Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1521/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Y.K. X3 Təsərrüfatının Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Y.K. X3 Təsərrüfatının Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Y.K. X3 Təsərrüfatı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında Y.K.X3 Təsərrüfatının **********20000 saylı abonent hesabına hesablanmış 5.997,40 (beş min doqquz yüz doxsan yeddi manat, qırx qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Nardaran kəndi, Abşeron küçəsi ünvanda yerləşən istixana artıq bir neçə ildir ki, fəaliyyət göstərir. İstifadəsində olan istixanaya quraşdırılmış sayğac göstəricilərinə uyğun olaraq hər ay təqdim olunan bildiriş əsasında qaz sərfiyyatına görə yaranmış borc vaxtlı-vaxtında tərəfindən ödənilmişdir. 2021-ci ilin iyun ayına kimi Cavabdeh İB ilə arasında qaz təchizatı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. xx.xx.2021-ci il tarixdə istifadəsində olmuş Elster G-16 tipli, 75082974 nömrəli qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına aparılmışdır. Qeyd etmək lazımdır ki, qaz sayğacı çıxarılarkən sayğacın bütövlülüyü pozulmamış bütün möhürlər üzərində olmuşdur. xx.xx.2021-ci il tarixdə dövlət yoxlamasından keçirildikdən sonra sayğacda təmir işləri aparılmışdır. Cavabdeh təşkilat qaz sayğacını yoxlamadan keçirdikdən sonra 5.997 manat əlavə borcun yarandığını bildirdi. Bu məsələ ilə bağlı araşdırma apardıqdan sonra ona məlum oldu ki, onun barəsində xx.xx.2021ci il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən 5997,40 manat məbləğində əlavə borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən sayğacın xx.xx.2021-ci il tarixli, SS29/1640-01240-1 saylı yoxlama rəyinə əsasən xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və əlavə borc hesablanmışdır. Cavabdehin ilk saxtakarlığı ondan ibarətdir ki, borcun hesablanması üçün əsas olmuş xx.xx.2021-ci il tarixli, ******* saylı akt səkkiz gün sonra tərtib olunacaq xx.xx.2021-ci il tarixli, SS-29/1640-01240-1 saylı akta əsasən tərtib etdilmişdir. Saxta aktda cavabdeh təşkilat qeyd edir ki, guya 2019-cu ildən istifadə edilən Elster G-16 tipli, 75082974 sayğacın göstəriciləri düzgün götürülməmiş və nəticədə 122762 m qaz həcmi sayğacın elektron hissəsində qeydə almamışdır. Bu səbəbdən cavabdeh həmin qaz həcminə uyğun əlavə hesabat aparmış və 2021-ci ilin may ayında qaz hesabına əlavə 5997,40 manat borc hesablamışdır. Bu cür hesabat heç bir hüquqi məntiqə sığmır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 məhkəməyə izahatında iddiaya etiraz etdiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
4. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir, lakin məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
9. İddia ərizəsinin məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə Elster G-16 tipli, 75082974 nömrəli qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına aparılmış, xx.xx.2021ci il tarixdə dövlət yoxlamasından keçirildikdən sonra sayğacda təmir işləri aparılmış, xx.xx.2021-ci il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən 5.997,40 manat məbləğində əlavə borc hesablanmışdır.
10. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın tələb hissəsində Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli, SS29/1640-01240-1 saylı yoxlama rəyinə əsasən 29987 kub.metr sərfiyyata görə dəymiş ziyanın hesablanması qeyd olunmuşdur.
11. İş materiallarında olan “uçotu dəqiq aparılmayan təbii qazın həcminin hesablanmasına dair xx.xx.2021-ci il tarixli tələbnamə”də qeyd olunmuşdur ki, sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1640-01240-1 nömrəli aktına əsasən G-16 markalı 75082974 nömrəli sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 122762 kub metr qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Həmçinin 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 91254 kub metr, əmsal 1.22 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbəğin ödənilməsi qeyd olunmuşdur. (122762x1,22=149770 kub metr, 149770-91254-28529=29987 kub metr)
12. İşdə olan xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS 29/1640-01240-1 nömrəli aktda qeyd olunmuşdur ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi, ekranda A işarəsi var, rotorlar kiplənib, sayğaca hava vuruldu, hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Yoxlamanın nəticəsi olaraq minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı, implus ötürücüsünün tələb olunduğu qeyd olunmuşdur.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında istehlakçıya məxsus qaz sayğacının dövlət yoxlanılmasına göndərilməsi nəticəsində 122762 kub metr qaz həcminin elektron hissədə qeyd edilmədiyinin aşkar olunduğunu, bununla bağlı akt tərtib edildiyini, hesabatdan kənarda qalan məbləğin borc kimi qeydə alındığını bildirmiş, məhkəmənin suallarına cavab olaraq tələbnamənin aktdan bir gün əvvəl tərtib edilməsinin texniki səhv nəticəsində baş verdiyini, sayğac qüsurlu olduğuna görə hesablamanın düzgün aparılmadığını, sayğacın dəyişdirilmədən təmir edilib yenidən quraşdırıldığını bildirmişdir.
14. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş sənədlərdən də, göründüyü kimi, aktın tarixi xx.xx.2021-ci il olmasına baxmayaraq, qeyd edilmiş akt əsasında itirilmiş qazın bərpası barədə tələbnamə xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir.
15. İş materiallarına əlavə olunmuş K. X3 Təsərrüfatına məxsus **********20000 saylı abunə kodu üzrə abonent haqqında məlumatın “qalıq və aktlar” hissəsindən görünür ki, qeyd edilmiş akt əsasında 5.997,40 manat məbləğində borc hesablanmışdır.
16. Bundan başqa yuxarıda sadalanmış sənədlərdən göründüyü kimi, xx.xx.2021-ci il tarixli aktda SS 29/1640-01240-1 saylı rəyə istinad edilmişdir, ancaq qeyd edilən sonuncu rəyə nəzər yetirildiyində görünür ki, rəy aktın tarixindən sonra yəni, xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir.
17. Məhkəmə qeyd edir ki, SS 29/1640-01240-1 saylı aktda (rəy) yoxlamanın nəticəsi olaraq minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı, implus ötürücüsünün tələb olunduğu qeyd olunsa da, abonent saldosuna nəzər yetirildiyində aydın olur ki, qeyd edilmiş tarixdən sonra əksinə, qaz sərfiyyatının məbləği daha da, azalmışdır. Bundan başqa da, abonent saldosunda may ayının sərfiyyatına nəzər yetirildikdə də, görünür ki, məhz həmin ayda, əvvəlki aylara nisbətdə daha çox sərfiyyat qeydə alınmışdır.
18. Qeyd edilən hallar isə o, nəticəyə gəlmək üçün əsas verir ki, sayğac işlək vəziyyətdə olmuş və müvafiq olaraq sərfiyyat qeydə alınmışdır və Cavabdeh İB tərəfinsən 5.997,40 manat məbləğində borc əsassız olaraq hesablanmışdır və ona görə də, silinməlidir.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Y.K. X3 Təsərrüfatına məxsus **********20000 saylı abunə kodu üzrə hesablanmış 5.997 (beş min doqquz yüz doxsan yeddi) manat, 40 (qırx) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov