Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1548/2022 28.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx/xx/2021-ci il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 1153.33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 2200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinə qarşı “ xx.xx.2022-ci il tarixli, **********5969 nömrəli qərarın ləğv edilməsi və gücləndirilmiş elektron imza (ASAN imza) Sertifikatının verilməsi” tələbinə dair inzibati mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil verdiyi izahatda iş üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, hazırkı mübahisə Dövlətin adından fəaliyyət göstərən və hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan ilə vergi ödəyicisi olan hüquqi şəxs arasında yaranmışdır. Mübahisənin predmeti hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması olmaqla sahibkarlıq fəaliyyəti ilə deyil, iddiaçının inzibati orqan olaraq inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 15.2.1-ci bəndinə görə, ərazi vergilər departamentləri, 15.2.2-ci bəndinə görə isə ərazi vergilər idarələri inzibati orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu konstitusiya vəzifəsi Konstitusiyanın 7, 12 və 16-cı maddələrinin mənasına görə dövlət və dövlət hakimiyyətinin ictimai hüquqi təbiəti ilə şərtləndirilən xüsusi hüquqi (mülki hüquqi) deyil, məhz ictimai-hüquqi xarakterə malikdir. ... Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın müddəalarına əsaslanan VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 4-cü bəndinə müvafiq olaraq İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdehin əmlakının siyahıya alınması haqqında Qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə müvafiq olaraq inzibati aktdır. Ona görə ki, həmin Qərar 1. inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir; 2. ümumi (publik) hüquq sahəsinə (vergi qanunvericiliyinə) aid olan hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə ödənilməsinin təmin olunmasını həll etmək məqsədilə qəbul edilmişdir; 3. ünvanlandığı hüquqi şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr (sərəncam vermək hüququndan məhrum etmə, əmlakdan istifadənin vergi orqanının nəzarəti ilə həyata keçirmə, israf, dəyişdirmə, gizlətmə hallarında cinayət məsuliyyətinə cəlb edilmə və sair) yaratmışdır; 4. qərar formasında qəbul edilmiş hakimiyyət tədbiridir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranan hüquq münasibəti ümumi (publik) hüquq normaları ilə tənzimlənməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 455-VQD nömrəli Qanunu ilə MPM-in 26.1-ci maddəsində “fiziki şəxslər arasında” sözlərindən sonra “, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında” sözləri, 26.2.8-ci maddəsində isə “vergi ödəmələri barədə” sözlərindən sonra “, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə” sözləri əlavə edilmiş, xx.xx.2017-ci il tarixdən etibarən həmin işlərə mülki mühakimə icraatı qaydasında baxılmağa başlanmışdır. Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1633-VQD nömrəli Qanunu ilə 26-cı maddə hazırkı redaksiyada verilmiş, bununla da vergi orqanının hesablanmış vergilər üzrə borcların ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə qaldırdığı iddialara mülki mühakimə icraatı qaydasında baxılması tələbi xx.xx.2020-ci il tarixdən ləğv edilmişdir. Vergi Məcəlləsinin 90.2-ci maddəsinin “Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.” tələbinə gəldikdə isə, həmin norma Vergi Məcəlləsi ilk dəfə xx.xx.2000-ci il tarixli Qanunla təsdiq edilən dövrdə qüvvədə olan MPM-in İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat, 24-1-ci fəslinə (l. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) uyğunlaşdırılmış, bununla da öz normativ missiyasını illər əvvəl başa vurmuşdur. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.5-ci maddəsinə görə isə, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. MPM Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını müəyyən edən sahə normativ hüquqi aktı olduğundan, məhkəmə aidiyyəti ilə bağlı kolliziya meydana gəldikdə, Vergi Məcəlləsinə münasibətdə MPM tətbiq olunmalıdır. Konstitusiya Qanununun 10.5-ci maddəsində nəzərdə tutulan “yeni normativ hüquqi akt” anlayışı isə eyni zamanda əvvəllər qəbul olunmuş normativ hüquqi akta yeni əlavə və dəyişiklik edilmiş müvafiq hissə və normaları da əhatə edir. Digər tərəfdən, qanunverici MPM-in 1.4-cü maddəsi ilə tələb etmişdir ki, digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində mülki icraat qaydasında baxılması üçün hüquqi əsaslar mövcud deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırkı iddia tələbi ilə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1548/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1548/2022
28.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver