Məhkəmə qərarları › İş №e-2-2(113)-1570/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1570/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1570/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 301763,51 manat məbləğində borcun və ödənilmiş 400 manat mediasiya xərci, 192 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə əvvəlki tələbkar "xxxx" ASC arasında bağlanmış 12 iyun 2023-cü il tarixli №TH001 saylı tələbin güzəşti çərçivə müqaviləsi (tələb hüququnun satılması haqqında) əsasında Cavabdeh MMC-nin banka olan borc qalığı Yeni tələbkara yəni İddiaçı MMC-nə satılmışdır. 12 iyun 2023-cü il tarixli №TH001 saylı müqavilənin 7.2. bəndinə əsasən bütün hüquqlar, vəzifələr və sairə yeni tələbkara keçir. Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli KTC0053 saylı Maliyyələşdirmə üçün ərizə (müqavilə) üzrə 290,000.00 manat pul vəsaitini illik 11.7% olmaqla 12 ay müddətinə "xxxx" ASC tərəfindən kredit verilmişdir. Kredit müqaviləsi və ona əlavə sənədlər Azərbaycan Respublikasının Qanununa əsasən əl imzasına bərabər tutulan AsanDoc “Asan İmza” mobil elektron imza ilə imzalanmışdır. Cavabdeh öhdəliyin bir hissəsini icra etdikdən sonra qalan borcu ödəməyib. 12 iyun 2023-cü il tarixli №TH001 saylı tələbin güzəşti (tələb hüququnun satılması haqqında) Çərçivə Müqaviləsinə xx.xx.2023- cü il tarixli Əlavə № 01 əsasında İddiaçı MMC cavabdehin 290,000 manat əsas borcu, 8,261.76 manat faiz borcu və 3,501.75 manat cərimə borcu olmaqla cəmi 301,763.51 manat borcunu əvvəlki tələbkara ödəyərək kredit müqaviləsi üzrə tələbin güzəşti hüququnu əldə etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1570/2024 saylı qərardadı ilə "xxxx" ASC hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.Süleymanlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi etibarsız əqd olduğu üçün onunla bağlı olan bütün müqavilələr etibarsızdır. Belə ki, "xxxx" ASC ilə kredit müqaviləsi imzalamış onların direktoru bu barədə təsisçilərin razılığını almamış, öz səlahiyyətlərini aşaraq kredit götürmüşdür. Bundan əlavə, həmin müqavilə direktorlarının asan imzası ilə imzalanmış, həmin vaxt asan imza isə onların mühasibatlıqla bağlı məsələrini həll edən digər şirkətdə olmuşdur. Həmin müqaviləni imza etmiş direktor hazırda işdə azad edilmişdir.

6. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi İ.Hüseynov izahatında göstərdi ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində cavabdehin təsisçisi ilə əlavə olaraq girov müqaviləsi imzalanmışdır. Kredit (290000 manat vəsait) müqavilə bağlanan kimi cavabdeh şirkətin hesabına köçürülmüş, həmin məbləğin bir qismi müqavilənin tələbləri üzrə cavabdehin "xxxx" ASC ilə olan əvvəlki kredit müqaviləsi üzrə yaranmış borca silinmişdir. Bundan əlavə, həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənişlər (25499,83 manat) edilmiş, həmin ödənişlər faiz borca silinmişdir. "xxxx" ASC ilə iddiaçı arasında tələb hüququnun ötürülməsi barədə razılıq əldə edilmiş, həmin razılıq barədə cavabdehə də məlumat verilmişdir. Kredit müqaviləsi cavabdehin həmin vaxt qanuni təmsilçisi olmuş Qanuni nümayəndə2 tərəfindən asan imza vasitəsilə imzalanmış, onun cavabdehin direktoru olması tərəflərindən kommersiya qurumlarının dövlət reyestrində olan məlumatlar əsasında öyrənilmişdir. Həmin kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas yoxdur.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Bank xidmətlərinin göstəriləməsinə dair ümumi şərtlər toplusuna əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. 10."xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli OnGTC- 04661LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.3 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşmaya əsasən bank və müştəri link üzrə yerləşdirilən müqaviləni imzalanmış müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir.

11. "xxxx" ASC və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTC0053 nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən bank tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən 290000 manat kredit illik 11,7% olmaqla 12 ay müddətinə verilmişdir. Kreditin məqsədi K4636 saylı kredit öhdəliyinin bağlanmasıdır. 12."xxxx" ASC və X3 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, G4062 saylı girov müqaviləsinə əsasən girov qoyan “kredit alan”la “girov saxlayan” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 292929.29 manat pul vəsaitini girov qoyulmasını və girovla təmin olunmuş pul öhdəliyini “kredit alan” tərəfindən “Girov saxlayan”la "xxxx" MMC arasında imzalanmış xx.xx.2021 -ci il tarixli OnGTC-04661LE/2019 saylı ümumi şərtlər toplusu və ya onun qəbul edilməsi barəsində Razılaşma çərçivəsində olan xx.xx.2022-ci il tarixli KTC0053 saylı maliyyələşdirmə üçün ərizədə qeyd olunan müddətdə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə “girov saxlayanın” “girov qoyana” qarşı olan tələbinin girov qoyulmuş əşya hesabına akseptsiz qaydada ödənilməsinin hüquqi əsasını,tərəflərin hüquq və vəzifələrini müəyyən edir. 13.İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TH001 saylı çərçivə müqaviləsinə əsasən, tələbkar Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanan bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli KTC0053 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixinə olan əsas borc üzrə 290,000 manat, cərimə borcu 3,501.75 manat, faiz borcu üzrə 8,261.76 manat olmaqla, cəmi 301763,51 manat məbəğində pul tələbinə dair irəli sürülə biləcəyi bütün hüquqlarını yeni tələbkara satır, yeni tələbkar isə bunun müqabilində borc qalıqlarının razılaşdırılmış dəyərini tələbkara ödəyir. 14."xxxx" ASC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, PB/VB-OUT-04475-2023 saylı tələb hüququnun güzəşt edilməsinə dair bildiriş göndərilmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

17. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Cavabdeh iddiaya etiraz edərək "xxxx" ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin etibarsız olduğunu, bu səbəbdən iddia tələbinin əsassız olduğunu bildirir.

19. Məhkəmə cavabdehin müqavilənin etibarsız hesab edilməli olması barədə arqumentini əsassız hesab edir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.

21. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

22. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər

23. Belə ki, materiallardan görünür ki, kredit müqaviləsi cavabdehin müqavilə bağlanan zaman qanuni təmsilçisi olmuş Qanuni nümayəndə2 tərəfindən elektron qaydada imzalanmış, kredit müqaviləsi üzrə vəsait bank tərəfindən cavabdehin hesabına tam şəkildə köçürülmüş, cavabdeh tərəfindən həmin müqavilə üzrə 30000 manat civarında ödənişlər edilmişdir. Bundan əlavə, cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı qanunla müəyyənləşdirilmiş 1 illik kəsici müddəti ötürmüşdür.

24. Cavabdeh tərəfindən hazırkı günə qədər müqavilənin bağlanması və kreditin ayrılması ilə bağlı "xxxx" ASC-yə hər hansı irad bildirilməmiş, müqavilə onun tərəfindən hər hansı qaydada ümumiyyətlə mübahisələndirilməmişdir.

25. Bu səbəbdən məhkəmə kredit müqaviləsinin bağlanmasına cavabdehin iradə ifadəsinin olmamasına dair dəlilini əsassız hesab edir, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığı qənaətinə gəlir.

26. Məhkəmə cavabdehin digər arqumenti olan - kredit müqaviləsinin kənar şəxs tərəfindən cavabdehin qanuni təmsilçisinə məxsus olan asan imza vasitəsilə imzalanmış olması barədə dəlilini də əsassız hesab edir.

27. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.

28. Cavabdeh iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi hallarla bağlı öz izahatından başqa Məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

29. Beləliklə, məhkəmə cavabdehin bu arqumentlərini qeyri-səmimi qəbul etməklə, onun iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərdən yayınması cəhdi kimi qiymətləndirir.

30. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 301763,51 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, göstərilən borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci, 192 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 301763,51 manat məbləğində pul, 400 manat mediasiyaya dair xərc, ödənilmiş 192 manat dövlət rüsumu, ümumilikdə 302355,51 (üç yüz iki min üç yüz əlli beş manat əlli bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar