Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1552/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 129.477,27 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********8 olan Cavabdeh MMC- nin X1 etməsi ilə bağlı iddiaçı“xxxx” ASC-yə cəmi 129 477,27 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MMCdəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 129 477,27 manat borcu bu günə qədər ödəməyərək «xxxx» ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Cavabdeh MMC-nin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırımüəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatımüəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında» 25.03.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. «xxxx» ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “xxxx” ASC ilə Cavabdeh MMC arasında 23.06.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 8-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 10-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - “xxxx” ASC tərəfindən Cavabdeh MMC-yə 18 yanvar 2021-ci il tarixli, 01-95/21 saylı pretenziya məktubu ünvanlanaraq, 129.477,27 manat məbləğində borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Abunə haqqında məlumatlardan görünür ki, abonent Cavabdeh MMC-nin 30.04.2021-ci il tarixinə “xxxx” ASC-yə borcu 94.637,55 manat, 16.05.2021-ci il tarixinə borcu isə 113.810,61 manat təşkil etmişdir. - Cavabdeh MMC-nin 30.04.2021-ci il tarixdə məhkəməyə ünvanladığı məlumatdan görünür ki, Cavabdeh MMC həmin tarixə olan borcu 94.819,62 manat təşkil etməsini təsdiq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin ödənilməsini tələb etdiyi 129.477,27 manat borc məbləği cavabdeh “”Cavabdeh” MMC-nin istifadə etdiyi elektrik enerjisinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. İşə məhkəmədə baxılarkən həmin borcun bir hissəsi ödənilmiş və sonuncu abunə haqqında məlumata əsasən 17.05.2021-ci il tarixə borc məbləği 113.810,61 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.14-ci bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İşin yuxarıda göstərilən hallarından və istinad edilən qanunvericilik normalarından da göründüyü kimi iddiaçı “xxxx” ASC Cavabdeh MMC-dən istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcun ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MMC-dən 113.810,61 manat məbləğində borc tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsi iddiaçılara aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 113.810,61 manat (yüz on üç min səkkiz yüz on manat altmış bir qəpik) məbləğində X1yə görə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1552/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1552/2021
17.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver