Məhkəmə qərarları › İş №e-2-2(113)-1555/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1555/2022

04.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1555/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı əsassız yaranmış və hesablanmış borcun silinməsi və sayğacın cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı əsassız yaranmış və hesablanmış borcun silinməsi və sayğacın cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ünvan 1 ünvanda fəaliyyət göstərən Klinikaya daxil olan GPG18720011 nömrəli qaz sayğacının qüsurlu olmasına görə cavabdehin hesabına dəyişdirilməsi, A966EFD517010000 nömrəli kart üzrə (abunə kodu üzrə) yaranmış 3587 kub metr qaz sərfiyyatının (897 manat) silinməsi, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 30 manat və mediasiya təşkilatına isə ödənilmiş 50 manat, ümumillikdə 80 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kavereçkin küçəsi 58 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsində İddiaçı MMC fəaliyyət göstərir. Klinikaya daxil olan qaz boruları klinikanın kənarında qaz sayğacından keçir və sayğacın nömrəsi GPG18720011, kart nömrəsi A966EFD517010000 olmaqla, ümumi -3587 kub qaz sızması nəticəsində borc yaranmış və həmin borca görə Nəsimi rayon qaz idarəsinin əməkdaşı Ramal adlı şəxs (**********) plomb qoyaraq daxil olan qazın qarşısı alınmışdır. Hər ay üzrə smart kart vasitəsi ilə ödənişi karta yükləyir, daha sonra sayğacı oxudub qazdan istifadə edirlər. Onlara məlum olmayan səbəblərdən Klinikanın xairicində yerləşən qaz sayğacında sızma baş vermiş və nəticədə - 3587 kub qaz (3587x 0.25 qəp), yəni 896,75 manat borc yaranmışdır. Qaz sayğaclarına nəzarət edən və birbaşa vəzifəsi olan cavabdeh bundan qabaq heç bir tədbir görməmişdir və hazırda məlum edirlər ki, qaz sayğacı xarabdır (nasazdır) və guya klapanı işləmir. Pretenziya qaydasında cavabdehə müraciət etmiş və məhkəmə araşdırması gedənə kimi qazın bərpa olunmasını, sayğacın cavabdehin hesabına dəyişdirilməsini və yaranmış borcun silinməsini xahiş etmələrinə baxmayaraq, müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Daha sonra qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı, kommersiya münasibətlərindən irəli gələn məsələlər ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 02.03.2022-ci il tarixdə həmin mediasiya təşkilatının mediatoru tərəfindən arayış təqdim edilmişdir. İddia predmeti 1000 manatadək olduğu üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən yeganə yolları bir istehlakçı olaraq məhkəməyə müraciət etməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddia tələbinin əsassız olduğunu, borc məbləğinin əsaslı olaraq hesablandığını, iddiaçının borcunun 797 manat təşkil etdiyini, borcun hesablanmadığını, sayğacın üzərindəki göstəricilərin borc məbləği kimi qeyd olunduğunu, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 14.02.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akta əsasən müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus klinikada quraşdırılmış İtron tipli, G-6 markalı, 1805AZ**********11 nömrəli qaz sayğacı “dəyəri ödənməmiş qaz sərfi” olması səbəbi ilə çıxarılmış, əvəzinə Elster tipli, G-6 markalı, 28024982 nömrəli olan qaz sayğacı quraşdırılmışdır. Aktda sayğac tərəfindən qeydə alınmamış qaz sərfinin 3187 m3 olması qeyd edilmişdir. - Abonent saldosundan görünür ki, İddiaçı MMC-yə (abonent kodu: **********00091) 2022-ci ilin fevral ayına 1249 m3 qaz sərfinə görə 312,25 manat, 2022-ci ilin mart ayına 2060 m3 qaz sərfinə görə 515 manat olmaqla ümumilikdə 827,25 manat borc hesablanmış, 2022-ci ilin mart ayında ödəniş qrafasında -797 manat qeyd edilmiş, 2022-ci ilin mart ayının sonuna borcu cəmi 1624,25 manat təşkil edir. - “Azəriqaz" İstehsalat Birliyi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş 13.04.2022ci il tarixli 469 saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən axırıncı ödəniş 31.03.2022-ci il olmaqla -797 manat olmuş və İddiaçı MMC-yə 31.03.2022-ci il tarixə borc məbləği 1624,25 manat təşkil edir. - İddiaçı MMC-nin (abonent kodu: **********00091) hesabdan çıxarışından görünür ki, İddiaçı MMC-yə 2022-ci ilin fevral ayına 797 manat məbləğində borc hesablanmışdır. - İddiaçı MMC tərəfindən “Azəriqaz" İstehsalat Birliyinə ünvanlanmış pretenziya məktubundan görünür ki, “Azəriqaz" İstehsalat Birliyindən yaranmış borcun silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, şin yuxarıda göstərilən hallarından göründüyü kimi 2022-ci ilin fevralında “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı İddiaçı MMC-nin istifadəsində olan smart kart tipli qaz sayğacının qaz sərfiyyatını düzgün qeydə almadığı aşkar edilmiş, qüsurla işləyən sayğac çıxarılaraq müvəqqəti sayğac quraşdırılmış və sərfiyyatın düzgün qeydə alınmadığı dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq İddiaçı MMC-yə borc hesablanmışdır. Sayğacın qüsurlu işləməsi ilə bağlı iddiaçıya hesablanmış borcun məbləği ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, İddiaçı MMC ona qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması ilə əlaqədar hesablamış 896,75 manat məbləğində borcun silinməsini tələb etsə də, iddiaçıya göstərilən əsasla hesablanmış borcun məhz həmin məbləğində olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, abonent saldosuna, hesab-fakturaya və hesabdan çıxarışa nəzər saldıqda iddiaçıya 2022-ci ilin fevral ayında sayğac göstəricilərinə əsasən hesablanmış borcdan əlavə 797 manat məbləğində borcun hesablandığı məlum olur. Həmçinin cavabdehin nümayəndəsinin məhkəmə verdiyi izahatından da aydın olur ki, mübahisəli dövr ərzində iddiaçıya sayğac göstəricilərinə əsasən hesablanmış borcdan əlavə 797 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə iş materiallarında olan 14.02.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda da sayğac tərəfindən qeydə alınmamış sərfiyyatın 3187 m3 olması (3187x 0,25 qəpik=797 manat) göstərilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-yə 2022-ci ilin fevral ayında sayğac göstəricilərinə əsasən hesablanmış borcdan əlavə qaz sayğacının sərfiyyatı düzgün qeydiyyata almaması ilə bağlı 797 manat məbləğində borc hesablanmışdır. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, Cavabdeh İB 14.02.2022-ci il tarixli ******* saylı aktla sayğacın sərfiyyatı düzgün qeydə almaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Digər tərəfdən Cavabdeh İB İddiaçı MMC-yə sayğacın sərfiyyatı düzgün qeydə almaması ilə əlaqədar ona dəymiş ziyanın məhz 797 manat məbləğində olmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Cavabdeh İB İddiaçı MMC-yə 14.02.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 797 manat məbləğində borcun əsaslı olması iş materialları ilə öz təsdiqini tapmır. Bununla yanaşı “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, borcun silinməsi hissəsində iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14.02.2022-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı MMC-yə hesablanmış 797 məbləğində borc iddiaçının abunə hesabından silinməlidir. İddia tələbinin qaz sayğacının qüsurlu olmasına görə cavabdehin hesabına dəyişdirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, məişət qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğularıdır); 1.3-cü bəndinə görə, qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur; 2.12-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” AR Qanununa müvafiq olaraq istismarına və işçi vəziyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar; 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin müəyyən edilmiş faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, qaz sayğacının cavabdehi hesabına dəyişdirilməsi hissəsində iddia tələbinin maddi hüquqi əsasını “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndi təşkil edir. Adıçəkilən normanın mənasına görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Belə olan halda, iş üzrə hüquqi qiymət verilməsi tələb olunan əsas məsələ hazırkı işdə olduğu kimi, “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulmuş ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olsa da, eyni bənddə təsbit edilən digər - əhalinin məişət ehtiyacları şərtinə cavab verməyən şəkildə qazdan istifadənin məişət qaz qurğularından istifadə sayılıb-sayılmadığıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçıya məxsus klinika kommersiya obyekti olduğu, bu klinikada istehlak olunan qazdan əhalinin məişət ehtiyacları üçün deyil, sırf iddiaçının gəlir götürməsi üçün istifadə olunduğundan, habelə, çıxarılan qaz sayğacı “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinin tələbinə uyğun olaraq iddiaçının vəsaiti hesabına quraşdırıldığından, həmçinin, klinikada qazın hər kub metri üçün güzəşt limiti olmadan 0,25 manat ödənildiyindən, qaz sayğacı cavabdehin vəsaiti hesabına dəyişdirilə bilməz. Məişət qaz qurğularından istifadə edən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılmasının qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməsi yalnız əhali qrupu istehlakçılara münasibətdə nəzərdə tutulmuşdur ki, qanunvericinin niyyəti də məhz bundan ibarətdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda belə onunla 3 nömrəli əlavəyə uyğun, yəni sənaye qaz qurğularından istifadə ilə bağlı müqavilə bağlanması “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndi ilə imperativ qaydada tənzimlənmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qaz sayğacının qüsurlu olmasına görə cavabdehin hesabına dəyişdirilməsi hissəsində əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 50 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2022-ci il fevral ayında hesablanmış 797 manat məbləğində borc silinsin. Çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar