Məhkəmə qərarları › İş №e-2-2(113)-157/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-157/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-157/2024 02.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilədən imtina, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71815,18 manat əsas borc, 13668,87 manat faiz borcu, 3336,96 manat cərimə borcu olmaqla ümumilikdə 88821,01 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06957LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixədək qaytarılmaq şərtilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 75000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 2.2. Bundan başqa Cavabdeh1 MMC ilə bağlanmış DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə sonuncun iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli DG**********546 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.3. Lakin Cavabdeh1 MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və öhdəliklərin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədilə mediasiya institutunun tətbiqi qaydasında Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmiş və 400 manat məbləğində xidmət haqqı ödənmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1, 472-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi 29 yanvar 2024-cü il tarixli 9/10050 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etiraz etmədiklərini, lakin iddia tələbini müdafiə etdiklərini bildirdi.

7. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh2 Cavabdeh1 MMC yaradılarkən onun təsisçisi olduğunu, həmin hüquqi şəxsdə inzibati direktor işlədiyini və anbar, dəftərxana məsələlərinə rəhbərlik etdiyini bildirdi və eyni zamanda qeyd etdi ki, Cavabdeh1 MMC kredit götürərkən onun məlumatı olmamış, sonradan sonuncunun direktorunun xahişi əsasında banka gedərək zaminlik müqaviləsinə imza etmişdir. Halhazırda Cavabdeh1 MMC fəaliyyətini dayandırmışdır və borcu ödəmək qabiliyyətinə malik deyildir.

8. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 29 yanvar 2024-cü il tarixli 9/10050 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etiraz etmədiyini göstərdi.

9. Məhkəmə bildirişləri Cavabdeh1MMC-nin hüquqi ünvanına və qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyat ünvanlarına göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Bank qismində) ilə Cavabdeh1 MMC (müştəri qismində) arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2022-ci il tarixli OnGTC-06957LE/2019 nömrəli razılaşmanın şərtlərindən görünür ki, Müştəri bu Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang.az/” link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

14. İddia ərizəsinə əlavə edilən iddiaçı (Bank qismində) ilə Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış 01 aprel 2022-ci il tarixli DG**********546 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs (“Borcalan”) arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür (1-ci hissə). Zaminliklə təmin olunan öhdəlik(lər): Borcalana verilən kredit üzrə DC00427245- 01 saylı kredit müqaviləsi (2.1). Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): illik 17% olmaqla 75,000.00 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit, (cərimə faizi - illik 32%, gündəlik 0,0889%). Borcalan: Cavabdeh1 MMC (2.3). Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır (3-cü hissə).

15. Məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixinədək qaytarılmaq şərti ilə illik 17 faiz (kreditin nominal illik faiz dərəcəsi), faktiki illik faiz 18,56 faiz şərti ilə mal alışı üçün 75000 manat kredit vermişdir.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 71815,18 manat, faiz borcu isə 13668,87 manat təşkil edir.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 71815,18 manat, faiz borcu isə 10091,81 manat, xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 71815,18 manat, faiz borcu isə 13143,96 manat təşkil edir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3843/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 29 yanvar 2024-cü il tarixli 9/10050 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 71815,18 manat, faiz borcu 9597,3 manat, xx.xx.2023-cü il tarixə əsas borc 71815,18 manat, faiz borcu 12649,45 manat təşkil edir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-06957LE/2019 saylı razılaşma çərçivəsində xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 75000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış, sonuncu Cavabdeh1 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 75000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

20. İddiaçı adıçəkilən maliyyələşdirmə üçün ərizə üzrə 71815,18 manat əsas borc, 13668,87 manat faiz borcunun tutulmasını xahiş edir.

21. Cavabdeh2 Cavabdeh1 MMC-nin fəaliyyətini dayandırdığını, 29 yanvar 2024-cü il tarixli 9/10050 nömrəli ekspert rəyində qeyd edilən borc məbləğinə etiraz etmədiyini qeyd edir.

22. Cavabdeh1 MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

23. Məhkəmə adıçəkilən cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

26. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

27. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

28. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

32. Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun tam və xx.xx.2023-cü il tarixə olan faiz borcunun ödənilməsi tələb edilmiş, həmin məktub poçt rabitəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMCyə çatdırılmışdır.

33. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

34. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

35. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

36. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə hesab edir ki, əsas borc və xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu tutulmalıdır.

37. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

38. Borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

39. 29 yanvar 2024-cü il tarixli 9/10050 nömrəli ekspert rəyinə əsasən, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 71815,18 manat, faiz borcu 9597,3 manat təşkil edir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 71815,18 manat əsas, 9597,3 manat faiz borcu tutulmalıdır.

41. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

42. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

43. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

44. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 71815,18 manat əsas, 9597,3 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

45. İddiaçı 3336,96 manat cərimə məbləğinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

46. xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15% (gündəlik 0,0416%) olaraq müəyyən edilmişdir.

47. 01 aprel 2022-ci il tarixli DG**********546 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən illik 32%, gündəlik 0,0889% olmaqla cərimə faizi də daxildir.

48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

50. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

51. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır.

52. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləği ağlabatan və ədalətlidir.

53. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 3336,96 manat pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

54. İddiaçı 400 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.

55. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB\9\2023-00808 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdeh iştirak etməmiş və mediasiya xərci olaraq 400 manat iddiaçı tərəfindən ödənilmişdir.

56. “Mediasiya haqqında” Azərbaycan Respublikası 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

57. Məhkəmə qeyd edir ki, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir.

58. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 32 oktyabr 2023-cü il tarixli 9/6057 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, 29 yanvar 2024-cü il tarixli 9/10050 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

63. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §51) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

64. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 08 aprel 2022-ci il tarixdə bağlanmış DC00427245-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 71815 (yetmiş bir min səkkiz yüz on beş) manat 18 (on səkkiz) qəpik əsas borc, 9597 (doqquz min beş yüz doxsan yeddi) manat 30 (otuz) qəpik faiz borcu, 3336 (üç min üç yüz otuz altı) manat 96 (doxsan altı) qəpik cərimə məbləği olmaqla ümumilikdə 84749 (səksən dörd min yeddi yüz qırx doqquz) manat 44 (qırx dörd) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar