Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1529/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-yə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdeh “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-yə qarşı cavabdeh “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-dən 3978.00 manat məbləğin tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 55/02 saylı hərrac protokolu əsasında Bakı şəhəri, Xırdalan şəhəri, 27-ci məhəllə 13 saylı binanın 22A saylı mənzil 33150 manat məbləğ ilə İddiaçı ASC tərəfindən hərracdan alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 saylı qətnaməsi ilə “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 55/02 saylı hərrac protokolu etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsində hərrac protokolunun etibarsız hesab edilməsinin səbəbi keçirilən hərraclar barəsində bildirişin Səmədova Gözəl Kərəm qızına rəsmi qaydada verilməməsi göstərilmişdir. Göründüyü kimi keçirilən hərrac barədə bildirişin Səmədova Gözəl Kərəm qızına “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC tərəfindən göndərilməməsi məhkəmə qətnaməsi ilə sübut olunmuş və bu səbəbdən də hərrac protokolu etibarsız hesab edilmiş, nəticədə İddiaçı ASC-yə maddi ziyan vurulmuşdur. Hərrac protokolunun əldə edilməsi üçün “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-nin 51 saylı xx.xx.2014-cü il tarixli hesab-faktura əsasında 1657.5 manat hərrac xərci və 50 saylı xx.xx.2014-cü il tarixli hesab-faktura əsasında 2320.50 manat məcburi icra ödənişi, cəmi 3978.00 manat məbləğ xx.xx.2014-cü il tarixdə “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-yə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan X2 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün keçirilmiş Hərracın Yekunları barədə 55/02 nömrəli xx.xx.2014-cü il tarixli Protokola əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı hərrac keçirilmişdir. Bu Hərracda iştirak üçün “Daşınar və Daşınmaz Əmlakların satışı X4" MMC tərəfindən İddiaçı ASC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 2320,50 manat məbləğində 50 nömrəli və 1657,50 manat məbləğində 51 nömrəli Hesab-Fakturalar əsasında, İddiaçı ASC tərəfindən 3978 manat məbləğində vəsait ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı hərrac, hərracın yekunları barədə xx xxxx 2014-cü il tarixli 55/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə “Daşınar və Daşınmaz Əmlakların satışı X4" MMC ilə “İddiaçı" ASC arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli müqavilə etibarsız hesab edilsin, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilə mülkiyyət hüququ barədə qeydiyyat və onun əsasında verilmiş “çıxarış” ləğv edilsin. İpoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı yenidən açıq hərrac keçirilsin. İddiaçı ASC-nin “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli 14483 nömrəli məktuba əsasən, hərrac protokolunun əldə edilməsi üçün 51 saylı xx.xx.2014-cü il tarixli hesab-faktura əsasında 1657,5 manat hərrac xərci və 50 saylı xx.xx.2014-cü il tarixli hesab-faktura əsasında 2320,50 manat məcburi icra ödənişi cəmi 3978,00 manat məbləğ xx.xx.2014-cü il tarixdə “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-yə ödənilmişdir, 3978 manat məbləğin 5 gün ərzində İddiaçı ASC-yə qaytarılması xahiş edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehdən hərracın keçirilməsi üçün ödənilmiş 1657,5 manatın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. ”İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 78.2-ci maddəsinə əsasən icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Beləliklə, işin faktiki hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı hərrac, hərracın yekunları barədə xx xxxx 2014-cü il tarixli 55/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə “Daşınar və Daşınmaz Əmlakların satışı X4" MMC ilə “İddiaçı" ASC arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli müqavilə bağlanmış, daha sonra Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən qeyd edilən protokol və müqavilə etibarsız hesab edilmişdir. Odur ki, hərracda iştirak üçün İddiaçı ASC tərəfindən ödənilmiş 1657,50 manat cavabdeh “Daşınar və Daşınmaz əmlakların Satışı X4” MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən İddiaçı ASC tərəfindən hərracda iştirak zamanı icra ödənişi olaraq ödənilmiş 2320,50 manatın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, qeyd edilən məbləğ icra ödənişi üzrə alındığından iddiaçının bu tələbi üzrə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı X4" MMC ola bilməz. Bununla yanaşı, icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır.Beləliklə, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-dən 1657.5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-dən 1657.5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1529/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1529/2020
12.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver