Məhkəmə qərarları › İş №e-2-2(113)-1523/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1523/2021

27.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1523/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Vəkil və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə,ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı qalıq pul vəsaitinin müvafiq daşınmaz əmlaklarla əvəzləşdirilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx” ASC-dəki bank hesablarında (valyuta, manat) qalmış və ləğv prosesində olan “xxxx” ASC tərəfindən təsdiq olunmuş qalıq 69925 avronun (EUR) və 11858 manat pul vəsaitinin ləğv prosesində olan “xxxx” ASC-nin mülkiyyətində olan müvafiq daşınmaz əmlaklarla əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin ləğv prrosesində olan “xxxx” ASC-də olan bank hesablarında (valyuta, manat) qalıq 69925 avro (EUR) və 11858,01 manat pul vəsaiti qalmışdır. “xxxx” MMC ləğv prosesində olan “xxxx” ASC-dəki bank hesablarında qalmış qalıq pul vəsaitlərinin qaytarılması ilə əlaqədar olaraq əvvəl, 02.03.2017-ci il tarixdə ləğvedici “xxxx” MMC-yə, sonra isə 13.03.2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət etmişdir. Müraciətlərinə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 21, 27 aprel 2017-ci il tarixlərdə cavab verilərək bildirilmişdir ki, onların müraciətinə cavab olaraq bildirirlər ki, onların qalıq vəsaiti ləğv prosesində olan “xxxx” ASC-də pul vəsaitlərinə dair kreditor tələbləri“ Banklar haqqında ”Azərbaycan Respublikasının Qanununun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qeydiyyata alınaraq qəbul edilib və Qanunun 82-ci maddəsinə uyğun olaraq ödənişlər növbəlilik daxilində ödəniləcək. Həmin məktubun onlara təqdim edilməsindən 3 il 4 ay keçdikdən sonra və onlara hər hansı bir məlumat verilmədiyindən, onlar, Əmanətlərin Sığortalanması Fonduna Pretenziya ilə müraciət edərək, qalıq pul vəsaitlərini ləğv prosesində olan “xxxx” ASC-nin müvafiq daşınmaz əmlakları ilə əvəzləşdirilməsini təklif etdilər. Ləğv prosesində olan “xxxx“ın 25 sentyabr 2020-ci il tarixli **********616 saylı cavab məktubu ilə onlara bildirilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız həmin Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə aparıla bilər. Onların göndərdikləri pretenziyaya ləğvedici tərəfindən imtina cavabı verilmişdir. Bildirirlər ki, “xxxx” ASC-nin ləğvetmə prosesinin başlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ləğvedicinin fəaliyyətində hər hansı bir aşkarlıq yoxdur və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilən növbəliliyin icra edilib-edilməməsi bilirmir. İmtina məktubundan belə nəticəyə gəlirlər ki, əvəzləşdirmə mümkündür. Ləğv prosesində olan “xxxx” ASC-nin mülkiyyətində çoxlu sayda daşınmaz əmlakları var. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddiaya etiraz verərək, bildirmişdir ki, iddiaçı 02.03.2016-cı il tarixində, 1-2144-16 nömrəli qəbzlə kreditor tələbi kimi 11858 manat, 69925 avro məbləğində tələbini qeydə aldırmışdır. Bu isə öz növbəsində kreditorların reyestrində öz əksini tapmışdır. Hesab edirlər ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76.1ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanuna müvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. LPO “xxxx” ASC isə hazırda həmin növbəlilik üzrə birinci növbənin ödənişinin yığımı və ödənilməsi hissəsindədir. Bu tələb “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin 7ci növbəsi üzrə yəni, təminatsız kreditor tələbi kimi qeydə alınmış və ödəniləcək məbləğdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazında həmçinin Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 02.03.2017-ci il tarixli məktubdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (İsmayılzadə.Z.Ə) tələbin qeydiyyatına dair ərizə ilə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “xxxx” MMC-yə müraciət edərək, onun ******************** saylı hesabında olan 69925 avro məbləğində pul vəsaitinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı məktubdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru ərizə ilə ləğv prosesində olan “xxxx”xxxx“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv prosesində olan “xxxx” ASC-də olan 01.01.2017-ci il tarixinə valyuta hesabında 69925 avro, manat hesabında 11858,01 manat vəsaitinin olduğunu, müəssisə vəsaitlərinin tələbi barədə Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi vaxtda müraciət etmədiyini, debitor tələbi barədə bildirirşin əldə etmədiyini bildirərək, müəssisənin debitor tələbinə dair bildirişin əldə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 21 aprel 2017-ci il tarixli və 27.04.2017-ci il tarixli məktublardan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalıq vəsaiti ləğv prosesində olan “xxxx” ASC-də olan pul vəsaitlərinə dair kreditor tələbləri “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qeydiyyata alınaraq qəbul edilib və Qanunun 82-ci maddəsinə uyğun olaraq ödənişlər növbəlilik daxilində ödəniləcək. 25 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kreditor tələblərinin bankın balansında olan daşınmaz əmlaklarla əvəzləşdirilməsi barədə pretenziyalarına cavab olaraq bildirilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız həmin Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə aparıla bilər. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraat prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. “xxxx” ASC müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməlidir. Sözügedən qərara əsasən ləğv prosesində olan banklara qarşı tələblər irəli sürüldüyü təqdirdə iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir, yəni, “xxxx” ASC-yə (ləğv prosesində) qarşı birinci instansiya məhkəməsində kreditor tələblə bağlı iddialara baxıla bilməz. Ancaq, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki tələbi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyünə görə birinci instansiya məhkəməsində məhz sözügedən cavabdehə qarşı hazırki tələb ilə bağlı iddiaya baxıla bilər, lakin sözügedən tələbə iflas proseduru çərçivəsində baxıldığına görə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı olan iddia təmin edilə bilməz. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx” ASC-dəki bank hesablarında (valyuta, manat) qalmış və ləğv prosesində olan “xxxx” ASC tərəfindən təsdiq olunmuş qalıq 69925 avronun (EUR) və 11858 manat pul vəsaitinin ləğv prosesində olan “xxxx” ASC-nin mülkiyyətində olan müvafiq daşınmaz əmlaklarla əvəzləşdirilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx” ASC-dəki bank hesablarında (valyuta, manat) qalmış və ləğv prosesində olan “xxxx” ASC tərəfindən təsdiq olunmuş qalıq 69925 avronun (EUR) və 11858 manat pul vəsaitinin ləğv prosesində olan “xxxx” ASC-nin mülkiyyətində olan müvafiq daşınmaz əmlaklarla əvəzləşdirilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar