Məhkəmə qərarları › İş №e-2-2(113)-154/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-154/2022

12.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-154/2022 12.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26.02.2021-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ödənilməmiş 233687.62 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 239850 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 26.02.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26.02.2021-ci il tarixə yaranan 233687.62 manat borcuna görə 239850 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 12.03.2021 tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 18.03.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 26.02.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 233687.62 manat vergilər üzrə ödənilməmiş borcu qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili R.Əlizadə iddia tələbinə etiraz edib iddiaçının rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən onların iddiası təmin edilmiş, dövlət büdcəsinə olan borclar silinmişdir. Lakin buna baxmayaraq hələ də onların borcu şəxsi hesab vərəqəsindən silinməmişdir. Bu səbəbdən aiddiyyatı səlahiyyətli şəxslər barəsində xüsusi qərardad qəbul edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, hüquqi şəxs haqqında məlumatdan görünür ki, cavabdehin əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi xidmətlərindən ibarətdir, hüquqi ünvanı ünvan 1əfindən 01 fevral 2021-ci il tarixdə cavabdehə vergi borcunun ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək, 01.02.2021-ci il tarixinə ümumilikdə 2847817,30 manat, o cümlədən vergilər üzrə 1963284,63 manat, maliyyə sanksiyaları üzrə 15898,76 manat, faizlər üzrə 868633,91 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 26.02.2021-ci il tarixli, **********5 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 12.03.2021-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********5 saylı protokol, həmin protokola 13 saylı əlavədə cavabdehə məxsus 9-cu mərtəbədə yerləşən 35100 manat dəyərində 1 otaqlı və 46150 manat dəyərində olan 2 otaqlı mənzillər, 10-cu mərtəbədə yerləşən 79300 manat məbləğində 3 otaqlı, 11-ci mərtəbədə yerləşən 79300 manat məbləğində 3 otaqlı, ümumilikdə 239850 manat dəyərində olan əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən 18.03.2021-ci il tarixdə cavabdehə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq 12.03.2021-ci il tarixdə 239850 manat dəyərində olan əmlakın siyahıya alınması bildirilmiş, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə cavabdehin iddiaçı barədə 12.02.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli 2- 1(103)-212/2021 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.04.2019-cu il tarixli 2-1(82)-1419/2019 saylı qərarı dəyişdirilmədən saxlamılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli 2-1(103)-212/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı tərəfindən verilmiş 30.12.2021-ci il tarixli **********462400 nömrəli məktubda bildirilmişdir ki, cavabdehin 26.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında cavabdehin iddiaçı barədə 12.02.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdehin dövlət büdcəsinə 26.02.2021ci il tarixə ödənilməmiş vergi borcunun olmadığını göstərmişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar