Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1564/2023 19.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun ödənilməsi, maliyyələşdirmə üçün ərizə) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PK0076 (41040AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat əsas borc, 909,3 manat faiz borcu, 2421,55 manat cərimə borcu olmaqla, cəmi 5495,93 manat pul vəsaitinin, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 15,57 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, GTC-1310PE/2018 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Eyni zamanda, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2019-cu il tarixli PK0076 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 25%dək, illik cərimə faizi 40%-dək (gündəlik 0,1111%), 2,500 (iki min beş yüz) manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. Lakin borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - PK0076 saylı maliyyələşdirmə üçün ərizə (41040AZNSK********** saylı plastik kart üzrə) üzrə 2165,08 manat əsas borc, 909,3 manat faiz borcu, 2421,55 manat cərimə borcu olmaqla, cəmi 5495,93 manat, gecikmə günün sayı – 1071, -41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 15,57 manat cərimə borcu təşkil edir; gecikmə günün sayı – 986. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını banka ödəmək müştərinin vəzifəsidir. Eyni zamanda X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 100 (yüz) manat məbləğində xidmət haqqı ödəmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” (iddia tələbinin həcminin azaldılması) barədə ərizə verərək, Cavabdeh PK0076 (41040AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat əsas borc, 476,69 manat faiz borcu, 1187,95 manat cərimə borcu olmaqla, cəmi 3829,72 manat pul vəsaitinin, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 443.1, 445.4, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. 6 Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, GTC-1310PE/2018 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu (fərdi sahibkar üçün) imzalanmışdır.
9. X3 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Yuxarıda qeyd olunan xidmətlərdən hər birinin Bank tərəfindən Müştəriyə təqdim olunması üçün bu Müqavilədən başqa müvafiq Ərizə formalarının da Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq Banka təqdim olunması tələb olunur. Müştəriyə yalnız müvafiq Ərizə formasında qeyd etdiyi xidmət təqdim olunacaq. Bu ərizə formaları 2 (iki) nüsxədə olacaq və hər iki tərəfin imza və möhürü ilə təsdiqləndiyi andan qüvvəyə minəcək və həmin xidmət üzrə müəyyən olunan müddətdə qüvvədə olacaq. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər qeyd olunan Ərizə formalarında öz əksini tapacaq. Bu Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün Ərizə formaları bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq Ərizə forması və Müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, Ərizə formasındakı şərtlər üstünlük təşkil edəcək.
10. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir; 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.
11. xx.xx.2019-cu il tarixli, PK0076 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 25%-dək, illik cərimə faizi 40%-dək (gündəlik 0,1111%), 2,500 (iki min beş yüz) manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır.
12. xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00267-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri PK0076 (41040AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2165,08 manat əsas borc, 476,69 manat faiz borcu, 1187,95 manat cərimə borcu olmaqla, cəmi 3829,72 manat təşkil edir (gecikmə günün sayı - 616, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə cərimə borcu 19,35 manat, gecikmə günün sayı – 1072).
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, GTC-1310PE/2018 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu (fərdi sahibkar üçün) adlı müqavilə bağlanmış, eyni zamanda həmin şərtlər toplusu çərçivəsində xx.xx.2019-cu il tarixli PK0076 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 25%-dək, illik cərimə faizi 40%-dək (gündəlik 0,1111%), 2,500 (iki min beş yüz) manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. İddiaçı həmin müqavilə üzrə krediti verərək öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin qiymətləndirməsi
17. İddia tələbinin bir hissəsini Cavabdeh PK0076 (41040AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat əsas borc və 476,69 manat faiz borcunun tutulması təşkil edir.
18. Məhkəmə müqavilə şərtlərinə əsasən cavabdehin öhdəliklərini lazımınca yerinə yetirmədiyini və borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən əsas və faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sübutlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı olduğundan tam təmin edilməli, Cavabdeh PK0076 (4140AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat (iki min yüz altmış beş manat səkkiz qəpik) əsas borc və 476,69 manat (dörd yüz yetmiş altı manat altmış doqquz qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
19. İddia tələbinin digər hissəsini Cavabdeh PK0076 (41040AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 1187,95 manat cərimə borcunun tutulması təşkil edir.
20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 130 (yüz otuz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. İddia tələbinin digər hissəsini cavabdehdən 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
23. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və Cavabdeh 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat (on doqquz manat otuz beş qəpik) İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
24. Eləcə də, iddiaçı ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh PK0076 (4140AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat (iki min yüz altmış beş manat səkkiz qəpik) əsas borc, 476,69 manat (dörd yüz yetmiş altı manat altmış doqquz qəpik) faiz borcu, 130 (yüz otuz) manat cərimə, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat (on doqquz manat otuz beş qəpik), 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 2891,12 manat (iki min səkkiz yüz doxsan bir manat on iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova