Məhkəmə qərarları › İş №e-2-2(113)-1565/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1565/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1565/2023 28.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və X2 (bundan sonra – cavabdehlər) qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCS00273658-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17,129.57 manat əsas borc, 2,262.44 manat faiz borcu, 1,126.62 manat cərimə borcu olmaqla, cəmi 20,518.63 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə DCS00273658-01 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən və Kreditor Azərbaycan Respublikası X3 “13” oktyabr 2020-ci il tarixli ZM-236/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 26,851 manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DCS00273658-01 saylı kedit müqavilə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2020-ci il tarixli, DGS**********87 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 449 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Tərəflər arasında imzalanmış DCS00273658-01 nömrəli kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə Kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər. Göründüyü kimi Borclu DCS00273658-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00273658-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17,129.57 manat əsas borc, 2,262.44 manat faiz borcu, 1,126.62 manat cərimə borcu olmaqla, cəmi 20,518.63 manat təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qanuni Nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh tərəfindən bankdan kredit götürülmüşdür. Lakin cavabdeh pandemiya şəraitində ödənişlərdə müəyyən çətinliklər çəkmişdir. Cavabdehin ödədiyi borclar iddiaçı tərəfindən əsas borca silinməli olduğu halda, ilk növbədə cərimə və faiz borclarına silinmişdir. Bu səbəbdən hazırkı iş üzrə ekspertiza keçirildikdən sonra iddia tələbi ekspertin gəldiyi nəticəyə uyğun təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının digər cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətlərinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DCS00273658-01 saylı kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası X3 13 oktyabr 2020-ci il tarixli ZM-236/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 26851 manat məbləğində illik 15 % dərəcəsi ilə 24 ay müddətinə əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 ay olmaqla kredit verir. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə oğlu arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********87 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış 03 noyabr 2020-ci il tarixli DCS00273658-01 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. İddiaçı tərəfindən verilmiş PB/PBL-OUT-00075-2023 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin DCS00273658-01 saylı kredit müqaviləsinə əsasən borcu - 17129,57 manat əsas borc, 2262,44 manat faiz borcu, 1126,62 manat cərimə borcu olmaqla, cəmi 20518,63 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 03 noyabr 2020 tarixli DCS00273658-01 saylı kredit müqaviləsinə əsasən 17129.57 manat əsas borc, 2262.44 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 03 noyabr 2020 tarixli DCS00273658-01 saylı kredit müqaviləsinə əsasən 17129.57 manat əsas borc, 2262.44 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə ödənişlərin iddiaçı tərəfindən ilk növbədə əsas borca silinməli olduğu halda, faiz və cərimə borclarına silməli olması barədə dəlili ilə razılaşmır və bununla bağlı bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlər kreditor tərəfindən akseptsiz qaydada aşağıdakı ardıcıl istiqamətlərə yönəldilir: - Bu müqavilənin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa); - Borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; - əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); - dəbbə pulu (əgər varsa); - hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); - əsas borc üzrə ödənişlər. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 1,126.62 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 850 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, DCS00273658-01 saylı kredit müqaviləsinə əsasən 17129,57 manat əsas borc, 2262.44 manat faiz borcu, 850 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 17129.57 manat əsas borc, 2262.44 manat faiz borcu, 850 manat cərimə borcu, ümumilikdə 20242,01 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00060 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və X1 müştərək qaydada 17129.57 (on yeddi min bir yüz iyirmi doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 2262.44 (iki min iki yüz altmış iki manat qırx dörd qəpik) manat faiz borcu, 850 (səkkiz yüz əlli) manat cərimə borcu, ümumilikdə 20242,01 (iyirmi min iki yüz qırx iki manat bir qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar