Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1522/2022 29.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi Sen Mesut, Cavabdeh1 İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 İB-yə qarşı “əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 İB-yə (bundan sonra – cavabdeh) qarşı “əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində əldən çıxmış faydanın (407200 manat və 92000 manat) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 03.08.2019-cu ildə icarə müqaviləsi bağlamışlar. 03.08.2019-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus istilikxana cavabdeh "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə üzrə bütün öhdəliklər icarəçi tərəfindən öz üzərinə götürülmüşdür. Bundan sonra Cavabdeh2 MMC təbii qazın alqı-satqısı ilə bağlı Cavabdeh1 İB ilə ayrıca müqavilə bağlamışdır. Cavabdeh2 MMC-nin istixana ilə bağlı fəaliyyəti iki il yəni 2021-ci ilin avqust ayına kimi davam etmişdir. Lakin icarəçi üzərinə düşən öhdəliklərinə əməl etməmiş və istixananı nəzarətsiz qoyub getmişlər. Bundan sonra icarəçinin rəhbəri olan X2 ilə əlaqə saxlamışlar və istixananı müqavilənin müvafiq bəndinə uyğun olaraq, yəni tam yararlı vəziyyətdə onlara təhvil verilməsini xahiş etmişlər. Lakin onların maddi imkanlarının olmadığını, ancaq müqavilənin tələblərinə uyğun olaraq fəaliyyətdə olan müddətdə yaranmış kommunal borcların ödənilməsinə dair söz vermişlər. Lakin bu günə qədər icarəçi təbii qazdan istifadəyə görən yaranmış borcunu ödəməmiş və ödəməkdən yayınmış və yayınmaqda davam edir. Baxmayaraq ki, onların işığa yaranmış borc məbləği məcburiyyət qarşısında tərəflərindən ödənilmişdir. Lakin icarəçi tərəfindən təbii qazdan istifadəyə görə borc məbləği bu günə kimi ödənilməmişdir. Fəaliyyətlərini davam etdirilməsi üçün istixanada təmir bərpa və əkinə hazırlıq işləri aparmağa başlamış, sonunda 10.09.2021-ci ildə istixada “Şarante” tipli yemiş növündə şitil və 17.10.2021-ci ildə “S-Badam” tipli xiyar növünü əkmişlər. Lakin təbii qazın verilməsi Cavabdeh2 MMC-nin günahı ucbatından İB tərəfindən qeyri-qanuni olaraq dayandırılmışdır. Məcburiyyət qarşısında qalaraq icarəçinin Cavabdeh1 İB-yə borcu və qazın bərpası ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər etmişlər. Cavabdeh1 İB tərəfindən onlara cavab verilmişdir ki, Cavabdeh2 MMC-nin fəaliyyət müddətində İB-yə müəyyən borc məbləği yarandığından İddiaçı MMC-yə təbii qazın verilməsinə icazə verilməyəcək. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə obyekti Cavabdeh2 MMC tərəfindən geri alınmış, tərəflər arasında olan icarə müqaviləsi notarial qaydada xitam verilmişdir. Bundan sonra, həmin obyektdə cavabdeh tərəfindən əkin işləri aparılmışdır. Baxmayaraq ki, həmin əkin işlərinə başlandığı dövrdə təbii qaz olmamış, buna baxmayaraq ehtimal etmişlər ki, Cavabdeh1 İB tərəfindən təbii qazın verilişi bərpa ediləcəkdir. Bundan əlavə, Cavabdeh1 İB-yə təbii qazın verilişi ilə bağlı müvafiq müqavilənin bağlanması üçün müraciət edilmiş, lakin Cavabdeh2 MMC-nin borcu ödənilməyəcəyi təqdirdə müqavilənin bağlanmayacağı və təbii qazın verilişinin mümkün olmaması bildirilmişdir. Bundan əlavə, Cavabdeh1 İB abonentlər borclu olduğu təqdirdə dərhal bunun üçün qanuna müvafiq tədbirlər görür, borcun ödətdirilməsinə cəh edirlər. Lakin hazırda Cavabdeh2 MMC-nin Cavabdeh1 İB-yə xeyli borcunun olmasına baxmayaraq həmin borcun alınması üçün hər hansı tədbir görülmür. Bununla da onların hüquqları pozulur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Abbaslı iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 İB-nin nümayəndəsi V.Abdullayev iddia tələbinə etiraz edib ərizənin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının mülkiyyətində olan istilikxanaya təbii qazın verilməsi ilə bağlı müqavilə iddiaçı ilə deyil, Cavabdeh2 MMC ilə bağlanmışdır. Həmin MMC-nin onlara olan borcunun bir qisminin ödənilməsi ilə bağlı hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, hazırda icra mərhələsindədir. Həmin icra sənədi bir dəfə icra şöbəsi tərəfindən icra sənədinin icra edilməsinin mümkün olmaması əsası ilə geri qaytarılmış, lakin bundan verdikləri şikayət təmin edilmiş, icra sənədi icra edilməsi üçün təkrarən icra şöbəsinə qaytarılmışdır. Hazırda həmin borc vardır, Cavabdeh2 MMC tərəfindən ödənilməlidir. Cavabdeh1 İB iddiaçı qarşısında üzərinə hər hansı öhdəlik götürməmişdir, bu səbəbdən istilikxanada təbii qaz olmadan əkin işlərinin aparılması və iddiaçının zərər çəkməsi ilə bağlı onların hər hansı təqsiri yoxdur. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Sen Mesut iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MMC-nin icra orqanının yeni rəhbəridir. Həqiqətən tərəflər arasında icarə müqaviləsi bağlanmış, lakin ərizədə göstərildiyi kimi icarə obyekti nəzarətsiz tərk edilməmiş, tərəflər arasında notarial qaydada bağlanmış müqavilə əsasında xitam edilmişdir. Həqiqətən də Cavabdeh1 İB-yə borcları vardır. Sonuncu bununla əlaqədar olaraq onları məhkəməyə vermiş, məhkəmənin qətnaməsi ilə onlardan 48513 manat borcun tutulması qət edilmiş, onların da qarşılıqlı iddiası qismən təmin edilmiş, qalan borcun bir qismi silinmişdir. MMC Cavabdeh1 İB-yə olan borcunu ödəməkdən yayınmır, lakin hazırda fəaliyyətləri olmadığı, maliyyə çətinlikləri olduğu üçün borcu ödəyə bilmir. Lakin iddia ərizəsində göstərilənlər əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 03 avqust 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) ona məxsus Bakı şəhəri, Zirə Qəsəbəsi, X3 sovxozunun ərazisində yerləşən 1,95 ha istixananı, 0,5 (ha) texniki zona tikintisinni, 1,2731 (ha) boş ərazidən ibarət sahəni icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçi mülahizəsinə görə istənilən vaxt icarəyə verənin yazılı razılığl ilə öz vəsaiti hesabına fəaliyyəti ilə bağlı icarə obyektində struktur dəyişiklikləri (o cümlədən, rabitə, kompüter, elektrik və s. sistemlərin, avadanlıqların quraşdırılması ilə bağlı, təmir və yenidənqurma işləri apara bilər, quraşdırılan avadanlıqlar icarə müqavilənin sonunda “icarəçi” tərəfindən aparıla bilər. Müqavilənin 4.1-ci maddəsinə əsasən ivarə obyektinin bir illik icarə haqqı 3000 manat təşkil edir. Müqavilənin 4.2-ci maddəsinə əsasən icarəçi ödəmə mənbəyindən vergi tutulması qaydasına gəir vergisi ödənilməsi üsulu ilə icarə haqqından gəlir vergisindən ödəməyi öhdəsinə götürür Müqavilənin 4.3-cü maddəsinə əsasən elektrik enerjisi, qaz, su, kanalizasiya, telefon və internetdən istifadə üzrə bütün xərclər icarəçi tərəfindən ödənilir. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 03.08.2019-cu il tarixli 3M-770 reyestrli icarə müqaviləsinin ləğvinə dair 23.11.2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə tərəvəzçilik Südçülük sovxozu ərazisində yerləşən qeyriyaşayış sahəsinə dair bağlanmış 03.08.2019-cu il tarixli 3M-770 reyestrli icarə müqaviləsi 23.11.2021-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmlal Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında danışmaz əmlakın dövlət reyestrindən RX 01625325 nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik –Südçülük sovxozu ərazisindən yerləşən 0,40 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə hüququnun alqı-satqısına əsasən İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 İB-yə göndərilmiş 14 avqust 2021-ci il tarixli müraciətdən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Zığ qəsəbəsi, X4 sovxozunun ərazisindən yerləşən, ümumi ərazisi 3,7231 ha olan obyektin qazla təmin olunması üçün iddiaçı ilə Cavabdeh1 İB arasında qazın alqı-satqısı məqsədilə müqavilə bağlanması xahiş olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 İB-yə ünvalanmış ərizədən görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada ləğv edilmişdir. Odur ki, istixanada yetişdirdikləri məhsulların məhv olması təhlükəsi olduğundan iddiaçı ilə Cavabdeh1 İB arasında müqavilə bağlamasına və təbii qazın bərpasına icazə verilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən cavabdehlərə ünvanladığı pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlərin qeyri-qanuni hərəkərləri nəticəsində əldən çıxmış faydanın (407200 manat və 92000 manat) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28.01.2022-ci il tarixli MŞB/6- 204 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirakla bağlı 400 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 400 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova