Məhkəmə qərarları › İş №e-2-2(113)-156/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-156/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-156/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh Məmmədov Şaiq Atabala oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Məmmədov Şaiq Atabala oğluna və Cavabdeh2 qarşı cəmi 7435.01 manat, bundan 2500.36 manat əsas, 2503.12 manat faiz, 2068.23 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 363.30 manat faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cəmi 7435.01 manat, bundan 2500.36 manat əsas, 2503.12 manat faiz, 2068.23 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 363.30 manat faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Şaiq Atabala oğlu arasında bağlanmış 15 sentyabr 2017-ci il tarixli KM011T09170016S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Məmmədov Şaiq Atabala oğluna fermada təmir tikinti işlərinin aparılması və icarəyə götürdüyü torpağın düzləşdirilməsi məqsədi ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Məmmədov Şaiq Atabala oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 15 sentyabr 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, onlar, bu öhdəliyi yerinə yetirməmişlər. İddiaçının cavabdeh Məmmədov Şaiq Atabala oğluna qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Məmmədov Şaiq Atabala oğlu və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə MŞB/5-02312 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdeh Məmmədov Şaiq Atabala oğluna dəfələrlə şifahi müraciət olunmasına, habelə **********172 saylı 08 iyul 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Məmmədov Şaiq Atabala oğlu borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh Məmmədov Şaiq Atabala oğlu tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh Məmmədov Şaiq Atabala oğlu ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Məmmədov Şaiq Atabala oğlunun kredit üzrə cəmi borcu 7435.01 manat təşkil edir. Bundan 2500.36 manat əsas, 2503.12 manat faiz, 2068.23 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 363.30 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Məmmədov Şaiq Atabala oğlu məhkəmə iclasında iddia ərizəsini qismən etiraf edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Şaiq Atabala oğlu arasında bağlanmış 15 sentyabr 2017-ci il tarixli 011T09170016 nömrəli krеdit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Məmmədov Şaiq Atabala oğluna illik faiz dərəcəsi 29% olmaqla 24 ay müddətinə 4000 manat kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında bağlanmış 15 sentyabr 2017-ci il tarixli ZM1/011T09170016 nömrəli Zaminlik müqaviləsindən görünür ki, 15 sentyabr 2017-ci il tarixli 011T09170016 saylı Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş cavabdeh Məmmədov Şaiq Atabala oğlu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli **********379 saylı Maliyyə arayışından görünür ki, Məmmədov Şaiq Atabala oğlunun 15 sentyabr 2017-ci il tarixli 011T09170016 nömrəli krеdit müqaviləsi üzrə borcu, 2500,36 manat məbləğində krеdit bоrcu, 2503,12 manat məbləğində faiz bоrcu, 2068,23 manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 363.30 manat faiz borcu olmaqla, ümumilikdə 7435,01 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8398 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Məmmədov Şaiq Atabala oğlunun banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 15 sentyabr 2017-ci il tarixli 011T09170016 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Məmmədov Şaiq Atabala oğlunun xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 3.280,87 manat, o cümlədən əsas borc üzrə 2.501,14 manat, faiz borcu üzrə 779,73 manat (29%-lə) məbləğində və xx.xx.2022-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 3.636,59 manat, o cümlədən əsas borc üzrə 2.501,14 manat, faiz borcu üzrə 779,73 manat (29%-lə), faiz borcu üzrə 355,72 manat (5%-lə) məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Şaiq Atabala oğlu arasında 15 sentyabr 2017-ci il tarixli 011T09170016 nömrəli krеdit müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Məmmədov Şaiq Atabala oğluna illik faiz dərəcəsi 29% olmaqla 24 ay müddətinə 4000 manat kredit vermişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında 15 sentyabr 2017-ci il tarixli ZM1/011T09170016 nömrəli Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən 15 sentyabr 2017-ci il tarixli 011T09170016 saylı Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş cavabdeh Məmmədov Şaiq Atabala oğlu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. Bank tərəfindən kredit razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdehlər keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişlər. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilmələrinə baxmayaraq borcun ödənilməsindən yayınmışlar. Məmmədov Şaiq Atabala oğlunun 15 sentyabr 2017-ci il tarixli 011T09170016 nömrəli krеdit müqaviləsi üzrə borcu, 2500,36 manat məbləğində krеdit bоrcu, 2503,12 manat məbləğində faiz bоrcu, 2068,23 manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 363.30 manat faiz borcu olmaqla, ümumilikdə 7435,01 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdeh Məmmədov Şaiq Atabala oğluna borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya olan 15 sentyabr 2017-ci il tarixli 011T09170016 nömrəli kredit müqaviləsi üzrə 2500.36 manat məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əsas borcla bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, ekspert rəyi ilə əsas borcun məbləği iddiada tələb olunan məbləğdən artıq müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Şaiq Atabala oğlu arasında bağlanmış krеdit müqaviləsinə əsasən Məmmədov Şaiq Atabala oğlu kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə 2503.12 manat faiz borcu hesablandığı halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8398 saylı ekspert rəyi ilə faiz borcu 779,73 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyinə və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia, faiz borcu hissəsində ekspert rəyi ilə müəyyən edilmiş 779,73 manat məbləğində tutulmaqla qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit verilməsindən irəli gəlir. Belə ki, müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 58 faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 125 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Gecikdirilmiş vaxt üçün faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə göstərilən əsasa görə 363.30 manat faiz borcu hesablandığı halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8398 saylı ekspert rəyi ilə faiz borcu 355,72 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia, gecikdirilmiş vaxt üçün faiz borcu hissəsində ekspert rəyi ilə müəyyən edilmiş 355,72 manat məbləğində tutulmaqla qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 100 manat məbləğində mediasiya xərcini cavabdehlərdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 94,35 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 50,58 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 53,37 manat (100 manat (mediasiya xərcinin məbləği) – 46,63 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 53,37 manat) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 15 sentyabr 2017-ci il tarixli KM011T09170016S01 nömrəli kredit müqaviləsi üzrə 2500.36 manat əsas, 779,73 faiz, 125 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 355,72 manat faiz, mediasiya xərcinə görə 53,37 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 101,16 manat məbləği cavabdehlərdən, 98,84 manat məbləği isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15 sentyabr 2017-ci il tarixli KM011T09170016S01 nömrəli kredit müqaviləsi üzrə 2500.36 manat əsas, 779,73 faiz, 125 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 355,72 manat faiz, mediasiya xərcinə görə 53,37 manat Məmmədov Şaiq Atabala oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 101,16 manat məbləği Məmmədov Şaiq Atabala oğlundan və Cavabdeh2 müştərək qaydada, 98,84 manat məbləği isə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar