Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1570/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5648,22 manat əsas borc, 528.04 manat faiz borcu, 102,83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6279,09 manat borcun və 82,79 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Xalqlar” filialından 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 30 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü il noyabrın 20-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5648,22 manat əsas borcu, 528,04 manat faiz borcu, 205,65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6381,91 manat borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 205,65 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 102,83 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
İİ. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-MCR-1-154- 23 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya görə cavabdehə 120 ay müddətinə, aylıq 2,5% dərəcəsi ilə, 20000 manat məbləğində kredit limiti ayrılmışdır.
5. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-MCR-1-154- 23/1 saylı kredit razılaşmasına əsasən iddiaçı cavabdehə aylıq 1,83 % dərəcəsi ilə, 30 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir.
6. .02.2023-cü il tarixli, 11-MCR-1-154-23/1 saylı kredit razılaşmasına xx.xx.2023-cü il tarixli, 1 saylı əlavədə kredit müqaviləsi üzrə ödənişlər, onların tarixi, əsas və faiz məbləğləri öz əksini tapmışdır.
7. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023 tarixli Z/05678/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2023-cü il tarixli, 11-MCR-1-154-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.
8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əlavə saziş ilə xx.xx.2023-cü il tarixli, 11-MCR-1-154-23 saylı müqavilənin 10-cu bəndinə “Cavabdeh2 tərəfindən verilən zaminlik (xx.xx.2023 tarixli Z/05678/23 nömrəli müqavilə” sözləri əlavə edilmişdir.
9. xx.xx.2023-cü il tarixli məxaric qəbzinə görə 9801 manat məbləğində kredit Cavabdeh1 verilmişdir.
10. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 11-MCR-1-154-23/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borc 5648,22 manat, faiz borcu 528,04 manat, cərimə borcu 205,65 manat olmaqla, ümumilikdə borcu 6381,91 manat təşkil edir.
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında xx.xx.2023-cü il tarixli, 11-MCR-1-154-23/1 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 5648,22 manat məbləğində əsas bоrc, 528,04 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
16. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 102,83 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
17. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
19. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli, 11-MCR-1-154-23/1 saylı kredit müqaviləsi üzrə 5648,22 manat məbləğində əsas bоrc, 528,04 manat məbləğində faiz borcu, 102,83 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 82,79 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
III. Nəticə:
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 5648,22 manat məbləğində əsas bоrc, 528,04 manat məbləğində faiz borcu, 102,83 manat cərimə borcu, 82,79 manat dövlət rüsumu, ümumilikdə 6361,88 (altı min üç yüz altmış bir manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova