Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1516/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış borcun silinməsi, borcun ödənilməsi, borcun mövcudluğu iddianın zəruri şərti kimi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan MQKS, Şirvan, Bağçılıq ünvanında yerləşən müəssisəyə görə hesablanmış 189 357,94 manat sərfiyyat üzrə, 2020 – 2024-cü il tarixlərində hesablanmış aktlar üzrə 168 605,06 manat borcun silinməsi və ödənilmiş 648 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Azəriqaz abonentidir (abonent kodu: **********00000) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisədə xx.xx.2024-cü il tarixdən bu günədək istifadə olunan qazın hesabatı “G-650” markalı 83051997 nömrəli qaz sayğacı vasitəsilə aparılmışdır. İddiaçı fəaliyyətə başladığı müddətdən 2020-ci ilin sentyabr ayınadək Salyan RQİİ-nin ərazisində fəaliyyət göstərən bütün iri həcmli müəssisələr kimi aylar üzrə istifadə olunan qazın həcmi orta hesabla 3,6-3,8 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 3,6-3,8 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Bu da qaz xəttində təxminən 2,6-2,8 atmosfer təzyiq olduğu deməkdir. 2.2. Lakin cavabdeh qaz sayğacını əvəzlədikdən sonra quşçuluqda hər hansı bir güc artımı, quşçuluğun həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda, qaz sayğacı birdən-birə sərfiyyatı 8-11-25-37-131 kimi ağlasığmaz əmsallarla hesablamağa başlamışdır. Qaz sayğacının 8-11-25-37-131 əmsallarla hesabat apardığı illərdə qaz xəttində cavabdehin verə biləcəyi maksimal təzyiq, yəni 3 atmosfer təzyiq olsa idi belə, 2020-ci il sentyabr və oktyabr aylarında qaz sayğacının mexaniki hissəsindən keçən qazın həcmi 0 m3 (həmin dövrdə faktiki hesablanıb 158418 m3), 2020-ci il noyabr ayı üçün 4832 m3 (həmin dövrdə faktiki hesablanıb 45396 m3), 2021-ci il yanvar ayı üçün 76064 m3 (həmin dövrdə faktiki hesablanıb 152903 m3), 2021-ci il aprel ayı üçün 44112 m3 (həmin dövrdə faktiki hesablanıb 125841 m3), 2021-ci il may ayı üçün 75624 m3 (həmin dövrdə faktiki hesablanıb 80408 m3), 2022-ci il üçün ******* m3 (həmin dövrdə faktiki hesablanıb ******* m3), 2023-cü il yanvar ayı üçün 101048 m3 (həmin dövrdə faktiki hesablanıb 216348 m3), 2023-cü il mart ayı üçün 75208 m3 (həmin dövrdə faktiki hesablanıb 118344 m3), 2023-cü il iyun ayı üçün 3084 m3 (həmin dövrdə faktiki hesablanıb 139951 m3), 2023-cü il iyul ayı üçün 34848 m3 (həmin dövrdə faktiki hesablanıb 100428 m3), 2023-cü il avqust ayı üçün 70632 m3 (həmin dövrdə faktiki hesablanıb 74431 m3), 2023-ci il oktyabr ayı üçün 114532 m3 (həmin dövrdə faktiki hesablanıb 148315 m3), 2023-cü il dekabr ayı üçün 335564 m3 (həmin dövrdə faktiki hesablanıb 451911 m3), 2024-cü il fevral, mart, aprel, may ayları üçün 527940 m3 (həmin dövrdə faktiki hesablanıb 812843 m3), 2024-cü il iyul ayı üçün 22064 m3 (həmin dövrdə faktiki hesablanıb 227845 m3), 2024-cü il oktyabr ayı üçün 105652 m3 (həmin dövrdə faktiki hesablanıb 109548 m3) hesabat aparılmalı idi. 2.3. Beləliklə, ümumilikdə məntiqlə qaz sayğacı qeyd olunan dövr ərzində təxminən 2 700 008 kub, yəni 594 002 manat hesabat aparmalı olduğu halda, 951 938 manat (357936 manat çox) hesabat aparmışdır. Hesablama qaz xəttində verilə biləcək maksimal təzyiqlə (3 atmosfer) aparılmışdır, lakin qeyd olunan dövrlərdə quşçuluğa verilən faktiki təzyiq heç 3 atmosfer olmamışdır. 2.4. İddiaçıya məxsus müəssisədə sənaye tipli elektron qaz sayğacı vasitəsilə qazdan istifadə olunmuşdur. Sənaye tipli elektron qaz sayğacları iki hissədə ibarət olur, mexaniki və elektron hissələr. Mexaniki hissədən keçən qazın sərfi impuls ötürücü vasitəsilə elektron hissəyə ötürülür. Qaz sayğacının korrektoru avtomatik olaraq sayğaca verilən qazın təzyiq və temperaturunu ölçür və standartın tələblərinə əsasən korrektorda mexaniki hissədən keçən qazın həcminə temperatur (+/-16 selsi) və təzyiqə görə korreksiya əmsalı tətbiq olunur. Məsələn xətdə 3 atmosfer təzyiq olarsa, sayğac (temperatur fərqindən asılı olaraq) mexaniki hissədən keçən qazı təxminən 4 əmsala vuracaq, sənaye tipli elektron qaz sayğaclarında təzyiqdən asılı olaraq əmsal maksimum 5,25-dən çox olmur. Hacıqabul rayonu Aran zonasında yerləşir və qış mövsümü sərt keçmir. Bunun üçün qaz sayğaclarına maksimal təzyiq verilməsi, qaz avadanlıqlarının maksimal gücdə işləməsinə zərurət olmur. Qeyd olunanlardan müəyyən olunur ki, cavabdeh tərəfindən 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək iddiaçıya məxsus quşçuluğa **********00000 nömrəli abonent kodu üzrə 357 936 pul məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. Qaz sayğacları ilə bağlı məlumat olmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərinin böyük hissəsi ödənilmişdir. Cavabdehin nümayəndələri quşçuluqda quraşdırılan qaz sayğacının qaz sərfiyyatını artıq qeydə almasını bildikləri halda, heç bir məlumat verməmişdir. Çünki sayğacın artıq sərfiyyat hesablaması cavabdehin maraqlarına xidmət göstərir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya qarşı hesablanmış qaz sərfiyyatına görə ümumilikdə 357 936 manat pul məbləğində əsassız borcun silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 8, 13-cü və s. maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və s. bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ının 5-ci bəndinə istinad edilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin birinci hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaçının mübahisələndirdiyi borcu ödədiyini bildirdi.
7. Tərəflərə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı qaz sayğacının mexaniki hissəsindən keçən qazın həcminin 2020-ci il sentyabr və oktyabr aylarında 0 m3 olduğu halda, 158418 m3, 2020-ci il noyabr ayı üçün 4832 m3 olduğu halda, 45396 m3, 2021-ci il yanvar ayı üçün 76064 m3 olduğu halda, 152903 m3, 2021-ci il aprel ayı üçün 44112 m3 olduğu halda, 125841 m3, 2021-ci il may ayı üçün 75624 m3 olduğu halda, 80408 m3, 2022-ci il üçün ******* m3 olduğu halda, ******* m3, 2023-cü il yanvar ayı üçün 101048 m3 olduğu halda, 216348 m3, 2023-cü il mart ayı üçün 75208 m3 olduğu halda, 118344 m3, 2023-cü il iyun ayı üçün 3084 m3 olduğu halda, 139951 m3, 2023-cü il iyul ayı üçün 34848 m3 olduğu halda, 100428 m3, 2023-cü il avqust ayı üçün 70632 m3 olduğu halda, 74431 m3, 2023-ci il oktyabr ayı üçün 114532 m3 olduğu halda, 148315 m3, 2023-cü il dekabr ayı üçün 335564 m3 olduğu halda, 451911 m3, 2024-cü il fevral, mart, aprel, may ayları üçün 527940 m3 olduğu halda, 812843 m3, 2024-cü il iyul ayı üçün 22064 m3 olduğu halda, 227845 m3, 2024-cü il oktyabr ayı üçün 105652 m3 olduğu halda, 109548 m3 sərfiyyat hesablandığını, nəticədə 2020-ci ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayınadək (həmin ay da daxil olmaqla) 357 936 manat artıq haqq tələb edildiyini bildirir. İddiaçının **********00000 saylı abonent kodu üzrə abonentin saldosundan xx.xx.2025-ci il tarixə olan çıxarışdan görünür ki, iddiaçının cavabdehə 40321,31 manat borcu mövcuddur və həmin borc 2025-ci ilin 2-ci və 3-cü ayı üzrə hesablanmışdır. Başqa sözlə, iddiaçı hazırda mübahisələndirdiyi borcu tam olaraq ödəmişdir.
12. İddiaçı cavabdeh tərəfindən yanlış əmsallar tətbiq edilməsi nəticəsində 357 936 manat məbləğində borcun hesablandığını bildirir və həmin borcun silinməsini tələb edir.
13. Cavabdeh iddiaçının mübahisələndirdiyi məbləği ödədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Hazırda iddiaçının tələbini borcun silinməsi təşkil edir. Bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür. Başqa sözlə, iddiaçı tərəfindən qanunsuz hesab edilən 2020-ci ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayınadək (həmin ay da daxil olmaqla) hesablanmış 357 936 manat borc ödənildiyindən mövcud olmayan borcun silinməsi mümkün deyildir. Belə olan halda, prosessual qənaət prinsipinə müvafiq olaraq 357 936 manat məbləğində borcun qanuniliyinin qiymətləndirilməsi, ümumiyyətlə, cavabdehin hərəkətinə hüquqi qiymət verilməsinə zərurət də aradan qalxmış olur.
16. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, müqavilə münasibətlərində öhdəlikdən kənar ödəniş etdiyini bildirdən tərəf Mülki Məcəllənin 439.4-cü maddəsinə müvafiq olaraq öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Bu mənada 357 936 manat dəyərində sərfiyyatın qanuniliyi məhz həmin tələb üzrə icraatda araşdırıla bilər.
17. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırda iddianın faktiki əsasına müvafiq olan borc mövcud olmadığından iddiaçı "xxxx" MMC-nin Cavabdeh İByə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. b) Məhkəmə xərcləri ilə bağlı
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova