülkiyyətində olan sahə hər hansı yazılı müqavilə (icarə və sairə) olmadan iddiaçının sahiblik və istifadəsinə verilmiş, sahə hazırda da iddiaçının istifadəsindədir.

13. Qarşılıqlı iddiaçı tərəflər arasında hər hansı müqavilə olmadığı üçün sahənin geri qaytarılması tələbi ilə bağlı iddiaçıya müraciət etsə də, tələbi təmin edilməmiş, sahə boşaldılaraq ilk iddiaçıya təhvil verilməmişdir.

14. Məhkəmə hesab edir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ilk iddiaçının hər hansı əmlak hüququ (icarə, istifadə və sairə) olmadığı üçün qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. İlk iddia ərizəsi iki hissədən ibarətdir: 1. 4900 manat nağd qaydada ödənilmiş vəsaitin geri qaytarılması; 2. Aparılmış yaxşılaşdırmaların əvəzi qismində 6000 manat vəsaitin ödənilməsi.

17. Məhkəmə ilk iddia ərizəsinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə şifahi qaydada razılıq əldə olunmuşdur. Sahə 2024-cü ilin mart ayında iddiaçının sahiblik və istifadəsinə verilmiş, bunun müqabilində 2024-cü ilin aprel ayından noyabr ayına qədər hər ay 700 manat olmaqla ümumilikdə 4900 manat iddiaçı tərəfindən cavabdehə vəsait ödənilmişdir.

19. İddiaçı iddia ərizəsində cavabdehin tələbi əsasında ona sahədən istifadə ilə bağlı 7 ayın icarə haqqı qismində avans olaraq 2024-cü ilin dekabr ayında 4900 manat nağd qaydada vəsait ödənildiyini göstərib hazırda həmin vəsaitin geri qaytarılmasını tələb edir.

20. Cavabdeh bu hissədə iddia ərizəsinə etirazında ona həmin məbləğin ödənilmədiyini bildirir.

21. İddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə biləcək sübut qismində yalnız şahid ifadələri təqdim etmişdir.

22. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, İddiaçı cəmi bir dəfə görmüş, Ələkbərov Əntiqə və Ələkbərov Mahiri isə tanımır. İcarəyə maşın götürmək üçün ofisə getmişdi. “Tiktok” sosial platformasından ünvanı görmüşdü. Qələbə dairəsinin yaxınlığında yerləşir. Orada bir nəfər ilə danışmışdır. Həmin vaxt İddiaçı, Mahir (cavabdehin əri), iddiaçının atası ofisin icarəsi ilə bağlı öz aralarında danışırdılar, onların 7 ay üçün icarə qismində 4900 manat verməli olduğunu eşitmişdir. İddiaçı deyilən pulu sayaraq Mahir adlı şəxsə vermişdir. O avtomobili həmin günü iddiaçıdan günlük icarəyə götürmüş və ona etibarnamə verilmişdir. Söhbət edəndə icarə haqqı barədə danışdıqlarını eşitmişdir. Həmin pul verilərkən başqa müştərilər də var idi. Ofisə gələnə qədər orada olan şəxsləri başqa yerdə görməmişdir.

23. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçını “rent a car” mərkəzindən tanıyır, ilk dəfə orada görmüşdür. Maşını icarəyə götürmək üçün ofisə (Yasamal rayonu, Qələbə dairəsinnin yaxınlığı) yaxınlaşmışdır. Təxminən 2024-cü ilin dekabr ayının əvvəli olardı, tarixi dəqiq xatırlamır. Dəqiq tarix yadında deyil, təxminən 12-1 arası günorta vaxtı idi. Bir günlük maşını icarəyə götürmüşdür. Bununla bağlı etibarnamə, yol vərəqəsi vermişdilər. Ofisdə ondan başqa gözləyən iki nəfər şahid də var idi. Bir də ağsaqqal bir nəfər var idi. Onlar icarə haqqı ilə bağlı danışırdı. Faiq müəllimdən 7 ayın icarə haqqı olan 4900 manat pulu əvvəldən tələb edəndə, Faiq müəllim də pulu sayıb verdi. O içəri daxil olanda artıq danışıq başlamışdı. İddiaçı pulları 100 manatlıq əskinazlarla verdi. İddiaçının pulu saydığını görməsə də, ancaq eşitmişdir ki, 4900 manat ümumi məbləğ verildi. Zalda əyləşən şəxsə (şahid Ələkbərov Mahiri göstərir) iddiaçı pulu vermişdir.

24. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, onlayn olaraq işləyir, maşınları icarə götürməklə bağlı müştəriləri A.Faiqə yönlədirir. Əntiqə xanımı tanımır. İddiaçı ofisi Qələbə dairəsindən sağa döndükdə orada yerləşir. Dekabrın ilk beş günlüyü olardı, orada tanıdığı müştəri üçün getmiş, maşını götürüb müştəriyə təhvil verməli idi. Günorta radələri idi, saatı və günü xatırlamır. Ofisdə Faiq, yaşlı kişi, ofisi icarəyə verən şəxs var idi (şahid Ələkbərov Mahiri göstərir). Orada danışıqlardan Mahirin icarəyə obyekti verdiyini bilmişdir. 7 ay üçün 700 manatdan 4900 manatı Faiq müəllim sayıb Mahirə vermişdir. Gecikən icarə pulu olduğunu bilmir, sadəcə icarə haqqından söhbət getdiyini başa düşmüşdür. Ona deyilmişdir ki, “əyləş, gözlə icarə haqqını verim, gəlirəm”. Həmin gün ayın neçəsi olduğunu xatırlamır. Həmin gündən əvvəl 3-4 dəfə orada olmuşdur.

25. İddiaçı başqa sübut təqdim edə bilməmişdir.

26. Məhkəmə iddiaçının təqdim etdiyi şahid ifadələrini mötəbər sübut qismində qəbul etmir.

27. Belə ki, şahidlər ifadələrində iddiaçının cavabdehin nümayəndəsi olan M.Xanlarova nağd qaydada 4900 manat pul verilməsinin şahidi olduqlarını bildirsələr də, lakin nə şahidlər, nə də iddiaçı tərəfin özü həmin pulun verilməsinin tarixini xatırlamadıqlarını bildirmiş, şahidlərin tərəfləri ümumiyyətlə daha əvvəl tanımadıqları müəyyən edilmişdir.

28. Məhkəmə tərəfindən iddiaçıya şahidlərin ifadələrinin mötəbərliyinin yoxlanılması məqsədilə onlarla pulun verilməsi iddia edilən gün bağlanmış icarə müqavilələrinin, habelə şahidlərə verilmiş etibarnamələrin nüsxələrinin təqdim edilməsi təklif edilsə də, iddiaçı üzərindən uzun müddət keçdiyi üçün həmin sənədlərin saxlanmadığını və bu səbəbdən təqdim edə bilməyəcəyini bildirmişdir.

29. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

30. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

31. Bundan əlavə, cavabdeh tərəfin təqdim etdiyi, məhkəmə iclasında tədqiq edilmiş vatsap yazışmalarından müəyyən edilmişdir ki, cavabdeh 2024-cü ilin noyabr və dekabr ayında qeyri-yaşayış sahəsinin boşaldılmasını, növbəti aydan (2024-cü ilin dekabr ayı üzrə) icarə haqqının ödənilməməsini iddiaçıdan tələb etmişdir.

32. İddiaçı həmin xəbərdarlıqları oxumadığını bildirsə də, vatsap proqramında həmin xəbərdarlığın bir neçə dəqiqə sonra iddiaçı tərəfin oxuduğu, habelə həmin xəbərdarlıqlardan sonra tərəflər arasında telefon danışıqlarının olması müəyyən edilmiş, iddiaçı həmin xəbərdarlıqlar edildiyi halda, hansı səbəbdən cavabdehə pul ödədiyini ağlabatan şəkildə izah edə bilməmişdir.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

34. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

35. Məhkəmə ilk iddia ərizəsini ikinci hissədə də əsassız hesab edir.

36. Belə ki, iddiaçı iddia ərizəsində tərəfindən cavabdehə məxsus sahədə dəyəri 6000 manat təşkil edən yaxşılaşdırma işlərinin aparıldığını göstərmişdir.

37. İddiaçı iddia ərizəsində həmin xərclərin icarə obyekti üçün mebellərin və pərdələrin alınması, reklam yerləşdirilməsi, su sisteminin təmir edilməsinə sərf edildiyini göstərmişdir.

38. Məhkəmə, qeyri-yaşayış sahəsində quraşdırılmış mebellərin, pərdələrin və reklam lövhəsinin özünün deyil, onlara çəkilmiş xərclərin cavabdehdən tutulması barədə iddiaçının tələbi ilə razılaşmır.

39. Belə ki, məhkəmə araşdırması zamanı, habelə tərəflərin nümayəndələrinin izahatlarının məzmunundan həmin əşyaların onlara zərər yetirilmədən qeyri-yaşayış sahəsindən ayrılmasının mümkün olması öz təsdiqini tapmışdır.

40. İddiaçı su sisteminin tərəfindən təmirinə xərc çəkildiyini bildirsə də, ümumiyyətlə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

41. Beləliklə, Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən aparılmış yaxşılaşdırmalar, öz xüsusiyyətinə görə ayrıla bilən olduğu, yəni iddiaçı onları icarə obyektinə zərər vurmadan oradan apara biləcəyi üçün iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, çəkilmiş məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan qeyriyaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsın. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar