Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1520/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subicarə müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, icranın gecikdirilməsi nəticəsində dəymiş zərər, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “X7” MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi üzrə 10 ay üçün 4500 manat icarə haqqı, 300 gün öhdəliyin icrasının gecikdirilməsi üçün 3000 manat dəbbə pulu, 5 ay əşyaların anbarda saxlanılması üçün 500 manat məbləğində pulun və 110 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişdirərək İddiaçı MMC olmuşdur) 22 fevral 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən 612,5 kv.m ərazisi olan ofis icarəyə götürmüşdür və onun nəzdində “Manaflı Plaza” (biznes mərkəz) yaratmışdır. İddiaçı tərəfindən “Manaflı Plaza”da müxtəlif şirkətlərə ofis otaqları subicarəyə verilir. 2.2. İddiaçı ilə cavabdeh arasında Bakı şəhərində xx.xx.2022-ci il tarixli MKS-016 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq cavabdehə müqavilə ilə nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən “Manaflı Plaza”da qeyriyaşayış sahəsinin 15 kv.m olan hissəsi kommunal ödənişlər və ÖMV vergisi daxil olmaqla ayda 450 manata subicarəyə verilmişdir. 2.3. Cavabdeh ödənişlər tələb edildikdə müxtəlif bəhanələr gətirərək icarə haqqını ödəməkdən yayınmış, beləliklə, 10 ay müddətinə ödənişləri etməmiş və sonda ofisi tərk etmişdir. Çoxsaylı zənglərə və borc barədə göndərilən bildirişlərə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş və ödənişləri həyata keçirməmişdir. 2.4. Mübahisənin məhkəmədən kənar qadada həlli məqsədilə mediasiya təşkilatına müraciət edilmiş və 28 dekabr 2023-cü il tarixinə ilkin mediasiya sessiyası təyin edilmişdir. Lakin həmin görüşə cavabdeh gəlməmiş və mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. 2.5. Bundan başqa, cavabdehin ofisi tərk etməsi nəticəsində ona məxsus əşyalar ofisdə saxlanılmışdır. Həmin əşyaların saxlancını təmin etmək üçün onlar toplanıb anbara yerləşdirilmişdir. Əşyaların saxlancı xidməti müqaviləyə əsasən vəd verilməmişdir və bu əlavə xidmət hesab edilir. Cavabdehin əşyalarının saxlanılmasına görə hər ay üçün 100 manat olmaqla 500 manat məbləğində pulun tutulması iddia tələbinə daxildir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 389, 443-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 22 fevral 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, tərəflər arasında daha əvvəl formalaşmış etimad münasibəti olduğundan icarə haqqının ödənilməməsinə baxmayaraq, icarə obyektindən istifadəyə hər hansı maneə törədilməmişdir. Lakin 2023-cü ilin oktyabr ayının sonlarında icarə obyekti təhvil alınmışdır. Bu zaman hər hansı akt tərtib olunmamış, lakin videoyazı aparılmışdır.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddiaçı cavabdehə verilmiş sahəni yenidən icarəyə verdiyindən sonuncunun əşyalarını öz anbarına yerləşdirmişdir və həmin əşyalar hal-hazırda anbarda saxlanılmaqdadır. Anbar iddiaçının şəxsi məqsədləri üçün istifadə edilir və 500 manat saxlama haqqı anbarda əşyaların tutduğu sahəyə uyğun hesablanmışdır.
7. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subicarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş X4 (icarəyə verən qismində) ilə "xxxx" MMC (icarəçi qismində) arasında bağlanmış 22 fevral 2021-ci il tarixli MK-001 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilə üzrə İcarəyə verən ona məxsus aşağıda göstərilən sahəni İcarəçiyə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür (1.1). Sahənin yerləşdiyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 392-ci məhəllə, Bülbül prospekti, 40 (1.2). Sahənin 612,5 kv.m olan hissəsini icarəyə verən icarəçiyə icarəyə verir (1.3). Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində İcarəçi mülahizəsinə görə istənilən vaxt İcarəyə verənin yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı Sahədə struktur dəyişiklikləri (o cümlədən rabitə, kompüter, elektrik və s. sistemlərin, avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər (1.4). İcarəçi bu Müqavilə üzrə icarəyə götürdüyü Sahəni subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə verə bilər (1.5).
12. Məhkəməyə təqdim edilən "xxxx" MMC (icarəyə verən qismində) ilə cavabdeh (icarəçi qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli MKS-016 nömrəli subicarə müqaviləsinin müqavilənin predmeti, qüvvəyə minməsi və müddəti ilə bağlı şərtlərindən görünür ki, bu müqavilə üzrə Subicarəyə verən ona icarə müqaviləsinə əsasən məxsus aşağıda göstərilən sahəni İcarəçiyə subicarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür (1.1). Sahənin yerləşdiyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 392-ci məhəllə, Bülbül prospekti, 40 (1.2). Sahənin 15 kv.m olan hissəsini icarəyə verən icarəçiyə subicarəyə verir (1.3). Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində İcarəçi mülahizəsinə görə istənilən vaxt İcarəyə verənin yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı sahədə struktur dəyişiklikləri (o cümlədən rabitə, kompüter, elektrik və s. sistemlərin, avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər (1.4). Subicarəçi bu Müqavilə üzrə icarəyə götürdüyü sahəni subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə verə bilməz (1.5). Müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir (2.1). Müqavilə 24 dekabr 2023-cü il tarixinə qədər bağlanmışdır (2.2). İcarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun olaraq İcarəçinin tam sahibliyinə keçir (2.3).
13. Həmin müqavilənin icarə haqqı və kommunal ödənişlərlə bağlı şərtlərinə əsasən, aylıq icarə haqqı 450 manat təşkil edir. İcarə haqqı hər növbəti aya görə cari ayın 25-dən gec olmamaq şərtilə İcarəçi tərəfindən İcarəyə verənə nağd və ya İcarəyə verənin bank hesabına ödənilir (3.2). İcarənin beş ayı ərzində icarə haqqının məbləği dəyişməz olaraq qalır. Növbəti müddətdə bütün icarə müddətinə və sonradan uzadıldığı dövr ərzində inflyasiya nəzərə alınaraq icarə haqqının məbləği qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər (3.4). İcarəyə götürülən sahə üzrə kommunal haqları (işıq, su) aylıq icarə haqqına daxildir (3.5). Subicarəyə götürülmüş ofis otağının təmizlənməsi və internet ödəniş haqları hazırkı müqavilənin 3.1-ci bəndində göstərilmiş məbləğə daxil deyil (3.6).
14. Adıçəkilən müqavilənin müqavilənin xitamı ilə şərtlərindən görünür ki, müqavilənin qüvvədə olduğu müddətin bitməsinə 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda, müqavilə gələn 1 il müddətinə uzadılmış hesab edilir (9.1). Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər (9.2): hər iki tərəfin razılığı ilə; bu müqavilənin tələbləri hər hansı tərəflə pozulduqda, digər tərəfin tələbi ilə digər tərəfi xəbərdar etməklə; qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. 1 ay öncədən qarşı tərəfin poçt ünvanına ancaq yazılı xəbərdarlıq etməklə (bu halda ofisin (otağın) yeni müştərilərə göstərilməsi üçün hazırkı icarəyə götürən tərəfindən şərait yaradılmalı və etiraz edilməməlidir).
15. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli EBDR 742130 seriya və nömrəli elektron qaimə xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri üçün 4500 manat icarə haqqı və icarə haqqının ödənilməsinin gecikdirilməsi üçün 3000 manat penya olmaqla ümumilikdə 7500 manat məbləğində pul üçün elektron qaimə tərtib edilmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDR 742130 seriya və nömrəli elektron qaimə sistem tərəfindən təsdiq edilmişdir.
17. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış və möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh subicarə haqqını tam qəbul etmiş və 15 aprel 2023-cü il tarixədək ödəməyə zəmanət vermişdir.
18. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********881600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin hazırkı adı İddiaçı MMC-dir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı (əvvəlki adı "xxxx" MMC) X2 22 fevral 2021-ci il tarixdə icarəyə götürdüyü Bakı şəhəri, Nəsimi rayonu, 392-ci məhəllə, Bülbül prospekti, 40 ünvanında yerləşən 612,5 kv.m qeyriyaşayış sahəsinin 15 kv.m-lik hissəsini xx.xx.2022-ci il tarixli MKS-016 nömrəli subicarə müqaviləsi əsasında cavabdehə aylıq 450 manat məbləğində icarə haqqının ödənilməsi şərtilə icarəyə vermişdir. İddiaçı tərəfindən xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri üçün 4500 manat icarə haqqı hesablanmışdır.
20. İddiaçı hesablanmış 4500 manat icarə haqqının ödənilməsini tələb edir.
21. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
22. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
25. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
26. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
27. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
29. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
30. Hazırkı mübahisə xx.xx.2022-ci il tarixli MKS-016 nömrəli subicarə müqaviləsindən əmələ gəlmişdir və həmin müqavilə icarə müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 34-cü fəslinin (“icarə”) normaları tətbiq olunur. Bu halda subicarəyə verən və subicarəçi arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) icarəyə verən və icarəçi arasındakı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilir.
31. Eyni zamanda mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
32. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh subicarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının subicarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
33. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi icarə haqqının tutulması hissəsində təmin olunmalı, xx.xx.2022-ci il tarixli MKS-016 nömrəli subicarə müqaviləsi üzrə 4500 manat icarə haqqı cavabdeh “X7” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Subicarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
39. İddia ərizəsində iddiaçı həmçinin 3000 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
40. xx.xx.2022-ci il tarixli MKS-016 nömrəli subicarə müqaviləsinin 3.3-cü bəndinə əsasən, İcarəçi ödəniş müddətini ötürdüyü zaman ödənişin gecikdirilməsinin hər günü üçün 10 manat məbləğində subicarəyə verənə dəbbə pulu ödəyir (rəsmi bayram və qeyriiş günlərini çıxmaq şərti ilə).
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
42. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
43. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
44. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eləcə də xx.xx.2022-ci il tarixli MKS-016 nömrəli subicarə müqaviləsi üzrə heç bir ödəniş aparılmasa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
45. Beləliklə, məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında cərimə məbləğinin 300 manat müəyyən olunması ağlabatan və ədalətlidir və cavabdeh “X7” MMC-dən həmin məbləğ tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Əşyaların saxlanması üçün xərcin əvəzinin ödənilməsi tələbi ilə bağlı
46. İddiaçı cavabdeh tərəfindən icarə obyektində olan əşyalar 2023-cü ilin oktyabr ayında götürülmədiyinə görə həmin əşyaların saxlanması üçün 500 manat məbləğində pulun tutulmasını tələb edir.
47. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
48. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4).
49. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
50. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
51. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən icarə obyektində olan əşyaların götürülməsinin gecikdirilməsi nəticəsində dəymiş zərəri tələb etsə də, həmin əşyaların şəxsi məqsədləri üçün istifadə etdikləri anbara yerləşdirdiklərini qeyd edir və real zərər və ya əldən çıxmış zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmir.
52. Halbuki Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
53. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sübutetmə vəzifəsi yerinə yetirilmədiyindən 500 manat məbləğində pulun tutulması tələbi təmin edilə bilməz.
d) Məhkəmə xərcinin tutulması ilə bağlı
54. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 110 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
55. İddia ərizəsinə əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli MŞŞ/MT018/2023-03142 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
56. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
57. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
58. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
59. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat pul cavabdeh “X7” MMC-dən həmin məbləğ tutularaq İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. İddiaçı ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi üzrə 4500 (dörd min beş yüz) manat icarə haqqı borcu, 300 (üç yüz) manat cərimə olmaqla ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova