Məhkəmə qərarları › İş №e-2-2(113)-1549/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1549/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1549/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka müqaviləsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada: - iddiaçı "xxxx" ASC-nin xeyrinə 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 59547,93 manat, faiz borcu üzrə 683,57 manat və cərimə borcu üzrə 108,89 manat olmaqla, cəmi 60340,39 manat borc, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqı, eyni zamanda 410 manat mediasiya xərci və xidmət haqqının tutulması; 2. tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh2 məxsus ünvan 1 (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********84- 05301-093025) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; 3. ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh4 arasında bağlanmış 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən illik 5 faiz olmaqla, 60 ay müddətinə 100000,00 (yüz min) manat məbləğində kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 və Cavabdeh3 ilə "xxxx" ASC-nin Nərimanov filialı arasında 11BZ/20 və 11BZ-1/20 saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh4 ilə "xxxx" ASC-nin “Nərimanov” filialı arasında bağlanmış xx.xx.2020-ci il, 11Bİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 59, M2, mənzil 3 (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********84-05301- 093025) ipoteka ilə yüklü edilmişdir. Borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri banka qaytarmayaraq, müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün ümumilikdə 46,45 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən 11B/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 59547,93 manat, faiz borcu üzrə 683,57 manat və cərimə borcu üzrə 108,89 manat olmaqla, cəmi 60340,39 manat borcu mövcuddur. Cavabdehlərə 11B/20 saylı xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında həm poçt, həm VÖEN elektron kabinet, həm də elektron məhkəmə sisteminin kabineti vasitəsi ilə xx.xx.2024-cü il tarixli, 6-2-22/2-895/2024 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasına gəlmədiklərindən tərəflər arasında mediasiya baş tutmamış və mediator tərəfindən “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 410 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Hazırkı mübahisə üzrə iddia qiyməti ümumillikdə 60340,39 manat olduğundan, iddia irəli sürülərkən 271,02 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı "xxxx" ASC mediasiya xərci olan 410 manat ödədiyindən, həmin həddə dövlət rüsumu ödəməkdən azad olunur. Buna görə də iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 385.1, 427, 442, 445.7, 448.2, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra, iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada: - iddiaçı "xxxx" ASC-nin xeyrinə 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 54977,05 manat, faiz borcu üzrə 320,70 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər illik 5% olmaqla, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 1835,52 manat, cərimə borcu üzrə 92,54 manat olmaqla, cəmi 57225,81 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 410 manat mediasiya xərci və xidmət haqqının tutulması; 2. tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 59, M2, mənzil 3-ə (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********84- 05301-093025) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; 3. ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, tələbin dəqiqləşdirilməsi ərizəsinin təqdim edilməsinin səbəbi ondan ibarətdir ki, məhkəmə prosesi zamanı mülki iş ekspertizada olmuş və cavabdehlər tərəfindən qalıq borcdan ödənişlər edilməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/7152/2024 nömrəli ekspert rəyinə əsasən əsas borc və faiz borcunun, illik 5 % olmaqla bu günə olan gecikdirilmiş faiz borcunun, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən isə cərimə borcunun tələbi ilə bağlı tələbimizi dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, ekspert rəyinə əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixə əsas borc üzrə 54977,05 manat, faiz borcu üzrə isə 320.70 manat borcu mövcuddur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə 92,54 manat cərimə borcu mövcuddur. Əlavə olaraq, ekspert tərəfindən verilmiş rəydə olan məbləğlər əsas götürülməklə, sadə hesablama yolu ilə müəyyən edilir ki, cavabdehlərin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 1835,52 manat illik 5 % olmaqla, hesablanmış gecikdirilmiş faiz borcu mövcuddur (239 gün x 7,68 (hər günə düşən faiz məbləği) = 1835,52 manat). AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü ii tarixli qərarına əsasən öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

6. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

7. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə borc verən arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 60 ay müddətində (xx.xx.2025ci il tarixədək) 100000 manat məbləğində kreditdən istifadəyə görə illik 5% ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı: Əsas və dövriyyə vəsaitlərinin artırılması (1.2). Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 5.4 faiz təşkil edir (1.4). Müqavilənin 3.9-cu bəndinə əsasən Kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür.

10. Kredit müqaviləsinə əlavə olunan ödəniş qrafikindən görünür ki, xx.xx.2025-ci il tarixi son ödəniş tarixi olaraq müəyyən olunmuşdur.

11. 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11BZ/20 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

12. 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11BZ- 1/20 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

13. 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq İpoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2020-ci il, 11Bİ/20 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1. "xxxx" MMC qiymətləndirmə şirkətinin 1064/İBAR saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 200000 manat, likvid dəyəri isə 180000 manat məbləğində müəyyən edilir (1.7-ci bənd).

14. İş materiallarına ilkin olaraq əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh4 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 59547,93 manat, faiz borcu üzrə 683,57 manat, cərimə borcu üzrə 108,89 manat borcu vardır.

15. İş materiallarına iddia tələbi dəqiqləşdirildikdən sonra əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh4 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 55699,28 manat, faiz borcu üzrə 348,05 manat, cərimə borcu üzrə 92,54 manat borcu vardır.

16. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 17 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 3258 nömrəli reyestr kitabının 304269 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1 Cavabdeh2 məxsusdur. Qeydiyyat tarixi xx.xx.2019-cu ildir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 3258 nömrəli reyestr kitabının 304269 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1-in kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

19. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin qeydiyyata alınması üçün xidmət haqqı ödəmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1549/2024 saylı qərardadı ilə "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsi üzrə ilk maliyyə arayışında qeyd olunan və pretenziya məktubunda göstərilən tarixə (xx.xx.2024-cü il) və sonuncu maliyyə arayışında qeyd olunan tarixə (xx.xx.2024-cü il) əsas, faiz və cərimə borcunun nə qədər təşkil etdiyinin müəyyən olunması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası, ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 1 ünvanında (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********84-05301- 093025) yerləşən mənzilin hazırkı vaxtda likvid qiyməti və real bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi üzrə ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7152 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları və 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 59187,88 manat, faiz borcu üzrə 485,01 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 54977,05 manat, faiz borcu üzrə 320,70 manat müəyyən edilmişdir.

22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 sentyabr 2024-cü il tarixli, LP- 148/2024 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 220000 manat, likvid qiyməti 198000 manat təşkil edir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

28. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, razılaşmaya əsasən borc alana 60 ay müddətinə (xx.xx.2025-ci il tarixədək) 100000 manat məbləğində kredit verilmişdir. 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Bankla Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli, 11BZ- 1/20 saylı, Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli, 11BZ/20 saylı zaminlik müqavilələri, Cavabdeh2 ilə xx.xx.2020-ci il, 11Bİ/20 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

29. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 11B/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 54977,05 manat, faiz borcu üzrə 320,70 manat pulun tutulması təşkil edir.

30. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, 11B/20 saylı xx.xx.2020-ci il tarixli krеdit razılaşması üzrə 54977,05 manat əsas bоrc, 320,70 manat faiz bоrcu cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.

31. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11B/20 saylı xx.xx.2020-ci il tarixli krеdit razılaşması üzrə 192,54 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

32. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada cərimə borcu üzrə 92.54 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.

34. İddia tələbinin bir hissəsini də cavabdеhlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər illik 5% olmaqla hesablanmış gecikdirilmiş faiz borcu üzrə 1835,52 manat pulun tutulması təşkil edir.

35. İddiaçı cavabdehlərin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 1835,52 manat ödəməli olduğunu (illik 5 % olmaqla, hesablanmış gecikdirilmiş faiz borcu mövcuddur (239 gün x 7,68 (hər günə düşən faiz məbləği) = 1835,52 manat) bildirmişdir.

36. Məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, 5%-lə bir günə hesablanan məbləğ 7,64 manat təşkil edir. İddiaçı isə həmin məbləği 7,68 manatdan hesablamışdır. Gecikdirilmiş müddət 239 gün təşkil etmişdir. Beləliklə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan məbləğ 1825,96 manat (239 gün x 7,64 (hər günə düşən faiz məbləği) = 1825,96 manat) təşkil edir.

37. Ona görə də belə nəticəyə gəlinir ki, , xx.xx.2024-cü il tarixdən (ikinci maliyyə arayışının verildiyi tarixdən) iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə verilən tarixə (26 noyabr 2024-cü il tarixə) olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan, 1825,96 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

38. İddiaçı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmüşdür.

39. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülük qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, göstərilən kredit müqaviləsi üzrə tutma Cavabdeh2 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 59, M2, 3 saylı mənzilə (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********84-05301- 093025) ünvanında yerləşən mənzilə yönəldilməli, ipoteka predmeti olan əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.

41. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

42. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 198000 (yüz doxsan səkkiz min) manat olması müəyyən edilmişdir.

43. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti 198000 (yüz doxsan səkkiz min) manat məbləğində müəyyən edilməlidir.

44. İddia tələbinin satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd olunmalıdır ki, ümumilikdə borc məbləğinin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutulması qət edilmişdir və bu, ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ümumi qaydada tutulmasını da özündə ehtiva edir.

45. İddiaçı həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat pul və 410 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.

46. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli bildiriş qeydə alınması üçün xx.xx.2023-cü il tarixdə 46,45 manat məbləğində rüsum və xidmət haqqı ödənmişdir.

47. xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq iddiaçı tərəfindən 410 manat məbləğində pul Bakı 18 saylı Mediasiya Təşkilatının hesabına ödənmişdir.

48. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

49. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7152 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat, 31 may 2024-cü il tarixli, 9/3038 nömrəli rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat olmaqla, ümumilikdə 150 manat təşkil edir.

50. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

51. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 sentyabr 2024-cü il tarixli, LP-148/2024 saylı mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinə əsasən 54977,05 manat (əlli dörd min doqquz yüz yetmiş yeddi manat beş qəpik) əsas borc, 320,70 manat (üç yüz iyirmi manat yetmiş qəpik) faiz borcu, 92,54 manat (doxsan iki manat əlli dörd qəpik) cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1825,96 manat (min səkkiz yüz iyirmi beş manat doxsan altı qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat (qırx altı manat qırx beş qəpik) rüsum və xidmət haqqı, 410 (dörd yüz on) manat mediasiya xərci olmaqla, ümumilikdə 57672,70 manat (əlli yeddi min altı yüz yetmiş iki manat yetmiş qəpik) məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus, ünvan 1 (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********84-05301- 093025) ünvanında yerləşən mənzilə yönəldilsin, ipoteka predmeti olan əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 198000 (yüz doxsan səkkiz min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar