Məhkəmə qərarları › İş №e-2-2(113)-1562/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1562/2024

24.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1562/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X5 Kompleksi” MMC-nə qarşı dəbbə pulu və mediasiya xərci tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəbbə pulu, mediasiya xərci) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X5 Kompleksi” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli №0135-1/2023/SM saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 79712.48 (ƏDV ilə birlikdə) manat məbləğin, dəbbə pulu olaraq 3985.62 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcinin cavabdeh “X5 Kompleksi” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X5 Kompleksi” MMC ilə iddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli №0135-1/2023/SM saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında cavabdeh ümumi dəyəri 189 191.12 manat dəyərində tikinti mal-materialı ilə təchiz edilmiş, şirkət tərəfindən müqavilə üzrə öhdəliklər tam və layiqincə icra edilmişdir. Satıcı tərəfindən Alıcıya verilən malların ümumi miqdarı və xarakteristik xüsusiyyətləri müvafiq müqavilənin ayrılmaz hissəsi olan №1 saylı X1 əks olunmuşdur. Mallar alıcıya “Delivery Note”-a əsasən təhvil verilmiş, müqaviləyə uyğun olaraq cavabdehin nümayəndəsi tərəfindən yoxlanılmış, heç bir qüsur aşkar edilməmişdir. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Alıcı Malı qəbul etməyi və malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmçinin 2.3-cü bəndə əsasən Alıcı Mallar təhvil verildikdən sonra müvafiq qaimələr əsasında 15 (on beş) bank günündən gec olmayaraq malların dəyərini Satıcıya nağdsız hesablaşma yolu ilə ödəyəcəkdir. Cavabdehlə aralarında bağlanan satınalma müqaviləsinə əsasən mallar Alıcıya təhvil verilmiş, lakin qaiməyə əsasən ödənişin bir qismi ödənilməmişdir. Belə ki, ümumi dəyəri 189,191.12 manat olan malların bir qisminin dəyəri iddiaçıya ödənilsə də, Alıcı tərəfindən ümumilikdə 79712.481 (ƏDV ilə birlikdə) məbləğ borc olaraq qalmış, öhydəlik bu günədək icra edilməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı müraciətlər etmişdir və bu müraciətlər nəticə vermədiyi üçün İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və ümumi ödənilməli olan 79712.481 10 günə kimi iddiaçıya ödənilməsi xahiş edilmişdir lakin cavabdeh borcunu geri qaytarmamışdır. Uzun müddət borcun geri qaytarılması üçün danışıqlar aparılmış və bunun nəticəsində tərəflər arasında olan danışıqlar heç bir nəticə verməmişdir. İddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/20/2023-00045 saylı arayış alınmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 442, 462.1, 464.1, 567, 600.1-ci maddələrinə istinad olunmuşdur. Sonrdan iddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə verərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcinin, həmçinin dəbbə pulu olaraq 3985.62 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, işə məhkəmədə baxıldığı müddətdə cavabdeh tərəfindən əsas borc 2 dəfəyə tam ödənilmişdir. Buna görə də hazırda iddiaçı 3985,62 manat dəbbə pulunun və 410 manat mediasiya xərcinin ödənilməsini tələb etmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh “X5 Kompleksi” MMC məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən 39856.24 manat məbləği İddiaçı MMC-nin bank hesabına ödəyərək xx.xx.2023-cü il tarixli 0135-1/2023/SM nömrəli satınalma müqaviləsi üzrə borcunu tam ödəmişdir. İddia ərizəsinin rədd edilməsinə, ödənilmiş mediasiya xərcinin iddiaçının özünə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Satıcı İddiaçı MMC ilə Alıcı “X5 Kompleksi” MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli 0135-1/2023/SM saylı satınalma müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Satıcı X2 göstərilən Şirvan şəhərində yeni anbarın tikilməsi üçün tələb olunan malmaterailı bundan “Alıcı”nın mülkiyyətinə verilməsi, “Alıcı” isə həmin Malı qəbul etməyi və malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümuimi məbləği 189.191,12 AZN təşkil edir. Malların adı, miqdarı, dəyəri, müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 göstərilmişdir. X3 hər iki tərəflə razılaşdırılır və qiymət manatla müəyyən edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər Mallar təhvil verildikdən və təhvil-təslim aktı imzalandıqdan sonra “Satıcı”-nın təqdim etdiyi sənədləri (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır. Müqaviənin 5.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı 30 təqvim günü müddətində “Alıcı”nın sifarişinə əsasən satdığı malı qaimə-faktura və təhvil-təslim aktı əsasında “Alıcı”ya 2.2-ci bəddə qeyd olunan ünvana çatdırmaq və quraşdırmaq şərti ilə təhvil verir. 07 yanvar 2024-cü il tarixli üzləşmə aktına əsasən “X5 Kompleksi” MMC-nin faktiki borcunun 79712,47 manat olmasını İddiaçı MMC ilə “X5 Kompleksi” MMC imzaları ilə təsdiq etmişlər. 201OPEX241440012 və 201OPEX241440013 saylı ödəniş tapşırıqlarına əsasən “X5 Kompleksi” MMC tərəfindən iddiaçıya 23 may 2024-cü il tarixlərində müvafiq qaydada 33776.47 manat və 6079.77 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli MŞB/20/2023-00045 saylı mediasiya arayışından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 20 saylı Mediasiya Təşkilatına İMS xərci üçün 410 manat məbləğ ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmiş, iddiaçı məhkəməyə müraciət etdikdən sonra öhdəliyini tam icra etmişdir. Buna görə də iddiaçı cavabdehdən borcun müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün dəbbə pulu ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma yazılı formada bağlanmalı olduğu, əks təqdirdə dəbbə pulu haqqında razılaşma etibarsız sayıldığı halda, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Satınalma müqaviləsində dəbbə pulu haqqında razılaşma öz əksini tapmamış, tərəflər arasında dəbbə pulu haqqında başqa yazılı razılaşma bağlanmamışdır. Buna görə də iddiaçının cavabdehdən dəbbə pulu tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa cavabdeh mediasiya xərcinin iddiaçının özünə aid edilməsini xahiş etmiş, lakin bununla bağlı “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulması ilə bağlı məhkəməyə sübut təqim etməmişdir. Buna görə də Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinin tələblərini və cavabdehin öhdəliyini gecikdirərək məhkəməyə müraciət olunduqdan sonra icra etdiyini nəzərə alaraq məhkəmə hesb edir ki, iddiaçının çəkdiyi 410 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X5 Kompleksi” MMC-dən iddiaçı tərəfindən ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar