Məhkəmə qərarları › İş №e-2-2(113)-1560/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1560/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1560/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə yaranmış 23010 manat icarə haqqı və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 40267,50 faiz borcu, ümumilikdə 63277,50 manat məbləğində pulun və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında vəsatət təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan 01 oktyabr 2021-ci il tarixli Cavabdeh MMC-yə ünvanlanmış mediasiya prosesinin tətbiqi barədə təklifdə və 04 avqust 2021-ci il tarixli pretenziya məktubunda cavabdehin ünvanı səhv qeyd olunmuşdur. Belə ki, Cavabdeh MMC-nin qeydiyyatda olduğu ünvan ünvan 1 Bununla da, iddiaçı qanunla müəyyən olunmuş qaydada pretenziya qaydasına əməl etməmiş, eyni zamanda “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olaraq ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmişdir. Bundan əlavə, MPM-in 150.2-ci maddəsinin tələblərinə riayət olunmamışdır. İddiaçı pretenziya məktubunu və mediasiya prosesinə dəvət məktubunu müvafiq orqanın informasiya sistemində yaradılmış elektron kabinetə deyil, poçt vasitəsilə cavabdehə göndərməyə cəhd etmiş, lakin göndərilmiş bütün məktublar səhv ünvana göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər; - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı tərəfindən iddia ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış əlavə olunsa da, 04 avqust 2021-ci il tarixli pretenziya məktubu və 365442 №-li qaimədən, həmçinin 01 oktyabr 2021-ci il tarixli “Mediasiya prosesinin tətbiqi barədə” təklifdən və ona əlavə olunmuş 117297№-li qaimədən görünür ki, həmin sənədlər “Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115” ünvanına göndərilmiş, halbuki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən Cavabdeh MMC-nin hüquqi ünvanı “ünvan 3kəzi” kimi göstərilmişdir. İddiaçı tərəfindən sənədlərin səhv ünvana göndərilməsi, onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinin tələblərinə riayət olunmaması kimi qiymətləndirilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.9-ci maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: - 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; - 21.9.2-ci maddəsinə əsasən tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; - 21.9.3-cü maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; - 21.9.4-cü maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il 12 saylı qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmiş və həmin qərarın yeni redaksiyada verilmiş 13-1-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin.” Göründüyü kimi, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin və prinsiplərinin pozulması ilə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin arayış iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsi kimi qəbul edilə bilməz. Çünki, mediasiyanın məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsindən ibarət olduğuna görə mediasiya proseduruna riayət edilməsinin yoxlanılması formal xarakter daşımamalı və məhkəmə həmin prosedur qaydaların qanuna uyğun keçirilib-keçirilməməsinə qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.1 və 259.0.13-cü-maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar