Məhkəmə qərarları › İş №e-2-2(113)-1550/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1550/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1550/2022 18.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh “X4 Company” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 104627.06 AZN məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08 aprel 2016-cı il tarxili İcarə müqaviləsinə əsasən “Zəyəm Texnologiyalar Parkı ASC-nin “Qurğular”ı X2 Company” MMC-yə icarəyə verilmişdir. İcarə müddəti 08.04.2016-cı il tarixdən 01.10.2017-ci il tarixədək davam etmişdir. Müqavilə üzrə cəmi icarə haqqı 104627.06 manat (ƏDV daxil) hesablanaraq 30.06.2018-ci il tarixində EVHF təqdim edilmişdir. Müqavilədə qeyd olunduğu kimi 3.2.2-ci bəndinə əsasən “İcarəçi” müqaviləyə əsasən İcarə haqqının ödənilməsini təmin etməli və 2.3-cü bəndinə əsasən ödəniş hər ayın 15-dən gec olmayaraq həmin ay üçün həyata keçməli idi. Lakin bu günədək cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2022-ci il tarixli, e-2-2(113)-1550/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hazırkı iş üzrə cavabdeh “X4 Company” MMC onun hüquqi varisi olan "xxxx" ASC ilə əvəz edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Tağıyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsinə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: "xxxx" ASC ilə “X3 Company” MMC arasında 08 aprel 2016-cı il tarixdə “Qurğuların icarəyə verilməsi haqqında” müqavilə imzalanmış, həmin müqavilə tərəflərin nümayəndələrinin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarını əvəzli olaraq icarəçinin istifadəsinə verir, icarəçi isə müqaviləyə uyğun olaraq aylıq icarə haqqının icarəyə verənə ödənilməsini təmin edir. 2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində hər təqvim ayı 5900 manat məbləğində (ƏDV daxil) icarə haqqı ödənilməlidir. Ödəniş hər ayın 15-dən gec olmayaraq həmin ay üçün həyata keçirilir. 3.1.1.3-cü bəndinə əsasən icarəyə verən icarə haqqının ödənilməsini tələb etmək hüququna malikdir. 3.2.2.2-ci bəndinə əsasən icarəçi müqaviləyə əsasən icarə haqqının ödənilməsini təmin edir. 08.04.2016-cı il tarixli aktdan görünür ki, həmin tarixli icarə müqaviləsi üzrə maddi qiymətlilər icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmiş, aktın hər səhifəsi tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. 20.06.2018-ci il tarixli EAAJ seriyalı, 984716 nömrəli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənilməli olan icarə haqqının məbləği 104627.06 manat təşkil edir. "xxxx" ASC 26 sentyabr 2019-cu il tarixdə “X4 Company” MMC-yə pretenziya qaydasında məktub ünvanlayaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və ondan icarəyə götürdüyü qurğulara görə ümumilikdə 104627.06 manat olan borcunu 10 iş günü ərzində ödəməyi tələb etmiş, əks təqdirdə qanunvericiliyə əsasən müvafiq addımların atılacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 08.04.2016-cı il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 08.04.2016-cı il tarixli müqavilə və həmin müqaviləyə əlavə edilmiş Təhvil-təslim aktına əsasən iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarını cavabdehə icarəyə vermiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməyərək icarə haqlarını ödəməmişdir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 104627.06 manat icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 104627.06 manat (bir yüz dörd min altı yüz iyirmi yeddi manat altı qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 104657,06 manat (bir yüz dörd min altı yüz əlli yeddi manat altı qəpik) pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar