Məhkəmə qərarları › İş №e-2-2(113)-1515/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1515/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1515/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 41.957,97 manat borcun, vəkilə ödənilmiş 500 AZN xidmət haqqı və dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 215,87AZN olmaqla, ümumilikdə 42.725,99 manat məbləğində borcun Cavabdeh MMC-dən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı” və ya “İcarəyə verən” adlandırıla bilər) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh” və ya “İcarəçi” adlandırıla bilər) arasında ünvan 1 ünvanında yerləşən “Baku Palace” adlanan yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 171 kv.m. olan 50 nömrəli mənzilin kirayəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 7010/50 saylı kirayə müqaviləsi, eyni zamanda həmin binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171 kv.m. olan 69 saylı mənzilin kirayəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli Əlavə 1/1, həmin binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 171 kv.m. olan 47 saylı mənzilin kirayəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli Əlavə 1/2 imzalanmışdır. İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 7010/50 saylı kirayə müqaviləsinə Əlavə 1 üzrə 50 nömrəli mənzilə dair cavabdeh xx.xx.2022 – xx.xx.2023-cü il dövrü üçün aylıq 2880 AZN icarə haqqı, 200 AZN xidmət haqqı və 2880 AZN zəmanət depoziti ödəməli idi. Göstərilən məbləğlərə ƏDV daxil deyil. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli Əlavə 1/1 üzrə 69 nömrəli mənzilə dair cavabdeh xx.xx.2022 – xx.xx.2023-cü il dövrü üçün aylıq 2880 AZN icarə haqqı, 200 AZN xidmət haqqı və 2880 AZN zəmanət depoziti ödəməli idi. Göstərilən məbləğlərə ƏDV daxil deyil. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli Əlavə 1/2 üzrə 47 nömrəli mənzilə dair cavabdeh xx.xx.2022 – xx.xx.2023-cü il dövrü üçün aylıq 2880 AZN icarə haqqı, 200 AZN xidmət haqqı və 2880 AZN zəmanət depoziti ödəməli idi. Göstərilən məbləğlərə ƏDV daxil deyil. Əlavə olaraq cavabdeh kirayə müqaviləsi üzrə 47 saylı mənzili xx.xx.2023-cü il tarixində, 69 saylı mənzili isə xx.xx.2023- cü il tarixində iddiaçıya heç bir qabaqcadan xəbərdarlıq etmədən tərk etmişdir. Odur ki, kirayə müqaviləsi birtəfəli ləğv edilmiş hesab olunur. Cavabdehin 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək sözügedən kirayə müqaviləsinə görə 47 və 69 saylı mənzillərə münasibətdə kirayə haqqı olaraq ƏDV daxil 41.128,81 AZN, kommunal xidmətlər üzrə əsas qalıq borc 829,16 AZN olmaqla, ümumilikdə 41.957,97 AZN (qırx bir min doqquz yüz əlli yeddi manat, 97 qəpik) məbləğində İddiaçı MMCyə əsas borcu qalmışdır. Cavabdeh 47 və 69 saylı mənzilləri müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində heç bir xəbərdarlıq etmədən və ya təhvil-təslim aktı imzalamadan tərk etmişdir. Odur ki, icarə müqavilələri xx.xx.2023-cü il tarixindən ləğv edilmiş hesab edilmişdir. Borc məbləği ilə bağlı cavabdehə bir neçə dəfə yazılı qaydada pretenziya məktubları göndərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində poçt vasitəsilə, habelə xx.xx.2024cü il tarixində e-məhkəmə portalı vasitəsilə və cavabdehə məxsus Elektron ünvan email ünvanına pretenziya məktubları göndərilmişdir. Lakin bu günə qədər cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir geri dönüş edilməmiş və ödənişlə bağlı addım atılmamışdır. Cavabdehin Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq portalında şəxsi kabineti olmadığı üçün onlayn kargüzarlıqdan pretenziya məktubunun təqdim edilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçı öz hüquqlarını müdafiə etmək üçün vəkil ilə müqavilə bağlamış və göstərilən xidmətlər qarşılığında 500 AZN məbləğində haqq ödəmişdir (qəbz əlavə olunur).

3. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC-nin iddia tələbi təmin edilərək, 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-may ayları üzrə, 47 saylı mənzil üzrə kommunal xərclər üzrə 375,47 AZN, 69 saylı mənzil üzrə kommunal xərclər üzrə 453,69 AZN, olmaqla ümumi kommunal xərclər üzrə 829,16 AZN borcun, həmin dövr üzrə 47 saylı mənzilə görə icarə və xidmət haqqı üzrə 21806,40 AZN, 69 saylı mənzilə görə icarə və xidmət haqqı üzrə 19322,41 AZN, olmaqla ümumilikdə icarə və xidmət haqqı üzrə 41128,81 AZN borcun, vəkilə ödənilmiş 500 AZN xidmət haqqı və dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 215,87 AZN olmaqla, toplam 42725,99 AZN məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.20215-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüquqları "xxxx" MMC-nin adına hüquqi qeydiyyata alınmışdır.

10. xx.xx.2022-ci il tarixli yaşayış binasının icarəsi və idarəedilməsi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə icarəyə verilmişdir (müqavilədə subicarə müqavilələrin bağlanması hüququ nəzərdə tutulmuşdur).

11. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 7010/50 saylı kirayə müqaviləsinə əsasən:

12. Müqavilənin 1.1-ci bəndinə əsasən Kirayəyə verən bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən mənzili əşyaları və avadanlıqları ilə birlikdə (“Əmlak") yalnız yaşayış sahəsi qismində Kirayəçinin (işçiləri və ya aidiyyəti şəxslərinin) istifadəsinə verir. Kirayəçi isə bunun müqabilində həmin əlavədə müəyyən edilmiş kirayə haqqını Kirayəyə verənə ödəyir.

13. Müqavilənin 1.2-ci bəndinə əsasən kirayəyə verən bu Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan və Əmlakla əlaqəli olan xidmətlərin (“Xidmətlər”) göstərilməsini təmin edəcək.

14. Müqavilənin 1.3-cü bəndinə əsasən kirayəçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavədə göstərilən Əmlakdan istifadə qaydaları və digər şərtləri qəbul etməsinə və onlara əməl edilməsinə dair öhdəlik götürür.

15. Müqavilənin 2.1-ci bəndinə əsasən kirayəçi tərəfindən birinci ay üzrə kirayə haqqı və bütün öhdəliklərinin yerinə yetirilməsi üçün 1 saylı Əlavədə göstərilən məbləğdə zəmanət depoziti bu Müqavilənin rəsmiləşdirilməsindən sonrakı 5 (beş) iş günü ərizndə ödəniləcəkdir. Növbəti aylar üzrə kirayə haqqı isə aid olduğu ayın 5 (beş) iş günündən gec olmayaraq ödəniləcəkdir.

16. Müqavilənin 2.3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödənilməli olan kirayə haqqı və digər ödənişlər kirayəyə verənin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

17. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin ləğvi Kirayəçini Müqavilə üzrə yaranmış öhdəliklərindən icrasından azad etmir. Kirayəçi ləğv tarixinə qədər hesablanmış kirayə və ya xidmət haqqını, yaxud sayğac göstəricilərinə əsasən kommunal xidmətlərin haqqını və ya hər hansı digər ödənişləri Kirayə verənə ödəməlidir.

18. xx.xx.2022-ci il tarixli, 7010/50 saylı kirayə müqaviləsinə 1 saylı əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən 171 kv.m. sahədən ibarətə 50 saylı mənzil Cavabdeh MMC tərəfindən kirayəyə götürülmüşdür (kirayə haqqı 2880 manat, xidmət haqqı – 200 manat).

19. xx.xx.2022-ci il tarixli, 7010/50 saylı kirayə müqaviləsinə 2 saylı əlavəyə əsasən:

20. Əlavənin 4-cü bəndinə əsasən kirayəçinin əlavə hüquq və öhdəlikləri:

21. A- Kirayə, xidmət haqqını və sayğac göstəricilərinə əsasən kommunal xidmətlərdən istifadə haqqını bu kirayə müqaviləsinin şərtlərinə müvafiq qaydada 5 (beş) iş günü ərzində ödəmək;

22. B- Xidmət haqqına daxil edilməyən beynəlxalq telefon zəngləri üçün digər məbləğləri ödəmək;

23. -C Bu Müqavilə başa çatana və ya ləğv edilənə qədər olan dövr ərzində, ümumiliklə tətbiq olunan sanitar və sağlamlığın qorunması standartlarına riayət edilməsi də daxil olmaqla Əmlakı yaxşı vəziyyətdə saxlamaq;

24. D- Binadakı digər istifadəçi və kirayəçilərə narahatlıq yaratmamaq, mane olmamaq, təhlükə törətməmək, Əmlakdan hər hansı əxlaqsız və ya qeyri-qanuni məqsədlər üçün istifadə etməmək, hər hansı qanun yaxud qaydaları pozmamaq, Əmlakda və ya onun ətrafına hər hansı zibil atmamaq və ərazini çirkləndirməmək;

25. E- 1 saylı Əlavədə sadalanan İnventar Aktı imzalandıqdan 72 saat sonra hər hansı əşyanın işləməməsi, avadanlığın hər hansı hissəsindəki konstruktiv çatışmazlıq və ya fors major hallar istisna olmaqla, təmir korlanması xərclərini ödəmək;

26. F- Kirayəçi, onun işçi və ya nümayəndələrinin hərəkətləri, yaxud hərəkətsizlikləri nəticəsində əmlaka və ya Binanın digər istifadəçi, yaxud kirayəçilərinə məxsus əşyalara vurulan hər hansı ziyan, o cümlədən, lakin yalnız deyilənlər ilə məhdudlaşmadan, Kirayəçinin nəzarətində olan su və ya rabitə təchizatı qurğularının istifadəsi zamanı səhlənkarlıq, yaxud istifadə qaydalarının pozulması nəticəsində vurulan hər hansı ziyan ilə əlaqədar təmir xərclərini ödəmək;

27. G- Yanğın, yaxud su basma hadisəsi və ya hər hansı digər hadisə Kirayəçi, onun işçi, yaxud nümayəndələrinin səhlənkarlığı nəticəsində baş verərsə, əmlakı ağlabatan müddət ərzində həmin yanğın, yaxud su basma hadisəsi və ya hər hansı digər hadisəyə qədərki vəziyyətə gətirmək üçün xərcləri ödəmək;

28. xx.xx.2022-ci il tarixli, 7010/50 saylı kirayə müqaviləsinə 1/1 saylı əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən 171 kv.m. sahədən ibarətə 69 saylı mənzil Cavabdeh MMC tərəfindən kirayəyə götürülmüşdür (kirayə haqqı 2880 manat, xidmət haqqı – 200 manat).

29. xx.xx.2022-ci il tarixli, 7010/50 saylı kirayə müqaviləsinə 1/2 saylı əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən 171 kv.m. sahədən ibarətə 47 saylı mənzil Cavabdeh MMC tərəfindən kirayəyə götürülmüşdür (kirayə haqqı 2880 manat, xidmət haqqı – 200 manat).

30. İşdə olan qeydiyyat kartlarından göründüyü kimi “Baku Palace” yaşayış binasında yerləşən 47, 50 və 69 saylı mənzillər müxtəlif vaxtlarda xarici vətəndaşalara kirayəyə verilmişdir.

31. 47 saylı mənzil üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən aylıq kommunal xərcələrə dair məlumata əsasən enerji sərfiyyatı üzrə 5.06 manat, sudan istifadəyə görə 0 maat və telefondan istifadəyə görə 5.93 manat məbləğində, 50 saylı mənzil üzrə cəmi 107.58 manat məbləğində və 69 saylı mənzil üzrə aylıq cəmi 23.19 manat məbləğində, xx.xx.2022xx.xx.2022-ci illər üzrə 47 saylı mənzilə dair 282,27 manat, 50 saylı mənzil dair 373,64 manat və 69 saylı mənzilə dair 302,04 manat məbləğində, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 47 saylı mənzilə dair 308,89 manat, 50 saylı mənzil dair 301,69 manat və 69 saylı mənzilə dair 256,15 manat məbləğində, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 47 saylı mənzilə dair 164,31 manat, 50 saylı mənzil dair 171,78 manat və 69 saylı mənzilə dair 143,34 manat məbləğində, xx.xx.2022xx.xx.2022-ci illər üzrə 47 saylı mənzilə dair 19,93 manat, 50 saylı mənzil dair 65,75 manat və 69 saylı mənzilə dair 90,27 manat məbləğində, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 47 saylı mənzilə dair 19,93 manat, 50 saylı mənzil dair 47,71 manat və 69 saylı mənzilə dair 128,25 manat məbləğində və xx.xx.2023-xx.xx.2023-cü illər üzrə 47 saylı mənzilə dair 23,93 manat və 69 saylı mənzilə dair 114,88 manat məbləğində ödənişlər edilmişdir.

32. İddiaçı tərəfindən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024 xx.xx.2024-cü illəri əhatə edən elektron-qaimə faktura, o cümlədən xx.xx.2024-cü il tarixi üzrə kirayə və xidmət haqları üzrə satış invoysları tərtib edilərək cavabdehə göndərilmişdir.

33. 05.03.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 7010/50 saylı kirayə müqaviləsinə, həmin müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavə 1/1-ə və xx.xx.2022-ci il tarixli Əlavə 1/2-ə əsasən “Baku Palace” yaşayış binasında yerləşən 47, 50 və 69 saylı mənzillərə görə kirayə haqqı, xidmət haqqı və kommunal xidmətlər üzrə haqqlar daxil olmaqla, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumilikdə ƏDV daxil 53,080.27 AZN məbləğində vəsait ödənilmişdir. Hal-hazırda qeyd edilən müqavilə və ona əlavələr üzrə Cavabdeh MMC-nin 47 saylı mənzilə münasibətdə ƏDV daxil 375,47 AZN məbləğində kommunal xidmətlərə görə, ƏDV daxil 21806,40 AZN məbləğində icarə və xidmət haqqına görə olmaqla, ümumilikdə ƏDV daxil 22181,87 AZN borcu, 69 saylı mənzilə münasibətdə ƏDV daxil 453,69 AZN məbləğində kommunal xidmətlərə görə, ƏDV daxil 19322,41 AZN məbləğində icarə və xidmət haqqına görə olmaqla, ümumilikdə ƏDV daxil 19776,10 AZN borcu mövcuddur. Kirayə haqqı, xidmət haqqı və kommunal xidmətlər üzrə haqqlar daxil olmaqla ümumilikdə borc ƏDV daxil 41,957.97 AZN təşkil edir.

34. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

35. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Belə ki, işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.20215-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüquqları "xxxx" MMC-nin adına hüquqi qeydiyyata alınmış və iddiaçının icarəsinə verilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 7010/50 saylı kirayə müqaviləsinin 1.1-ci bəndinə əsasən Kirayəyə verən bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən mənzili əşyaları və avadanlıqları ilə birlikdə (“Əmlak") yalnız yaşayış sahəsi qismində Kirayəçinin (işçiləri və ya aidiyyəti şəxslərinin) istifadəsinə verir. Kirayəçi isə bunun müqabilində həmin əlavədə müəyyən edilmiş kirayə haqqını Kirayəyə verənə ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən kirayəyə verən bu Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan və Əmlakla əlaqəli olan xidmətlərin (“Xidmətlər”) göstərilməsini təmin edəcək.

38. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı, qeyri-yaşayış sahələri cavabdehin istifadəsində olmuş, cavabdeh öhdəliklərini tam yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə borcu yaranmışdır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

40. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

41. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

42. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

43. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

44. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

45. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

46. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Qeyd olunanlardan və işdə olan hesabdan çıxarışdan da göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur.

48. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyindən, icarə müqaviləsi üzrə iddiaçıya 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-may ayları üzrə 47 saylı mənzil üzrə kommunal xərclərə görə 375,47 manat, 69 saylı mənzil üzrə kommunal xərclərə görə 453,69 manat, olmaqla ümumi kommunal xərclər üzrə 829,16 manat borcun, həmin dövr üzrə 47 saylı mənzilə görə icarə və xidmət haqqı üzrə 21806,40 manat, 69 saylı mənzilə görə icarə və xidmət haqqı üzrə 19322,41 manat, olmaqla ümumilikdə icarə və xidmət haqqı üzrə 41.128,81 manat borcu tutularaq iddiaçıya ödənilməlidir.

49. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 215,87 manat məbləğində dövlət rüsumu və 500 manat vəkil xərci ödənilmişdir.

50. Azərbaycan Respublikası MPM-in:

51. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

52. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

53. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

55. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 215,87 manat məbləğində pul vəsaiti və vəkil xərcinin əvəzi olaraq 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-may ayları üzrə 47 saylı mənzil üzrə kommunal xərclərə görə 375,47 manat, 69 saylı mənzil üzrə kommunal xərclərə görə 453,69 manat, olmaqla ümumi kommunal xərclər üzrə 829,16 manat borcun, həmin dövr üzrə 47 saylı mənzilə görə icarə və xidmət haqqı üzrə 21806,40 manat, 69 saylı mənzilə görə icarə və xidmət haqqı üzrə 19322,41 manat, olmaqla ümumilikdə icarə və xidmət haqqı üzrə 41.128,81 manat borcun, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 215,87 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar