Məhkəmə qərarları › İş №e-2-2(113)-1579/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1579/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1579/2022 20.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı razılaşmaların, sazişlərin ləğv edilməsi, kredit borcunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş 26.10.2020-ci il tarixli 027R**********SB saylı, 26.01.2021-ci il tarixli 027R**********SC saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 27.027,47 manat məbləğində krеdit bоrcu, 7.633,81 manat məbləğində faiz bоrcu və 4.252,31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 38.913,59 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 6,74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 31.07.2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 14.11.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 26.02.2020ci il tarixli 027R**********S saylı, 20.05.2020-ci il tarixli 027R**********SA saylı, 26.10.2020ci iltarixli 027R**********SB saylı, 26.01.2021-ci il tarixli 027R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 23.04.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2.972,53 manat ödəmiş, onun 27.027,47 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07.12.2021-ci il tarixə 228 gün üçün hesablanmış faiz borcu 7.633,81 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 07.12.2021-ci il tarixə 228 gün üçün hеsablanmış cərimə 4.252,31 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında cavabdehin pandemiya ilə əlaqədar vaxtlı-vaxtında ödəniş etmədiyini, hesablanmış cərimə və faiz borcuna etiraz etdiklərini bildirmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500.000 ABŞ dolları məbləğində 120 ay müddətinə 31.07.2028-ci il tarixədək uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanılacaq ayrıca Razılaşmalar əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 31 iyul 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Uzunmüddətli kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında 31 iyul 2018ci il tarixli, 027S**********03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 31 iyul 2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı, 14.11.2019-cu il tarixli kreditin Razılaşmasından görünür ki: 1.1-ci bəndinə əsasən bank məbləği 30.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 24 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ84ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 150 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesblanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 23.97 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh1 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı Kredit Razılaşmasının ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 30.000 manat, faizin məbləği 7.866,46 manat, cəmi ödəniləcək məbləğ 37.866,46 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Orxan Səmədov tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 26.02.2020-ci il tarixli 027R**********S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 14 noyabr 2019-cu il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 26.02.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı Kredit Razılaşmasının (restrukturizasiya tarixi: 26.02.2020-ci il) ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 27.027,47 manat, faizin məbləği 6.269,42 manat, cəmi ödəniləcək məbləğ 33.296,89 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Orxan Səmədov tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 20.05.2020-ci il tarixli 027R**********SA saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 027R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 20.05.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı Kredit Razılaşmasının (restrukturizasiya tarixi: 20.05.2020-ci il) ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 27.027,47 manat, faizin məbləği 6.240,85 manat, cəmi ödəniləcək məbləğ 33.989,04 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Orxan Səmədov tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 26.10.2020-ci il tarixli 027R**********SB saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 26.10.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 027R********** saylı Kredit Razılaşmasının (restrukturizasiya tarixi: 26.10.2020-ci il) ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 27.027,47 manat, faizin məbləği 5.726,33 manat, cəmi ödəniləcək məbləğ 34.374,52 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Orxan Səmədov tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 26.01.2021-ci il tarixli 027R**********SC saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 027R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 26.01.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı Kredit Razılaşmasının (restrukturizasiya tarixi: 26.01.2021-ci il) ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödəyəcək qalıq əsas borc 27.027,47 manat, qalıq borca hesablanacaq faizin məbləği 7.183,64 manat, hesablanmış faiz borcu 1620,72 manat, cəmi ödəniləcək məbləğ 35.831,83 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Orxan Səmədov tərəfindən də imzalanmışdır. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, ********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 sonuncu dəfə 23.03.2020-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" QSC tərəfindən verilmiş 24.02.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" QSC-yə əsas borcu 27.027,47 manat, faiz borcu 7.633,81 manat, (gecikdirilən günlərin sayı 228 gün) cərimə borcu 4.252,31 manat olmaqla, cəmi borc 38.913,59 manat təşkil edir. "xxxx" QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış müvafiq olaraq 20.11.2021-ci il tarixli və 22.11.2021-ci il tarixli xəbərdarlıq məktublarına əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə razılaşmalara xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 14 noyabr 2019-cu il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması və 26.02.2020-ci il tarixli 027R**********S saylı, 20.05.2020-ci il tarixli 027R**********SA saylı, 26.10.2020-ci il tarixli 027R**********SB saylı və 26.01.2021-ci il tarixli 027R**********SC saylı sazişlərdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh1 uzunmüddətli kredit müqaviləsi üzrə razılaşmada müəyyən edilmiş şərtlərlə 30.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə, razılaşma və sazişlər ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit razılaşması üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya 07.12.2021-ci il tarixinə kredit razılaşması üzrə 27.027,47 manat məbləğində əsas və 7.633,81 manat məbləğində faiz borcu yaranmışdır. İddianın 14.11.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş 26.10.2020-ci il tarixli 027R**********SB saylı, 26.01.2021-ci il tarixli 027R**********SC saylı sazişlərin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 mübahisəli krеdit razılaşması və ona əlavə edilmiş 26.10.2020-ci il tarixli 027R**********SB saylı, 26.01.2021-ci il tarixli 027R**********SC saylı sazişlər üzrə əsas kredit borcunu və faizləri ödəniş planına uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, krеdit razılaşması və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi tələbinə dair hissədə iddiaçı "xxxx" QSC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. İddianın krеdit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Faiz borcunun düzgün hesablanmaması barədə Cavabdeh1 nümayəndəsi və vəkilinin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən dəlillərinin əsaslılığına dəlalət edən hər hansı faktiki hala (məsələn, borc hesablanarkən bank tərəfindən bütün ödənişlərinin nəzərə alınmamasına və s.) istinad etməmiş, eləcə də dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə Cavabdeh1 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 14 noyabr 2019-cu il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması və 26.02.2020-ci il tarixli 027R**********S saylı, 20.05.2020-ci il tarixli 027R**********SA saylı, 26.10.2020-ci il tarixli 027R**********SB saylı və 26.01.2021-ci il tarixli 027R**********SC saylı sazişlər üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 27.027,47 manat məbləğində əsas və 7.633,81 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit razılaşması və sazişlər üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 4.252,31 manat məbləğində dəbbə pulunun Cavabdeh1 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1.300 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında 31 iyul 2018-ci il tarixli, 027S**********03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 kredit alan Cavabdeh1 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 14 noyabr 2019-cu il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşmadan irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Cavabdeh1 31 iyul 2018-ci il tarixli 027L**********70 saylı uzunmüddətli kredit müqaviləsi üzrə kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək 30 gündən artıq müddətdə ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit verən "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zamin Cavabdeh2 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 7 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 206,74 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşması və ona əlavə edilmiş 26.10.2020-ci il tarixli 027R**********SB saylı, 26.01.2021-ci il tarixli 027R**********SC saylı sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.027,47 manat (iyirmi yeddi min iyirmi yeddi manat qırx yeddi qəpik) məbləğində əsas borc, 7633,81 manat (yeddi min altı yüz otuz üç manat səksən bir qəpik) məbləğində faiz borcu və 1300 (min üç yüz) məbləğində dəbbə pulu, 35.961,28 manat (otuz beş min doqquz yüz altmış bir manat iyirmi səkkiz qəpik) və mediasiya xərclərinin əvəzi olaraq 180 (yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar