Məhkəmə qərarları › İş №e-2-2(113)-156/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-156/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-156/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil1 və Cavabdeh nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər və əldən çıxmış fayda və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında 10 yanvar 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 925,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəsinə görə bağlanmış müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində İddiaçı MMC-yə vurulmuş maddi zərərə görə 70120 manat, əldə edəcəkləri gəlirlərdən məhrum olduqlarına görə 510000 manat məbləğində pulun (əldən çıxmış fayda) və icarə vergisinə görə aylıq 980 manat olmaqla 2020-ci ilin may ayınadək 13356,97 manat məbləğində pulun Cavabdeh onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) 21.06.2017-ci il tarixdə bir pəncərə prinsipi ilə dövlət qeydiyyatına alınmaqla təsis edilmişdir. 15.11.2018-ci il tarixdə MMC X6 tam pay üzrə alındıqdan sonra nizamnaməyə və 21.12.2017-ci il tarixli İN/L-1145/2017 qeydiyyat nömrəli lisenziyaya uyğun olaraq özəl tibb müəssisəsi (bundan sonra Klinika) kimi fəaliyyətinə başlamışdır. Klinikanın fəaliyyət göstərdiyi ünvan Cavabdeh mülkiyyətindəki sahəsi 925,6 m2 olan ünvan 1, 1- ci mərtəbə, 3 saylı qapı olmuşdur. Belə ki, Cavabdeh ilə İddiaçı MMC arasında 10 yanvar 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 925,6 m2 olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 7000 manat olmaqla, 10 il müddətinə MMC tərəfindən icarəyə götürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli, İN/L-1145/2017/2 qeydiyyat nömrəli lisenziya əlavəsinə əsasən MMC icarəsində olan ünvanda 9 növ tibbi xidmət üzrə fəaliyyətinə icazə verilmişdir. Müqavilə bağladıqdan sonra X6 rəhbərlik etdiyi klinikanın normal fəaliyyəti və keyfiyyətli tibbi xidmət göstərməsi üçün kifayət qədər personal cəlb etmiş və xeyli miqdarda vəsait xərcləməklə ümid edirdi ki, müqavilənin qüvvədə olduğu 10 ilərzində fəaliyyət sahəsini bir az da genişləndirməklə daha çox gəlir əldə edəcək. İcarəyə götürdüyü sahədə lisenziya verən qurumun tələblərinə uyğun olaraq ilk növbədə təmirbərpa işləri aparmış, klinikanı müxtəlif tibbi avadanlıqlarla təchiz etmişdi. Lakin müqavilə bağladıqları müddətdən bəri müqavilə şərtlərini vaxtında və dürüst yerinə yetirməyinə baxmayaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda zərər dəymiş və əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, 2020-ci ilin fevral ayında iki nəfər gənc ona yaxınlaşaraq bildirdilər ki, onlar icarəyə götürdükləri sahəni satın almaq istəyirlər və bununla bağlı Cavabdeh anası Sveta xanım ilə razılaşmışlar. X6 da öz növbəsində bildirdi ki, lap yaxşı, Allah xeyir versin, lakin o bu sahəni 10 illik icarəyə götürmüş və çıxmaq fikrində deyil. Bundan sonra 04 mart 2020-ci il tarixdə Cavabdeh tərəfindən ona rəsmi məktub daxil oldu ki, bir ay ərzində sahəni boşaltsın və təhvil versin. Məktuba cavab olaraq 07 mart 2020-ci il tarixdə cavabdehə məktub ünvanlamaqla rəsmi qaydada bildirdi ki, sahəni boşaltmaq fikri yoxdur, bu müqavilə şərtlərinə və qanuna uyğun deyildir, çünki Mülki Məcəllənin 158.3-cü maddəsində göstərilmişdir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Belə olduğunu gördükdə cavabdehin anası Sveta xanım əgər icarə götürdüyü sahəni 1 ay ərzində boşaltmasa onu şantaj edəcəyini və klinikanın işıqlarını söndürəcəyi ilə hədələyirdi. 2020-ci ilin mart ayında dəfələrlə onun işçiləri olan energetik Nürəddin və binanın komendantı Rəşad ona bildirirdilər ki, Sveta xanım onlardan tələb edir ki, işıqları söndürsünlər. X6 da onlara xəbərdar etdi ki, bura tibb müəssisədir, belə hal olarsa, onlar buna görə məsuliyyət daşıyırlar. Cavabdehə rəsmi ünvanladığı məktubla bildirmişdi ki, aralarında yaranan mübahisələri qarşılıqlı razılıqla həll etməyin tərəfdarıdır və ondan müqavilə şərtlərinə riayət etməsini, hər hansı narazılığı yaranarsa müqavilənin 13-cü maddəsinin tələblələrinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edə biləcəyini xatırlatmışdı. Eyni zamanda bildirmişdi ki, yalnız məhkəmənin qərarı olduğu təqdirdə icarə götürdüyü sahəni boşalda bilər, əks halda qanunvericiliyin tələblərinə və aralarında bağlanmış müqaviləyə müvafiq olaraq vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkədə koronovirus pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri ilə bağlı qərarından sonra cavabdehə rəsmi qaydada müraciət etmişdi ki, karantin müddətində pasiyent olmadığından və klinika heç bir gəlir əldə etmədiyindən icarə haqqının verilməsində ləngimə olacaqdır və bunun nəzərə alınmasını xahiş etmişdi. Bundan başqa bildirmişdi ki, ölkədə elan olunmuş xüsusi karantin rejimi müddətində aralarında bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərinin icrası mümkünsüz olmuşdur. Çünki klinikanın fəaliyyəti onlardan asılı olmayan səbəblərdən müvəqqəti olaraq dayandırmışdır. Baxmayaraq ki, dövlət və özəl tibb müəssisəsi işçilərinin hərəkətinə icazə verilir, klinika yalnız səhiyyə nazirliyinin tövsiyyələri nəzərə alınmaqla növbətçilik qaydasında işləyirdi. Belə ki, müqavilənin 10-cu maddəsində göstərilmişdir ki, tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors major hallarının (yanğın, subasma, zəlzələ, tətil və s.) yaranması ilə bağlı olduğu halda, öhdəliklərin Müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların Tərəflərə təsiri aradan qalxacağı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda Tərəflər Müqavilənin lazımi qaydada icra edilməsi və ya icra edilməməsi üçün məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsində göstərilmişdir ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Karantin dövrünün qarşısıalınmaz hallar sırasına aid olması ilə bağlı misal olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin” Nümunəsinin 21-ci maddəsini göstərmək olar və orada qeyd edilmişdir ki, 21.1 Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, İcraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır. 21.2. Qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. Lakin buna baxmayaraq cavabdeh rəsmi qaydada bildirmişdir ki, ölkədə elan edilmiş xüsusi karantin rejiminin onlara heç bir aiddiyyatı yoxdur, xahişləri əsassızdır və göstərdiyi müddətdə icarə sahəsinin boşaldılmasını tələb edir. Cavabdehin anası Sveta xanım əsassız tələblərlə fəaliyyətlərinə hər fürsətdə maneələr törədirdi. Ölkədəki Xüsusi karantin rejimindən başqa cavabdehin qanunsuz hərəkətləri də mənəvi-psixoloji durumlarına da mənfi təsir göstərirdi. May ayının əvvəllərində Cavabdeh anası Sveta xanımın energetiki Nürəddin və komendant Rəşad ona zəng vuraraq Sveta xanımın onlardan klinikanın işıqlandırılmasını söndürmələrini israrla tələb etdiyini bildirdilər. O bir daha onları bu qanunsuz əməldən çəkinmələrini və buna görə məsuliyyət daşıdıqlarını qeyd etdi. May ayının əvvəllərindən klinikanın normal fəaliyyətinə başlamışdılar ki, 18.05.2020-ci il tarixdə günorta radələrində klinikanın işıqları qəfildən söndürüldü. O dərhal Azərişığın qaynar xəttinə müraciət etdi və onlar bildirdilər ki, işıq borcları yoxdur, işıqların söndürülməsi onlarlıq məsələ deyildir. Müəyyən etdilər ki, bu cavabdeh tərəfin qanunsuz əməlidir. Bununla bağlı Yasamal RPİ-nin 29-cu polis bölməsinə rəsmi qaydada müraciət etmişdi. Lakin polis tərəfindən də heç bir təsirli tədbirlər görülmədi və bildirildi ki, bununla bağlı məhkəməyə müraciət edilməlidir. Qeyd edir ki, tibb müəssisənin işıqlandırılmasının qəsdən qanunsuz söndürülməsi böyük məsuliyyətdir, çünki burada əhaliyə tibbi yardım göstərilir, tibbi avadanlıqlardan istifadə olunur, reaktivlərin, dərman və preparatların xarab olması ilə nəticələnə bilər. Bu da ciddi fəsadlara yolaçmaqla yanaşı klinikaya böyük məbləğdə zərər vurulması ilə nəticələnə bilər. Qeyd etmək istəyir ki, klinikada rəsmi 25-dək müxtəlif ixtisaslı həkimlər və personal fəaliyyət göstərirdi. Həmin şəxslərə orta hesabla 250 manatdan 400 manatadək aylıq əmək haqqı ödənilirdi ki, bu da işlədikləri dövr ərzində 81927 manat məbləğində idi. Hazırda cavabdehin qanunsuz hərəkətləri səbəbindən həmin şəxslər işsiz və əmək haqqısız qalmışlar. İşçilərə işsizliklə bağlı verilmiş müavinətin məbləği 6300 manat təşkil etmişdir. Ümumi fəaliyyət göstərdikləri müddətdə cavabdehə 109500 manat məbləğində icarə haqqı ödənilmiş və 14400 manat məbləğində kommunal xərclər ödənilmişdir. Klinikanın fəaliyyət göstərməsi üçün lisenziya ilə bağlı 1150 manat dövlət rüsumu verilmişdir və icarəyə götürdüyüm sahənin lisenziya komissiyasının tələblərinə uyğun vəziyyətə gətirilməsi üçün tərəfindən 26150 manat təmir və bərpa xərcləri çəkilmişdir. Klinikanın normal fəaliyyəti üçün tibbi ləvazimat və reaktivlərə hər ay 2650 manat məbləğində pul xərclənirdi və cavabdeh tərəfindən klinikanın işıqlarının söndürülməsi nəticəsində laboratoriyada yerləşən iki ədəd soyuducuda olan 12520 manat dəyərində reaktiv maddələr tamamilə xarab olmuşdur. Klinikanın fəaliyyətini təşviq etmək üçün marketinq və reklam xərclərinə 24000 manat məbləğində xərc çəkmişdi ki, bunlara televiziyada, mətbuatda, posterlərdə və sosial şəbəkələrdə gedən reklamlar aiddir. Əmək haqqının ödənilməsinə, vergilərin, məcburi dövlət sosial sığorta ayırmalarına və tibbi ləvazimatlara İddiaçı MMC-nin təsis payını aldıqdan sonra ümumilikdə 176964 manat vəsait yatırmışdı və 10 illik müddət ərzində biznes plana uyğun olaraq təxminən 18 aydan sonra aylıq xərclər çıxılmaqla 5000 manat gəlir qazanmalı olduğunu hədəfləmişdi ki, bu da qeyd edilən müddət üçün 510000 manat gəlir edirdi. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində o əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuş və hesab edir ki, cavabdeh həmin zərərləri qarşılamalıdır. Cavabdehlə aralarında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin 5.4.1-ci maddəsində əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarə sahəsi”ndən onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək icarəçinin hüququdur. Müqavilənin 9.4-cü maddəsində göstərilmişdir ki, bu müqavilənin şərtlərinin pozulması və lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmçinin icarəyə verənin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ müqavilədə nəzərdə tutulmadığı halda (11.3-cü maddə istisna olmaqla) icarəyə verən olan cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozaraq icarəçinin icarəyə götürdüyü sahənin boşaldılması ilə bağlı qanunsuz tələbini irəli sürərək müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Hesab edir ki, qanunvericiliyin və müqavilə tələblərinə əsasən cavabdeh ona vurduğu zərərə görə məsuliyyət daşımalı, vurulmuş zərəri və məhrum olduğum əldən çıxmış məbləği kompensasiya etməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2457/2020 nömrəli, 13.11.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi tələbinə dair (İş № 2-2(113)- 2457/2020) iş, hazırki e-2-2(113)-156/2021 nömrəli (əvvəlki nömrəsi e-2-2(113)-1839/2020 olan) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. 2-2(113)-2457/2020 nömrəli iş üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə arasındakı 10.01.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı MMC-dən onun xeyrinə ödənilməmiş icarə haqqı borcu olaraq birdəfəlik 21000 manat və 01.06.2020-ci ildən başlamaqla, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, hər ay üçün 7000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur (Daşınmaz əmlakın dövlət reyestrindən ******* çıxarışa əsasən 925,6 m2-dən ibarət olan qeyri-yaşayış sahəsi). İddiaçı MMC ilə aralarında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi əsasında mülkiyyətində olan qeyri-yaşayış sahəsi sözügedən MMC-yə icarəyə verilmişdir. İddiaçı MMC icarəyə götürdüyü qeyri-yaşayış sahəsini özəl tibb fəaliyyətinin (klinika) həyata keçirilməsi üçün istifadə etmişdir. Özəl tibb fəaliyyəti ilə məşğul olmağa müvafiq icra hakimiyyətindən icazə (lisenziya) alınması üçün aralarında olan icarə müqaviləsindən istifadə edərək lisenziya üzrə fəaliyyət sahəsi kimi onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanını göstərmiş və vergi uçotunda MMC-nin fəaliyyət yeri olaraq bu ünvanı qeydə aldırmışdır. Həmçinin, hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edərək, MMCnin hüquqi ünvanı kimi onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanı göstərilmişdir. 2020-ci ilin mart ayınadək İddiaçı MMC tərəfindən icarə haqları ödənilmişdir. Mart ayında İddiaçı MMC ölkədə karantin rejiminin tətbiq edilməsini bəhanə gətirərək icarə haqqını ödəməkdən yayınmışdır. Dəfələrlə yazılı və şifahi qaydada MMC-nin diqqətinə çatdırılmışdır ki, bütün dünyada yayılmış pandemiya ilə əlaqədar respublikada elan edilmiş xüsusi karantin rejimində klinikaların, tibb müəssisələrinin fəaliyyətinə tam icazə verildiyindən, MMC-nin aralarındakı müqavilənin «Fors-major» halını nəzərdə tutan müddəasına istinadla icarə haqqının ödənilməsindən imtinası əsassızdır. Lakin MMC mart ayından sonrakı müddətdə icarə haqqını ödəməmişdir. 29 may 2020-ci il tarixdə MMC-nin rəhbərliyi icarə obyektindən avadanlıqlarını çıxararaq, qalan icarə borcunu da ödəmədən aralarındakı icarə münasibətlərinə faktiki olaraq xitam vermişdir. Lakin tərəflərindən icarə müqaviləsinin vaxtından əvvəl xitamına dair müvafiq qaydada müqavilə (saziş) bağlanma təkliflərinə müsbət cavab verməyərək, faktiki pozulmuş icarə müqaviləsinin sənəd üzərində formal qalmasını davam etdirməklə onun mülkiyyətində olan əmlakından təyinatı üzrə istifadə etməyinə, digər şəxsə icarəyə verməyinə və ya özgəninkiləşdirməyinə bilərəkdən əsassız maneə yaradılır. Nəzərə alınmalıdır ki, İddiaçı MMC-nin vergi ödəyicisi kimi vergi uçotunda mülkiyyətində olan qeyri-yaşayış sahəsini müvafiq vergi orqanında qeydə aldırması və özəl tibb fəaliyyətinə icazə (lisenziya) alınarkən yenə də bu ünvanı fəaliyyət sahəsi kimi qeydə aldırması ilə belə vəziyyət yaranmışdır ki, müvafiq dövlət orqanlarında göstərilən məqsədlər üzrə qeydə alınmış icarə müqaviləsi ləğv olunmadan, mülkiyyətində olan qeyri-yaşayış sahəsini digər anoloji icarəçiyə icarəyə verə bimir. Həmçinin, həmin sahəni başqa şəxslərə satmaq istərkən də eyni problem ortaya çıxır ki, əmlaka dair 3-cü şəxslə olan müqavilə əsasında məhdudiyyətin olduğu görünür. Bu halda əmlakın yeni mülkiyyətçisi də kommersiya məqsədi ilə bu qeyri-yaşayış sahəsini nə icarəyə verə biləcək, nə də özü istifadə edə biləcək. Bununla əlaqədar olaraq 19 iyun 2020-ci il tarixdə İddiaçı MMC-yə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və ödənilməmiş icarə haqqının ödənilməsinə dair təklif (pretenziya) göndərilərək, 15 gün müddətinə aralarında bağlanmış 10 yanvar 2019-cu il tarixli müqaviləyə xitam üçün zəruri tədbirlər görülməsi icarə haqqı üzrə qalan “21000” manat məbləğindəki borcun könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə, tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı diqqətə çatdırılmışdır. Tərəfindən bu təklif göndərildikdən sonra MMC-nin direktoru İ.Babazadə tərəfindən ona yazılı müraciət göndərilərək, guya, tərəfindən onun fəailiyyətinə maneələr yaradıldığı və ziyan vurulduğu iddia olunmaqla, müraciətdə göstərilən məbləğdə pul ödənilməsi tələb olunmuşdur. Cavabdeh MMC-nin direktorunun sözügedən 20.06.2020-ci il tarixli məktubunu onun son təklifinə (Pretenziya) cavab kimi qiymətləndirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bildirir ki, cavabdeh İddiaçı MMC - 29 may 2020-ci il tarixdə icarə obyektini boşaldaraq çıxıb getsə də müqavilə əsasında son 3 aylıq icarə haqqını ödəməmişdir. Cəmi 21000 manat icarə haqqının ödənilməməsi onun əmlak mənafeyinin cavabdeh tərəfindən pozulmasıdır. Eyni zamanda, icarə müqaviləsinin pozulmasını aralarında müvafiq qaydada rəsmiləşdirməkdən cavabdehin boyun qaçırması ilə, müqavilənin formal kağız üzərində qalması, mülkiyyətində olan əmlaka dair öz mülahizəsinə görə sərbəst hərəkət etmək (özgəninkiləşdirmə, icarə və s.) hüququnu məhdudlaşdırır. Həmçinin, cavabdeh MMC-nin vergi uçotu, klinika fəaliyyəti üzrə aldığı icazə (lisenziya) və s. rəsmiləşdirmələrin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanına yazılması, müqavilənin rəsmi qaydada xitam edilmədən, qeyri-yaşayış sahəsinin ünvanının bu rəsmiləşdirmələrdən çıxarılmasının mümkünsüzlüyü onun hazırki iddia tələbi ilə məhkəməyə müraciətinə tam əsas yaratmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil1 iddialarını müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələblərinin təmin olunmasını, Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi tələbi barədə iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı izahatında bildirmişdir ki, 19.01.2019-cu il tarixdə tərəflərin arasında 10 illik müddətə icarə müqaviləsi bağlanmış və İddiaçı MMC dörd tibb sahəsi üzrə verilən lisenziyalara uyğun fəaliyyətə başlamış, daha sonra klinikada müəyyən yenidənqurma işləri aparılmış və 27.06.2019-cu il tarixdə əlavə 14 tibb sahəsi üzrə lisenziyalar alınmışdır. İcarə haqqının ödənilməsi barədə qəbzdə fevral ayı yazılsa da, klinika isə ödənişi öncədən etdiyinə görə sonuncu icarə haqqı ödənişi 2020-ci ilin mart ayı üçün nəzərdə tutulmuşdur. Aprel, may aylarında pandemiya ilə bağlı məhdudiyyətlər olduğundan və klinika fəaliyyət göstərmədiyinə görə ödənişlər aparılmamış, lakin buna baxmayaraq 13356,97 manat məbləğində olan icarə vergisi İddiaçı MMC tərəfindən ödənilmiş, halbuku müqavilənin şərtlərinə görə həmin vəsaiti Cavabdeh ödəməli idi. 2020-ci ilin may ayının əvvəlində klinika fəaliyyətini bərpa etsə də, 18.05.2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin işıqları söndürülmüş, ardıcıl 10 gün işıq yanmadığından və işləmək mümkün olmadığına görə 28.05.2020-ci il tarixdə İddiaçı MMC fəaliyyətini dayandırmış və icarə götürdüyü sahəni tərk etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X6 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında lisenziyanın alınmasına dair təmir bərpa işlərinin aparılmasını icarə verənin anası Sveta xanımla razılaşdığını, Cavabdeh İddiaçı MMC-nı alarkən və icarə müqaviləsi bağlanarkən gördüyünü, bütün digər məsələlərin anası Sveta xanımla həll etdiyini, icarə götürdüyü sahədən çıxarkən öz avadanlığını özü ilə apardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil2 İddiaçı MMC-nin iddiasını qəbul etməyərək, iddia ərizələrində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələblərinin təmin olunmasını, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər və əldən çıxmış fayda tələbi barədə iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı izahatında 27.06.2019-cu il tarixdə 14 tibb sahəsi üzrə lisenziyanın alınmasına dair xərclər ilə bağlı icarə müqaviləsində belə bir bəndin, həmçinin Cavabdeh ilə nə yazılı, nə də şifahi qaydada razılaşmanın olmadığını və işığın sonuncu tərəfindən söndürülmədiyini, həmçinin İddiaçı MMC-nin adına rəsmiləşdirilən tibbi lisenziyarının məhz mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana alındığına görə 28.05.2020-ci il tarixdən həmin sahənin Cavabdeh tərəfindən başqa icarəçilərə verilməsinin mümkünsüz olduğunu bildirərək digər tələblərlə yanaşı 01.06.2020-ci ildən başlamaqla, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, hər ay üçün 7000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, İddiaçıdə baş həkim kimi işləmiş, Aytən xanımı heç vaxt görməmişdir, qeyri-yaşayış sahəsinin Sveta xanıma məxsus olduğunu bilmiş, işıqların 2020-ci ilin may ayında təxminən saat 12 və ya 13 radələrində söndürüldüyünü və elektrik eherjisinin verilməsi bir neçə gün bərpa olmadığından klinikanın fəaliyyəti həmin ayın axırıları dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 digər şahid X2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışının surətindən görünür ki, tam mülkiyyət hüquqi üzrə Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 925,6 m2-dən ibarət olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 16480 nömrəli vərəqində 18.05.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh (İcarəyəverən) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 925,6 m2-dən ibarət olan qeyriyaşayış sahəsini icarəçi - İddiaçı MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin: 2.1 və 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı 7000 manat təşkil edir və icarə vergisi İcarəyə verən tərəfindən ödənilir, icarə haqqı icarəçi tərəfindən icarəyə verənə hər ayın 15-də nağd və ya köçürmə yolu ilə ödəniləcək. 3.1-ci bəndinə əsasən icarə müqaviləsi 10 il müddətinə bağlanır və 10 yanvar 2019cu il tarixdən 10 yanvar 2029-cu il tarixədək qüvvədədir. 10.1-ci bəndinə əsasən tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi forsmajor hallarının (yanğın, subasma, zəlzələ, tətil və s.) yaranması ilə bağlı olduğu halda, öhdəliklərin müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların tərəflərə təsiri aradan qalxacağı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda, tərəflər müqavilənin lazımi qaydada icra edilməsi və ya icra edilməməsi üçün məsuliyyət daşımır. 7.2-ci bəndinə əsasən icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınan əşyalar icarəçinin mülkiyyəti olmaqla icarə müddətinin bitdiyi tarixdə və ya icarə müqaviləsinə xitam veriləcək digər hallarda icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə icarayə verən tərəfindən alına bilər. 11.1-11.4-cü bəndlərə əsasən tərəflərin yalnız qarşılıqlı razılığı ilə müqavilə vaxtından əvvəl ləğv edilə bilər. İcarəçi icarəyə verəni 2 ay əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. İcarəçi ardıcıl 3 ay ərzində icarə haqqını ödəmədikdə, icarəyə verən birtərəfli qaydada müqaviləyə xitam verə bilər. İcarəyə verən tərəfindən bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozularsa və icarəçinin xəbərdarlığına baxmayaraq, bu pozuntular aradan qaldırılmazsa, icarəçi 10 gün əvvəlcədən icarəyə verəni yazılı şəkildə xəbərdar etməklə, müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. Eyni şərt icarəçiyə də şamil olunur. 18 aprel 2019-cu il tarixli, İN-X/O-4852/2019 nömrəli lisenziya əlavəsinin verilməsindən imtina olunması barədə məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı müəyyən olunmuş çatışmazlıqlara görə lisenziya əlavəsinin verilməsindən imtina olunur, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin verilməsi məsələsinə yenidən baxılacaqdır. 19 aprel 2019-cu il tarixli podrat müqaviləsi və həmçinin 19 aprel 2019-cu il tarxili smetadan görünür ki, sifarişçi - İddiaçı MMC ilə podratçı – “xxxx” MMC arasında olan razılığa əsasən “xxxx” MMC ünvan 1 ünvanında yerləşən İddiaçı MMC klinikasına lisenziya əlavəsinin verilməsi məqsədi ilə bu klinikanın daxilində təmir-tikinti işlərini yerinə yetirməyi öz üzərinə götürür. Görüləcək təmir-bərpa işlərinin dəyəri ƏDV ilə birlikdə 28025 manat təşkil edir. 17 iyun 2019-cu il tarixli təhvil aktından görünür ki, 19 aprel 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 17 iyul 2019-cu il tarixinədək ƏDV daxil ümumilikdə 26150 manat dəyərində ünvan 1 ünvanında yerləşən İddiaçı MMC klinikasında təmir işləri görülmüşdür. 27 iyun 2019-cu il tarixli lisenziya əlavəsinin surətindən görünür ki, İddiaçı MMC-yə ünvan 1 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə əlavə işlərin görülməsinə icazə verilmişdir. Mədaxil qəbzlərindən görünür ki, 2019-cu ilin yanvar ayından və 2020-ci ilin 05 mart tarixinə qədər (sonuncu icarə haqqı ödənişi 2020-ci ilin fevral ayı üçün) hər ay 7000 manat olmaqla icarə haqqı Cavabdeh Mikayıl qızına ödənilmişdir. 04.04.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC-nin direktoru İ.Babazadə Cavabdeh Mikayıl qızına müraciət edərək bildirmişdir ki, hazırda ölkədə və dünyadakı məlum vəziyyət (COVİD-19) fors major hallarına daxildir, dövlət və özəl tibb müəssisələrində çalışan işçilərin karantin müddəti dövründə sərbəst hərəkətinə icazə verilsə də, demək olar ki, işçilərin işə gəlişində çətinliklər yaranmış, bu səbəbdən də klinikanın fəaliyyəti tərəfindən məhdudlaşdırılmış, həmçinin aralarında bağlanmış icarə müqaviləsinin müddəti 10 il olduğundan Cavabdeh tərəfindən müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək hüququ yoxdur və icarəyə götürdüyü Cavabdeh mülkiyyətində olan sahədə fəaliyyəti davam etdirmək niyyətindədir, əgər hər hansı etirazı olarsa bununla bağlı məhkəməyə müraciət oluna bilər, yalnız məhkəmənin müvafiq qətnaməsi olduğu halda icarə götürdüyü sahənin boşaldılaraq təhvil verilməsi mümkündür. 06.04.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Mikayıl qızı İddiaçı MMC-nin direktoru İ.Babazadənin 04.04.2020-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli, 124 nömrəli qərarı ilə əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyati təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə müvafiq dövlət orqanları və qurumları, o cümlədən ayrı-ayrı sahələr üzrə, xüsusəndə özəl tibb müəssisələrinin əməkdaşlarına müvafiq xidməti vəsiqə, yaxud iş yerindən arayış əsasında xüsusi karantin rejiminin tətbiq edildiyi bütün müddət ərzində hərəkət etmələrinə icazə verilmiş, hesab edir ki, “fors major” hadisəsinə məruz qalmaqları ilə bağlı aralarında bağlanmış müqavilənin 10-cu bəndinə əsaslanmaqlarının heç bir hüquqi əsası yoxdur və bu bəhanə ilə icarə haqqının ödənilməyən hissəsini ödəməkdən yayınılması müqavilə şərtlərinin pozulması hesab ediləcəkdir. Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən ödəmə mənbəyindən tutulan vergi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hesabına 2019-cu ilin yanvar ayından 2020-ci il may ayına (18.05.2020) qədər ümumilikdə 14336,97 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC-nin işçi kollektivinin tərtib etdiyi aktdan görünür ki, 18 may 2020-ci il tarixində saat 12:30 radələrində klinikanın yerləşdiyi binada elektrik təchizatı olmasına baxmayaraq, yalnız onların klinikasının işığı qəsdən söndürülmüş və klinikanın rəhbərliyi tərəfindən hər ay işıq sərfiyyatı ilə əlaqədar ödəniş nağd şəkildə bina kompleksinin komendantına vaxtında ödənilməsinə baxmayaraq, sahibkar tərəfindən iş fəaliyyətinə kobud şəkildə müdaxilə olunmuş, işçi kollektivi 2020-ci il may ayının 18-dən 29-na qədər hər gün işə gəlmiş və bu müddətdə eletkrik təchizatının qəsdən verilməməsinin şahididirlər. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin ***-**** nömrəli məktubunun surətindən görünür ki, X3 18.05.2020-ci il tarixdə İddiaçı MMC klinikasının işıqlarının qəsdən söndürülməsinə görə tədbirlərin görülməsi üçün 29-cu Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsinə baxılaraq, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 421.3, 427.1, 442, 443.1, 445.2.2, 445.7, 448.1, 448.2, 448.4, 449.1, 449.3, 700.1, 700.2-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13-cü maddəsinin 5-ci bəndi). İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, 10 yanvar 2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh Mikayıl qızı arasında icarə müqaviləsi bağlanmış, İddiaçı MMC obyekti icarəyə götürən zaman 4 həkim ixtisası üzrə tibbi xidmət göstərirdi, daha sonra əlavə ixtisasların (lisenziyanın) alınması üçün müraciət etmiş, ünvan 3 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı müəyyən olunmuş çatışmazlıqlara görə lisenziya əlavəsinin verilməsindən imtina olunmuş, qeyd olunan çatışmazlıqlar aradan qaldırmaq üçün klinikanın daxilində təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün podratçı şirkətlə müqavilə bağlanmış və 17 iyun 2019-cu il tarixdə ƏDV daxil ümumilikdə 26150 manat dəyərində ünvan 1 ünvanında yerləşən İddiaçı MMC klinikasında təmir işləri görülmüşdür. Bundan sonra 27 iyun 2019-cu il tarixdə İddiaçı MMC-yə ünvan 1 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə əlavə işlərin görülməsinə icazə verilmiş və daha 9 ixtisas üzrə əlavə lisenziya alınmışdır. İddiaçı MMC 2020-ci ilin fevral ayına qədər fevral ayı da daxil olmaqla icarə haqqını ödəmiş, lakin 2020-ci ilin mart, aprel və may aylarının icarə haqqısını ödəməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin vurulmuş maddi zərərə görə 70120 manatla bağlı tələbi hissəsində iddia rədd edilməlidir. Belə ki, icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınan əşyalar icarəçinin mülkiyyəti olmaqla icarə müddətinin bitdiyi tarixdə və ya icarə müqaviləsinə xitam veriləcək digər hallarda icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə icarayə verən tərəfindən alınması qeyd edilsə də, təmir və bərpa xərcləri ilə bağlı tərəflər arasında başqa razılaşma olmamış, İddiaçı MMC isə 2020-ci ilin may ayında icarəyə götürdüyü sahəni tərk edərkən mülkiyyətində olan avadanlıqları özü ilə aparmışlar. Odur ki, klinikanın daxilində təmir-tikinti işlərinin yerinə yetirilməsi və digər zərərlə bağlı 70120 manat və əldən çıxmış fayda ilə bağlı 510000 manat məbləğində tələblərlə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyinə görə rədd edilməlidir. İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər və əldən çıxmış fayda tələbi barədə iddiası - icarə vergisinə görə aylıq 980 manat olmaqla 2020-ci ilin may ayınadək 13356,97 manat məbləğində pulun ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən icarə vergisi icarəyə verən tərəfindən ödənilməli olduğu halda, sözügedən vergi icarəyə verən Cavabdeh tərəfindən deyil, icarəçi İddiaçı MMC tərəfindən ödənildiyinə görə (ödəniş tapşırıqları əlavə edilib) iddia tələbi həmin hissədə təmin edilməlidir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi tələbi barədə iddiası ilə - cavabdeh İddiaçı MMC ilə arasındakı 10.01.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı MMC-dən onun xeyrinə ödənilməmiş icarə haqqının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 10 yanvar 2020ci il tarixində imzalanan müqavilə şərtlərinə görə bir aylıq icarə haqqı 7000 manat olduğundan və icarə haqqının hər ayın 15 ödənilməsi nəzərdə tutulduğundan, icarəyə götürən İddiaçı MMC tərəfindən 112000 manat 10.05.2020-ci il tarixədək (müqavilənin bağlandığı tarixdən sonra 16 ay), həmçinin 1866,66 (7000/30*233,33*8 gün) 18.05.2020-ci il tarixədək (şahid ifadələri və polisə müraciət), cəmi 113866,66 manat icarə haqqı Cavabdeh ödənilməli olduğu halda, yalnız 98000 manat ödənilmiş, 15866,66 manat ödənilməmiş qalmışdır. İddiaçı MMC-nin nümayəndəsinin pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərə görə klinikanın işləməməsi səbəbindən icra haqqının ödənilməməsi ilə bağlı məhkəmə bildirir ki, tətbiq olunan sözügedən məhdudiyyətlər səhiyyə sistemində fəaliyyət göstərən işçilərə və tibb müəssisələrinə şamil edilməmiş və bu səbəbdən İddiaçı MMC tərəfindən 18.05.2020-ci il tarixədək olan 15866,66 manat icarə borcu ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən icarə haqqı yalnız 18.05.2020-ci il tarixədək tutulmalıdır, belə ki, həmin tarixdən işığın yanmaması səbəbindən İddiaçı MMC fəaliyyət göstərməmiş 28.05.2020-ci il tarixdə isə icarə sahəsini tərk etməklə, faktiki icarə müqaviləsinə xitam vermiş, belə ki, İddiaçı MMC hazırki iddiada icarə müqaviləsinin davam etdirilməsi və ya məhdudiyyətlərin aradan götürülməsi ilə bağlı tələb irəli sürməmişdir. Göründüyü kimi Cavabdeh 2020-ci ilin mart ayında icarə müqaviləsinə xitam verilməsi barədə bildirişi İddiaçı MMC-yə göndərmiş, sonuncu isə 28.05.2020-ci il tarixdə icarə sahəsini tərk etməklə müqaviləyə xitam verdiyinə görə iddia tələbi 10.01.2019-cu il tarixli müqavilənin ləğv edilməsi hissəsində təmin edilməlidir. Bununla yanaşı İddiaçı MMC-nin adına rəsmiləşdirilən tibbi lisenziyarının məhz mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana alındığına görə 28.05.2020-ci il tarixdən həmin sahənin Cavabdeh tərəfindən başqa icarəçilərə verilməsinin mümkünsüzlüyü barədə Cavabdeh nümayəndəsinin istinad etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunanlarla bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim edilmədiyinə görə icarə haqqı yalnız 18.05.2020-ci il tarixədək olan dövr üçün tutulmalıdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər və əldən çıxmış fayda tələbi barədə iddiası qismən təmin edilməli, 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə vergisinə görə ödənilmiş 13356,97 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd olunmalı, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi tələbi barədə iddiası qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli və 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə 18.05.2020-ci tarixədək olan 15866,66 manat məbləğində icarə haqqı borcu İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilsin. 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə vergisinə görə ödənilmiş 13356,97 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə vurulmuş maddi zərərə görə 70120 manat, əldə edəcəkləri gəlirlərdən məhrum olduqlarına görə 510000 manat tələbi hissəsində rədd olunsun. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi ləğv edilsin və 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə 18.05.2020-ci tarixədək olan 15866,66 manat məbləğində icarə haqqı borcu İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilsin, İddia 01.06.2020-ci ildən başlamaqla, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, hər ay üçün 7000 manat icarə haqqının tutulması tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar