Məhkəmə qərarları › İş №e-2-2(113)-155/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-155/2025

10.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-155/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi vəzifəsinin qoyulması və kirayə haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi vəzifəsinin qoyulması və kirayə haqqının ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi vəzifəsinin qoyulması və kirayə haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə (Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.m. və zirzəmisindəki 102,9 kv.metrdən ibarət qeyri-yaşayış sahələri yerləşən yerdə inşa edilmiş yüksəkmərtəbəli binanın birinci mərtəbəsində inşa edilmiş 90 kv.m. təmirli qeyri-yaşayış sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və 2023-cü ilin noyabr aynın 1-dən başlayaraq həmin 90 kv.m. qeyri yaşayış sahəsi təhvil verilənədək hər ay üçün 1200 manat kompensasiya şəklində kirayə haqqının cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçılar ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 001 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçılar RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.m. və zirzəmisindəki 102,9 kv.metrdən ibarət qeyri-yaşayış sahələrini sökülmək üçün Cavabdeh Mənzil Tikinti Kooperativinə təhvil verməyi, MTK isə bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada həmin ünvanda Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanında inşa ediləcək binanın birinci mərtəbəsində iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə 90 kv.m. təmirli qeyri-yaşayış sahəsini iddiaçıların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilədə cavabdeh binanın tikintisi başa çatana və təmirli qeyri-yaşayış sahəsi ilə təmin edilən günədək müvəqqəti qeyri-yaşayış sahəsi ilə təmin etmək məqsədi ilə kompensasiya şəkilində aylıq kirayə haqqı olaraq 1200 manat məbləğində pulu üç ayda bir dəfə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda binanın tam hazır olmasına baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edir. Cavabdeh 13 noyabr 2023-cü il tarixli, 172 nömrəli məktub göndərərək, X5 küçəsində inşa etdiyi binanın 1-ci giriş, 1-ci mərtəbəsində (33-34 və L-N oxlar arası) 90 kv.m.qeyriyaşayış sahəsini iddiaçılara təklif edir. Qeyri-yaşayış sahəsi isə həmin göstərilən oxlar arasında yerləşmədiyindən həmin hissə qəbul edilmir və iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerində inşa olunan hissə cavabdehdən tələb edilir. Cavabdeh isə həmin sahəni başqa şəxsə satmaq istədiyinə görə həmin sahəni təhvil verməkdən müxtəlif bəhanələrlə imtina edir. Səbəbi isə ondan ibarətdir ki, veriləcək sahənin qapıları hər iki tərəfdən avtomobil yoluna açılır və alış-veriş üçün daha əlverişli sahədə yerləşir. Təklif edilən sahə isə dalanda yerləşir. Artıq uzun müddətdir ki, mübahisə davam edir. Eyni zamanda 01 noyabr 2023-cü ildən kompensasiya şəklində üzərinə götürdüyü kirayə haqqını ödəmir. Cavabdehə pretenziya göndərilsə də, bu günə qədər cavab verməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi tələb edilən 90 kv.m. qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə xx.xx.2024-cü ilədək qadağan qoyulmuşdur. xx.xx.2017-ci il tarixli, 001 saylı müqavilənin 1.1.1-ci bəndinə əsasən iddiaçının mülkiyyətində olan, X5 küçəsi 23 ünvanında yerləşən əmlakın 1-ci mərtəbəsində 44,9 kv.m və zirzəmisində 102,9 kv.m. qeyri-yaşayış sahəsini sökülməsi üçün cavabdehə təhvil verilməsini iddiaçılar öz öhdələrinə götürmüşdür. Həmin Müqavilənin 1.1.2-ci bəndinə əsasən cavabdeh həmin ünvanda əmlakın 1-ci mərtəbəsində və zirzəmisində yerləşən mülkiyyətində olan qeyriyaşayış sahələrinin sökülməsini və həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsində 90 kv.m təmirli qeyri-yaşayış sahəsini iddiaçıların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.4-ci bəndinə əsasən tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıracağını və nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. Bu gün artıq 7 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 389.1, 442, 448.1-ci maddələrinə istinad edilmişdir.

4. Daha sonra iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinin tələblərinə uyğun formada ərizə ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.m. və zirzəmisindəki 102.9 kv.metrdən ibarət qeyri-yaşayış sahələri yerləşən yerdə inşa edilmiş yüksəkmərtəbəli binanın birinci mərtəbəsində inşa edilmiş 90 kv.m. təmirli qeyriyaşayış sahəsinin iddiaçılara təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və 2023-cü ilin noyabr aynın 1-dən başlayaraq həmin 90 kv.m. qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilənədək hər ay üçün 1200 manat kompensasiya şəklində kirayə haqqının, dövlət rüsumu olaraq ödənilən 124 manatın əvəzinin, hüququ yardım üçün ödənilmiş 240 manatın cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçılar və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, bina istismara qəbul olunubdur. Öhdəlikləri ondan ibarətdir ki, birinci mərtəbədə 90 kvadrat metr hissə qarşı tərəfə verilməlidir. Tərəf bununla bağlı məlumatlandırılıb, lakin özü obyekti təhvil almır. Qarşı tərəf özü təhvil almadığı üçün ona icarə haqqı ödənilməməlidir. Ekspert rəyində də qeyd olunub ki, həmin ərazi oxlar arasında yerləşir və həmin hissənin verilməsi ilə bağlı problem yoxdur.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, əmlak mülkiyyətçiləri qismində İddiaçı1, X2 və İddiaçı2 ilə tikinti şirkəti qismində Cavabdeh MTK arasında 30 dekabr 2017-ci il tarixli, 001 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü maddəsinin tələblərinin və müqavilənin icrası ilə əlaqədar olaraq göstərilən məzmunda üzərlərinə öhdəliklər götürürlər: əmlak mülkiyyətçiləri müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışları ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X5 23 ünvanında yerləşən əmlakın 1-ci mərtəbəsində 44,9 kv.m və zirzəmisindəki 102,9 kv.m ibarət qeyri-yaşayış sahələrini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti Şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür; 1.1.2. Tikinti şirkəti Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 ünvanında əmlakın 1-ci mərtəbəsində və zirzəmisində yerləşən əmlak mülkiyyətçilərinin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsində 90 kv.m, təmirli qeyriyaşayış sahəsini əmlak mülkiyyətçilərinin mülkiyyətinə verməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və əmlak mülkiyyətçilərini təmirli qeyri-yaşayış sahəsilə təmin edən günədək onun müvəqqəti qeyri-yaşayış sahəsi təmin etmək məqsədi ilə əmlak mülkiyyətçilərinə kompensasiya şəklində aylıq 1200 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçilərinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir; 2.1-ci bəndinə əsasən əmlak mülkiyyətçilərinin mülkiyyətlərində olan əmlakı öz vəsaiti hesabına tam boşaldaraq, yüklü olmaması barədə arayışı təqdim etmək şərti ilə tikinti şirkətinə təhvil vermək vəzifəsi, yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti qeyriyaşayış sahəsi təmin etmək məqsədi müqavilənin 1.2-ci bəndində göstərilən kirayə haqqını tikinti şirkətindən tələb etmək hüququ vardır; 2.2-ci bəndinə əsasən tikinti şirkətinin müqavilənin predmeti olan əmlakı sökmək məqsədi ilə əmlak mülkiyyətçilərindən qəbul etmək, müqavilədə razılaşdırılmış şərtlərə əsasən mövcud əmlakın sökülməsini həyata keçirmək, əmlak mülkiyyətçilərinə müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş kirayə haqqının ödənişini təmin etmək, əmlak mülkiyyətçilərinə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbətin pul şəklində əmlak mülkiyyətçilərinə ödəmək, yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçilərinə təhvil vermək vəzifəsi vardır. Müqavilənin 2.1.4-cü bəndinə əsasən yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti qeyri-yaşayış sahəsi təmin etmək məqsədi bu Müqavilənin 1.2. bəndində göstərilən kirayə haqqını tikinti şirkətindən tələb etmək əmlak mülkiyyətçilərinin hüquqlarına aid edilmişdir. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

8. İş materiallarına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ünvan reyestrindən arayış, qeyriyaşayış sahəsinin texniki pasportu və hesabdan çıxarış əlavə edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Bakı şəhəri, Nəsimi rayonu, Azalıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov , Mirəli Qaşqay küçələrinin kəsişməsinə “Azəri Tikinti Şirkəti" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş 2 ədəd 1 girişli, 16 mərtəbəli (3 səviyyəli zirzəmili + texniki mərtəbə), 1 ədəd 2 girişli,16 mərtəbəli (antresollu+1 səviyyəli zirzəmili+kürsü+texniki mərtəbə), 1 ədəd 1 girişli, 16 mərtəbəli (+1səviyyəli+zirzəmili+kürsü+texniki mərtəbə), 229+157 mənzilli yaşayış binalarına Bakı şəhəri, ünvan 6 ünvanı verilərək mövcud vəziyyətdə 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı1, X2 və İddiaçı2 məxsusdur (qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2013-cü il). Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestində 122 nömrəli reyestri kitabının 11362 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. Cavabdeh MTK tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 172 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, Cavabdeh MTK ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 001 saylı müqaviləyə əsasən X5 küçəsində inşa etdiyi binanın 1-ci giriş, 1-ci mərtəbəsində (33-34 və L-N oxlar arası) 90 kv.m qeyri-yaşayış sahəsinin istifadə olunması üçün təhvil verildiyi qeyd edilmiş, tikinti şirkətindən təhvil alınması xahiş edilmişdir.

12. İddiaçı1 tərəfindən Cavabdeh MTK-ya göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, 001 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

13. Cavabdeh MTK tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 172 nömrəli məktubu ilə müqaviləyə əsasən X5 küçəsində inşa edilən binanın 1-ci giriş, 1-ci mərtəbəsində 90 kv.m qeyri-yaşayış sahəsi istifadə olunması üçün təhvil verildiyi qeyd edilmiş,tikinti şirkətə yaxınlaşıb əmlakın təhvil alınması xahiş edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/329 nömrəli ekspert rəyindən müəyyən olunur ki, iddiaçılara təklif edilən, X5 küçəsində cavabdeh tərəfindən inşa edilən binanın 1-ci giriş, 1-ci mərtəbəsində (33-34 və L-N oxlar arası) 90 kv.m qeyri-yaşayış sahəsi RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən iddiaçıların mülkiyyətində olmuş, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 44,9 kv.m və zirzəmisindəki 102,9 kv.m-dən ibarət qeyri-yaşayış sahələri ilə eyni oxlar arasında yerləşir. Belə ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahələri arxiv texniki pasportunun şərti istinad planında Sahib Zeynalov və M.Qaşqay küçələrinin kəsişməsində yerləşməsini göstərir və bu da bir daha sözügedən sahələri faktiki inşa edilmiş binanın oxlar arasında yerləşməsini göstərir. İnşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsindən iddiaçıların mülkiyyətində olmuş qeyri-yaşayış sahələrinin olduğu yerdə yerləşən, həmin yerləşmə yerinə uyğun sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi texniki cəhətdən mümkündür. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

16. İşin faktiki hallarından göründüyü kimi, iddiaçılar ilə tikinti şirkəti qismində Cavabdeh MTK arasında 30 dekabr 2017-ci il tarixli, 001 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən əmlak mülkiyyətçiləri olan iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* N°-li, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* N°-li, xx.xx.2013-cü il tarixli çıxarışlarla öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 ünvanında yerləşən əmlakın 1-ci mərtəbəsində 44,9 kv. metr və zirzəmisindəki 102,9 kv. metrdən ibarət qeyri-yaşayış sahələrini sökülmək üçün tikinti şirkəti cavabdehə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi, cavabdeh isə Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 ünvanında əmlakın 1-ci mərtəbəsində və zirzəmisində yerləşən “Əmlak mülkiyyətçiləri”nin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsində 90,00 kv.metr, təmirli qeyri-yaşayış sahəsini iddiaçıların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçılar tərəfindən müqavilə üzrə müvafiq öhdəliklər lazımınca yerinə yetirilmiş, lakin müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilməmişdir. Cavabdeh iddiaçılara 13 noyabr 2023-cü il tarixli, 172 nömrəli məktub göndərərək, inşa olunan binanın 1-ci giriş, 1-ci mərtəbəsində 90 kv.m.qeyri-yaşayış sahəsini iddiaçılara təklif etsə də, iddiaçı yerləşmə yeri ilə bağlı cavabdehlə razılaşmayaraq, iddiaçıların mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerində inşa olunan hissəni cavabdehdən tələb etmişdir. Beləliklə, tərəflər arasında mübahisə verilməli əmlakın yerləşmə yeri ilə bağlı olmuşdur.

17. İddia tələbinin bir hissəsini RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.m. və zirzəmisindəki 102.9 kv.metrdən ibarət qeyri-yaşayış sahələri yerləşən yerdə inşa edilmiş yüksəkmərtəbəli binanın birinci mərtəbəsində inşa edilmiş 90 kv.m. təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir.

18. Cavabdeh iddiaya etiraz edərək, iddia tələbinin predmetini təşkil edən qeyriyaşayış sahəsinin təhvil verilməsi üçün müraciət olunduğu, lakin iddiaçı tərəfindən həmin hissənin onların mülkiyyətində olan hissə ilə uyğun olmadığını iddia edərək qəbul etmədiklərini bildirmişdir.

19. Həmin hissə ilə bağlı ilk öncə qeyd edilir ki, tərəflər azad surətdə müqavilə bağlayaraq həmin müqavilənin məzmununu özləri müəyyənləşdirmişlər və müqavilənin 1.1.2-ci bəndinə əsasən cavabdeh inşa etdiyi binanın 1-ci mərtəbəsində 90,00 kv.metr, təmirli qeyri-yaşayış sahəsini iddiaçıların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, yəni həmin bənddən göründüyü kimi, binanın 1-ci mərtəbəsində əvvəlki əmlakların yerləşdiyi yerdə verilmə ilə bağlı bir şərt olmamış, sadəcə binanın 1-ci mərtəbəsində 90,00 kv.metr, təmirli qeyri-yaşayış sahəsini iddiaçıların mülkiyyətinə vermə ilə bağlı öhdəlik olmuşdur.

20. Həmçinin qeyd olunur ki, cavabdehin nümayəndəsi iddia olunan hissədə yerləşən əmlakın başqa bir şəxsə satıldığı və həmin şəxsin mülkiyyətində olduğunu bildirmiş və bununla bağlı məhkəməyə çıxarış təqdim edilmişdir.

21. Eyni zamanda məhkəmə tərəfindən iddiaçılara təklif edilən, X5 küçəsində cavabdeh tərəfindən inşa edilən binanın 1-ci giriş, 1-ci mərtəbəsində (33-34 və L-N oxlar arası) 90 kv.m qeyri-yaşayış sahəsi RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən iddiaçıların mülkiyyətində olmuş, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.m və zirzəmisindəki 102.9 kv.metrdən ibarət qeyri-yaşayış sahələri ilə eyni oxlar arasında yerləşib-yerləşmədiyinin və inşa edilmiş yüksəkmərtəbəli binanın birinci mərtəbəsindən iddiaçıların mülkiyyətində olmuş qeyri-yaşayış sahələrinin olduğu yerdə yerləşən sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsinin texniki və s. cəhətdən mümkünlüyünün müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/329 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, iddiaçılara təklif edilən, X5 küçəsində cavabdeh tərəfindən inşa edilən binanın 1-ci giriş, 1-ci mərtəbəsində (33-34 və L-N oxlar arası) 90 kv.m qeyri-yaşayış sahəsi RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən iddiaçıların mülkiyyətində olmuş, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 44,9 kv.m və zirzəmisindəki 102,9 kv.mdən ibarət qeyri-yaşayış sahələri ilə eyni oxlar arasında yerləşir. Belə ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahələri arxiv texniki pasportunun şərti istinad planında Sahib Zeynalov və M.Qaşqay küçələrinin kəsişməsində yerləşməsini göstərir və bu da bir daha sözügedən sahələri faktiki inşa edilmiş binanın oxlar arasında yerləşməsini göstərir. İnşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsindən iddiaçıların mülkiyyətində olmuş qeyri-yaşayış sahələrinin olduğu yerdə yerləşən, həmin yerləşmə yerinə uyğun sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi texniki cəhətdən mümkündür.

22. Eləcə də o da vurğulanmalıdır ki, iddiaçının tələbi məhz binanın 1-ci mərtəbəsində əvvəlki əmlakların yerləşdiyi yerdə deyil, binanın birinci mərtəbəsində inşa edilmiş 90 kv.m. təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara təhvil verilməsi ilə bağlı olmuşdur.

23. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, iddiaçıların müqavilə üzrə qeyri-yaşayış sahəsinin təhvil verilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olmuş, RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.m. və zirzəmisindəki 102.9 kv.metrdən ibarət qeyri-yaşayış sahələri yerləşdiyi yerdə inşa edilmiş yüksəkmərtəbəli binanın birinci mərtəbəsində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 90,00 kv.m. təmirli qeyri-yaşayış sahəsinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır.

24. İddia tələbinin digər hissəsini 2023-cü ilin noyabr aynın 1-dən başlayaraq həmin 90 kv.m. qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilənədək hər ay üçün 1200 manat kompensasiya şəklində kirayə haqqının tutulması təşkil edir.

25. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, müqavilənin 2.1.4-cü bəndinə əsasən yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti qeyri-yaşayış sahəsi təmin etmək məqsədi bu Müqavilənin 1.2. bəndində göstərilən kirayə haqqını tikinti şirkətindən tələb etmək əmlak mülkiyyətçilərinin hüquqlarına aid edilmişdir. Çoxmərtəbəli yaşayış binasının tikintisinin başa çatması işin mübahisəsiz halıdır. Həmçinin iş materiallarında olan, həmçinin iddia ərizəsində istinad olunan xx.xx.2023-cü il tarixli, 172 nömrəli məktubdan görünür ki, inşa edilən binanın 1-ci giriş, 1-ci mərtəbəsində 90 kv.m qeyri-yaşayış sahəsi iddiaçılara təklif olunmuş, əmlakın təhvil alınması xahiş edilmiş, lakin qeyd olunan səbəblərə görə iddiaçılar tərəfindən qəbul edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən 2023-cü ilin noyabr ayına qədər öhdəliklər yerinə yetirilmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır.

26. Eləcə də, iddiaçılar dövlət rüsumu olaraq ödədiyimiz 124 manatın əvəzi, hüququ yardım üçün ödənilmiş 240 manat cavabdehdən tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, iddianın qismən təmin olunduğu nəzərə alınaraq, ödənilmiş dövlət rüsumuna görə 100 manat, hüququ yardım xərci olaraq 240 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 50 manat hissəsi Cavabdehndən, 50 manat hissəsi isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olmuş, RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.m. və zirzəmisindəki 102.9 kv.metrdən ibarət qeyri-yaşayış sahələri yerləşdiyi yerdə inşa edilmiş yüksəkmərtəbəli binanın birinci mərtəbəsində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 90,00 kv.m. təmirli qeyri-yaşayış sahəsinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumuna görə 100 manat, hüququ yardım xərci olaraq 240 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 50 manat hissəsi Cavabdehndən, 50 manat hissəsi isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar