Məhkəmə qərarları › İş №e-2-2(113)-1517/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1517/2024

02.07.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1517/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi, icarə müqaviləsinin dəyişdirilməsi, icarə haqqı borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi, dəyişdirilməsi, borcun silinməsi) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin dəyişdirilməsi, icarə haqqı borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.3cü bəndi dəyişdirilərək, icarə haqqının tikintiyə başlanıldığı vaxtdan hesablanmasının müəyyən edilməsi, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MTK-ya xx.xx.2020-ci ildən hesablanmış 114671 manat icarə haqqı borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 735-ci məhəllədə yerləşən sahəsi 5629 kv.m. olan torpaq sahəsi yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya 49 il müddətinə icarəyə verilmişdir. 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.4-cü bəndinə uyğun olaraq, hər il üçün icarə haqqı 31612,46 manat müəyyən edilmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən isə icarə haqqı xx.xx.2020-ci ildən hesablanır. COVİD-19 pandemiyası ilə bağlı AR Nazirlər Kabinetinin xx.xx.2020-ci qərarı ilə xüsusi karantin rejimi elan olunmuş, insanların hərəkəti, biznes fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Bununla bağlı hazırda İddiaçı MTK-ya icarəyə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisinə başlanılmamışdır. 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndində göstərilmiş fors-major halı baş vermiş və bunun nəticəsində bu müddət ərzində ərazidə tikinti işlərini həyata keçirmək mümkün olmamışdır. Buna baxmayaraq, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MTK-ya xx.xx.2020-ci ildən 114671 manat icarə haqqı hesablanmışdır. Bununla bağlı, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə pretenziya göndərərək, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci ildən hesablanmış 114671 manat icarə haqqlarının silinməsini, icarə haqqının tikintiyə başladıqdan sonra hesablanmasını və bununla bağlı icarə müqaviləsinin 7.3.-cü bəndinə müvafiq dəyişiklik edilərək icarə haqqının tikintiyə başlanılmasından sonra hesablanmasının müəyyən edilməsini xahiş edilmişdir. Lakin cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti pretenziyaya cavab verməmişdir. Həmçinin, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti mübahisənin həlli ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.3-cü bəndinin etibarsız hesab edilməsi, İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.4-cü bəndi dəyişdirilərək “hər il” söz birləşməsindən əvvəl “tikintiyə başladıqdan sonra” sözləri əlavə edilməsini, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MTK-ya xx.xx.2020-ci ildən hesablanmış 114671 manat icarə haqqı borcu ləğv edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə qeyd etmişdir ki, müqavilə 49 il müddətinə bağlanılmışdır. Bu müddət ərzində əgər müqavilə üzrə hər hansı öhdəlik yerinə yetirilməmişdirsə müqavilənin ləğvi ilə bağlı qarşı tərəf iddia qaldıra bilərdi. Lakin 2021-ci ildə bağlanılmasına və 3 il keçməsinə baxmayaraq, bu müddət ərzində icarə müqviləsinin ləğvi ilə bağlı heç bir pretenziya məktubu olunmayıb, tikintidən imtina etmək fikirləri yoxdur. Bu yaxınlarda tikintiyə başlanılacaq. Sadəcə indiyə kimi yığılan icarə haqqları faktiki olaraq torpaqdan istifadə olunmadığı halda hesablanıb. Tərəfin özündən asılı olmayan səbəblərdən tikintiyə başlamaq alınmayıb. Belə ki, biznes fəaliyyəti ilə bağlı məhdudiyyətlər tətbiq edildiyi, həmçinin torpaq sahəsində yerləşən bütün daşınmaz əmlak mülkiyyətçiləri və istifadəçiləri ilə oların mülkiyyət və istifadə hüquqlarının əldə edilməsi ilə bağlı razılaşma əldə edilmədiyi üçün İddiaçı MTK hazırda icarəyə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisinə başlanılmamışdır. Lakin tikintidən ümumiyyətlə imtina etmək fikirləri yoxdur. Hal-hazırda cavabdehdən tələb istifadə edilməyən illər üzrə hesablanmış icarə haqqlarının silinməsi və icarə haqqının tikintiyə başladıqdan sonra hesablanmasıdır. İcarə müqaviləsi üzrə icarə haqqlarının 2020-ci ilin may ayından hesablanmasını qanuna uyğun hesab etmirlər. Müqavilənin əsas şərtlərindən biri də məhz müqavilənin müddət məsələsidir. 2021-ci ilin avqust ayında bağlanmış müqavilə üzrə heç bir halda 1 il 3 ay əvvəl 2020-ci il üzrə icarə haqqı hesablanmamalıdr. Müqavilənin etibarsızlığının əsası kimi burada iddiaçının yanılması olmuşdur. Bu müddət ərzində danışıqlar aparılıb, lakin Bakı Şəhər İcra Hakimiyyəti məsələnin danışıqlar yolu ilə həll edilməsinə, icarə haqqının dayandırılmasına razılıq verməmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti “icarəyə verən”, İddiaçı MTK “icarəçi” olmaqla imzalanmış 30 avqust 2021-ci il tarixli 1662 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən “icarəyəverən” icarə əsasında sahəsi 5629 kv.m olan torpaq sahəsini, “icarəçi”yə 49 il müddətinə istifadəsinə verir, “icarəçi” isə onu qəbul edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən bu müqavilədə aşağıdakılar xüsusi hal sayılır: yanğın, partlayış, subasma, zəlzələ və başqa təbii fəlakətlər, magistral kəmərlərin dağıdılması və s. bu hallardan biri baş verdikdə, qarşı tərəf təcili məlumatlandırılmalıdır. Məlumat müvafiq dövlət qurumları tərəfindən təsdiqlənməlidir. Xüsusi hallar 6 aydan artıq davam etdikdə tərəflər görüşüb müqavilənin gələcək fəaliyyəti ilə razılığa gəlirlər. Həmin müqavilənin 7.1-7.4-cü bəndlərə əsasən bu müqavilə 49 il müddətinə bağlanır. “İcarəçi” hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə, təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və “icarəçi” tərəfindən ödənilir. İcarə haqqı 15 may 2020-ci il tarixdən hesablanır. “İcarəçi” hər il 31612 manat 46 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür. 8-ci bəndə əsasən müqaviləyə edilmiş əlavə və dəyişiliklər danışıq aparan tərəflərin rəsmi nümayəndələrinin imzası ilə yazılı formada olduqda etibarlı hesab edilir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 421.1-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 422.1-cü maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. 717.4-cü maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51.4-cü maddəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 82-ci maddəsinə əsasən torpaq icarəçiləri torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə borcludur. “Torpaq İcarəsi” haqqında Qanunun: 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 10-cu maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti və İddiaçı MTK arasında 30 avqust 2021-ci il tarixli 1662 saylı torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə tərəflər 15 may 2020-ci il tarixdən etibarən hər il 31612,46 manat icarə haqqının 49 il müddətinə ödənilməsi barədə razılıq əldə etmişlər. Hazırda iddiaçı xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı olaraq yaşayış binasının tikintisinə başlanılmadığını, buna baxmayaraq ona icarə haqqının hesablandığını, eyni zamanda icarə haqqının tikintiyə başladıqdan sonraki tarixə hesablanmalı olduğunu, bununla bağlı olaraq icarə müqavilənə dəyişiklik edilməli olduğunu qeyd etmişdir. Məhkəmə göstərilən normaları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Çünki məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbində qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı əsas etibarilə müqavilənin ödəniş tarixinin əvvəlinin onun yanılması nəticəsində imzalandığını qeyd etsə belə, həmin hal sübuta yetirilməmişdir. İddiaçı yanılma nəticəsində müqavilə imzaladığını göstərsə də, məhkəməyə qədərki dövrdə, 2 il ərzində həmin halın aradan qaldırılması istiqamətində hansısa addımlar atmamışdır (qarşı tərəfə rəsmi müraciət olunması və s.). Eyni zamanda tərəflər arasında imzalanmış müqavilənin 8-ci bəndində müqaviləyə əlavə və dəyişiliklərin rəsmi nümayəndənin imzası və yazılı formada olması halında etibarlı hesab edilməsi də qeyd edilmişdir ki, bu da bir daha müqavilə üzrə aparılacaq dəyişiliklərin hansı qaydada aparılacağını müəyyən edir. Həmçinin mülki qanunvericiliyə əsasən tərəflər bağladıqları müqavilənin şərtlərini müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilməsini müəyyənləşdirə bilərlər. İddiaçının vacib əhəmiyyətli yanılmanın təsiri altında müqavilə imzaladığı nəzərə alınsa belə, yuxarıda sadalanan maddi hüquq normalarından aydın olur ki, iddiaçı həmin halı ona məlum olduğu andan bir ay müddətində mübahisələndirməli idi. Məlum olduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq müddət iddia müddəti yox, kəsici müddətdir. Belə olan halda məhkəmə, müqavilə şərtlərinin iddiaçı tərəfə müqavilə xx.xx.2021-ci il tarixdə imzalandıqdan sonra məlum olduğunu, həmin vaxtdan isə 2 ildən artıq müddət keçdikdən sonra cavabdehə pretenziya göndərildiyini və məhkəməyə müraciət ediyini nəzərə alaraq qeyd olunan müddətin tətbiq ediməsini əsaslı hesab edir. İddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi hallardan biri də “COVİD-19” pandemiyası ilə bağlı olaraq ölkə ərazisində tətbiq edilən məhdudiyyətlərin olmasını və həmin halın müqavilədə nəzərdə tutulmuş tikinti işlərinin gec başlanması ilə əsaslandımışdır. Məhkəmə həmin hala münasibətdə qeyd edir ki, məlum olduğu kimi pandemiya ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlər artıq uzun zamandır ki, aradan qalxmışdır. Bununla belə iddiaçı, hal-hazırki dövrə qədər də tikinti işlərinə başlamasını və ya nə vaxt başlayacağını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq, iddia tələbində qeyd edilən icarə haqqının tikinti işlərinə başlanmasından sonraki dövrə aid edilməsi kimi ifadənin müqaviləyə əlavə edilməsinin heç bir əsası yoxdur. Çünki mülki dövriyyə iştirakçılarının müqavilələrin bağlanmasında əsas məqsədi mənfəət, gəlir əldə edilməsidir. Hazırki halda müqaviləyə qeyd edilən formada hansısa dəyişikliyin edilməsi, ödənişlərin olmasının qeyri-müəyyən dövrədək təxirə salınmasına, icarəyə verilmiş torpaq sahəsinini isə uzun müddət istifadə edilmədən icarədə qalmasına səbəb olur ki, bu da digər tərəfin hüquqlarının əssassız olaraq pozulması ilə nəticələnəcəkdir. Ümumiyyətlə mülki qanunvericiliyə əsasən müqavilənin birtərəfli qaydada dəyişdirilməsi qarşı tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdikdə mümkündür. Hazırkı halda isə iddiaçı cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı sadəcə olaraq bu günə kimi tikinti işlərinə başlamadığını əsas gətirmişdir ki, bu da cavabdehin günahından olmamışdır. Həmçinin məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə icarə haqqı borcunun silinməsinə də əsas yoxdur. Çünki iddiaçı həmin torpaq sahəsini icarəyə götürərkən icarə haqqı məbləği ilə razılaşmış, tikintinin başlamaması cavabdehin hərəkətləri nəticəsində olmamış və qanunvericiliyə əsasən icarəçi olaraq icarə haqqı ödəmək onun vəzifəsidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin dəyişdirilməsi, icarə haqqı borcunun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar