Məhkəmə qərarları › İş №e-2-2(113)-152/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-152/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-152/2023 28.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 3401,43 manat məbləğində krеdit bоrcu, 430,03 manat məbləğində faiz bоrcu və 1364,98 manat məbləğində cərimə olmaqla, cəmi 5196,44 manat (beş min yüz doxsan altı manat qırx dörd qəpik) məbləğində bоrc və 100 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 021L**********64 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 021R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2598,57 manat ödəmiş, onun 3401,43 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 330 gün üçün hesablanmış faiz borcu 891,74 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5%i məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 330 gün üçün hеsablanmış cərimə 1604,44 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri kimi İddiaçı QSC tərəfindən 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbini əsas borc və faiz borcu hissəsində qəbul edir. Eyni zamanda borcun digər cavabdehlərdən deyil, ondan tutulmasını xahiş edir. Kredit üzrə borcu hissə-hissə ödəyəcəkdir. Ona görə də, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021L**********64 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. - "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021L**********64 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli, 021R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh1 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 iyul 2020ci il tarixli, 021S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 021L**********64 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 29 iyul 2020ci il tarixli, 021S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021L**********64 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. - İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. - İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. - İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1248 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 3401,43 manat, faiz borcu 430,03 manat, cərimə borcu 1364,98 manat olmaqla, ümumilikdə 5196,44 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2023-cü il tarixli, 9/502 saylı ekspert rəyindən (təkrar ekspertiza) görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları və 29 iyul 2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasında qeyd olunan şərtlərə əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan borcu 28 mart 2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 3558,57 manat, faiz borcu üzrə 447,20 manat olmaqla, cəmi 4005,77 manat; 14 sentyabr 2022-ci il tarixə (məhkəməyə müraciət olunan tarixə) əsas borc üzrə 3558,57 manat, faiz borcu üzrə 873,84 manat olmaqla, cəmi 4432,41 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Accessbank” QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 021L**********64 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşma əsasında Cavabdeh1 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh3 arasında 29 iyul 2020-ci il tarixli, 021S**********01 nömrəli və Cavabdeh2 ilə 29 iyul 2020-ci il tarixli, 021S**********02 nömrəli zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələrinə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021L**********64 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh3 və Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 3401,43 manat məbləğində krеdit bоrcu və 430,03 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3401,43 manat (üç min dörd yüz bir manat qırx üç qəpik) əsas borc, 430,03 manat (dörd yüz otuz manat üç qəpik) faiz borcu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1364,98 manat məbləğində cərimə borcunun tutulması təşkil edir. "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021L**********64 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 021R********** nömrəli kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 80 (səksən) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 100 (yüz) manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, 100 (yüz) manat mediasiya xərci cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 150 (yüz əlli) manat (100+50=150 manat) pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3401,43 manat (üç min dörd yüz bir manat qırx üç qəpik) əsas borc, 430,03 manat (dörd yüz otuz manat üç qəpik) faiz borcu, 80 (səksən) manat cərimə və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 4011,46 manat (dörd min on bir manat qırx altı qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 150 (yüz əlli) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar