Məhkəmə qərarları › İş №e-2-2(113)-158/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-158/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-158/2024 31.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X2 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC (müştəri) arasında 26 may 2022-ci il tarixli, TZM2722008 saylı Maliyyələşdirmə limiti müqaviləsi imzalanmışdır. - Həmin müqaviləyə əsasən bank tərəfindən müştəriyə 60 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 150.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması üçün invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə bərpa olunan kredit limiti verilməsi nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 və Cavabdeh2 (zaminlər) arasında 26 may 2022-ci il tarixli, TZM2722008 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borcalan ilə kreditor arasında bağlanmış 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. - 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 6.8-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin, habelə kreditora dəymiş zərər tam icra olunanadək qüvvədədir. Müqavilələr kreditorun və borc alanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC (müştəri) arasında həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə illik 13 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 98.227 manat məbləğində invoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 9-cu bəndinə əsasən əsas borcun son ödəniş tarixi xx.xx.2022-ci ildir. - 11-ci bəndinə əsasən ödəniş cədvəli üzrə gecikmiş məbləğə gündəlik 0,1% cərimə faizi dərəcəsi tətbiq ediləcəkdir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Kreditin tarixinə əsasən Cavabdeh3 MMC tərəfindən razılaşma üzrə ödəyəcək əsas məbləğ 98227 manat, faizin məbləği 18.196,11 manat, 35,24 manat dəbbə pulu, cəmi ödəniləcək məbləğ 116.458,35 manat təşkil edir.

5. 06.06.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2022- ci il tarixli TZM2722008/2 nömrəli razılaşma üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borc 98227 manat, faiz borcu 14.436,29 manat, cərimə borcu 35,24 manat olmaqla cəmi borcu 112.698,53 manat təşkil edir

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 9/8149 saylı ekspert rəyinə əsasən Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 98227 manat, faiz borcu 603,07 manat təşkil edir. Həmin müqavilə üzrə əsas borc məbləğinə xx.xx.2022-ci il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizənin verildiyi tarixədək) olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% olmaqla hesablanmış faiz borcu 4.079,15 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı ASC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və X1 26 may 2022-ci il tarixli, TZM2722008 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, TZM2722008/02 saylı razılaşma üzrə 98.227 manat əsas, 14.436,29 manat faiz, 35,24 manat dəbbə,cəmi 112.698,53 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 402,70 manat pulun pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 may 2022-ci il tarixli, TZM2722008 saylı Maliyyələşdirmə limiti müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 150.000 manat məbləğində cavabdehlərə dövriyyə vəsaitinin artırılması üçün invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə bərpa olunan kredit limiti verilmişdir (müqavilənin 1.1.1., 1.1.2. və 1.1.3. maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 13 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 98.227 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5,6 və 9-cu maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq cavabdehlər Cavabdeh2 və X3 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli TZM2722008 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə Zaminlər öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh3 MMC və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, TZM2722008/02 saylı müqaviləsi üzrə borcunun məbləği 98.227 manat əsas, 14.436,29 manat faiz, 35,24 manat dəbbə, borcun cəmiməbləği 112.698,53 manat təşkil edir. 10.15.09.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və X1 26 may 2022-ci il tarixli, TZM2722008 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, TZM2722008/02 saylı razılaşma üzrə 98.227 manat əsas, 14.436,29 manat faiz, 35,24 manat dəbbə,cəmi 112.698,53 manat məbləğində pulun, həmçinin illik 5 faizi həcmində əldən çıxmış fayda 4.100 manat və dövlət rüsumu kimi ödənilmiş 402,70 manat pulun pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 445.2.1, 472.1 və 472.2-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

12.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

13. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında borcun olduğunu, sadəcə hazırda maliyyə sıxıntıları olduğu üçün ödənişlərin edilməsində çətinliklər yarandığını, məsələnin həlli istiqamətində danışıqlar aparıldığını, lakin müsbət nəticənin əldə olunmasının mümkün olmadığını bildirdi.

15. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

16. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

19. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

20. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 may 2022-ci il tarixli, TZM2722008 saylı maliyyələşdirmə limiti müqaviləsi və həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə imzalanmış invoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 MMC-yə müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 98227 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 24.Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas borcunun 98227 manat məbləğində olması müəyyən edilmişdir. 25.Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. 26.Belə olan halda kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir. 27.Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun və kreditin verilmə müddətinin bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun xx.xx.2022-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) 603,07 manat, eləcə də kreditin verilmə müddətinin bitdiyi tarixdən iddia tələbinin artırılması barədə ərizənin verildiyi tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin 4079,15 manat olması müəyyən edilmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

29. Göründüyü kimi Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kredit verən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri), sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə faizləri tələb etməkdə haqlıdır.

30. Odur ki, müqavilə üzrə hesablanmış faiz borcunun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsində iddia qismən edilməli, mübahisəli kredit müqaviləsi üzrə kreditin verilməsi müddətinin tarixədək olan müddət üçün tutulacaq faiz borcu 603,07 manat, kreditin verilməsi müddəti bitdiyi tarixdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulacaq faiz borcu 4.079,15 manat məbləğində müəyyən edilməlidir.

31. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh3 MMC-yə hesablanmış 35,24 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

32. Məhkəmə hesab edir ki, Cavabdeh3MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. 33.İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında bağlanmış 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 və Cavabdeh2 (zaminlər) arasında 26 may 2022-ci il tarixli TZM2722008 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borc alan Cavabdeh3 MMC-nin 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar.

34. Məhkəmə zaminlər Cavabdeh1 və Cavabdeh2 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqavilə üzrə borc alan Cavabdeh3 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. 35.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 2,70 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

36. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (tələbin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 406,80 manat təşkil edir. 37.Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

38. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

39. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 40.Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 360 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 41.Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. 42.Dövlət rüsumunun kəsiri olaraq 4,10 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada krеdit müqaviləsi üzrə 98.227 manat məbləğində əsas bоrc, 603,07 manat məbləğində faiz bоrcu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 %-lə 4.079,15 manat məbləğində faiz borcu, 35,24 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 102.944,46 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Dövlət rüsumunun kəsiri olaraq 4,10 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar