Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1580/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2124 (iki min yüz iyirmi dörd) manat icarə haqqı, 869,34 manat (səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) kommunal haqq, icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış 12282,96 manat (on iki min iki yüz səksən iki manat doxsan altı qəpik) cərimə faizi olmaqla, cəmi 15276,30 manat (on beş min iki yüz yetmiş altı manat otuz qəpik) manat məbləğində pulun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 210 manat məbləğində haqqın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixli, 01-İC-AX-20 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada ümumi sahəsi 130 kv.m olan iaşə (kafe) obyektini 11 ay müddətinə icarəyə götürməyi və 15 yanvar 2020-ci il tarixindən ilk 2 (iki) ay üzrə aylıq 2124 (iki min yüz iyirmi dörd) manat, növbəti 4 (dörd) ay üzrə aylıq 2596 (iki min beş yüz doxsan altı) manat və müqavilə bitənə kimi növbəti 5 (beş) ay üzrə aylıq 2784 (iki min yeddi yüz səksən dörd) manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-ci bəndinə əsasən hazırkı müqavilənin 6-cı hissəsinin müddəalarına uyğun olaraq icarə müddətinin qurtarmasından əvvəl müqaviləyə xitam verilə bilər. Eyni zamanda, müqavilənin 3.5-ci bəndinə əsasən cavabdeh icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 1 %-i məbləğində cərimə ödəyir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 19 avqust 2021-ci il tarixli, xx-xx- 2021-0474 nömrəli pretenziya məktubu ünvanlanaraq, 15 yanvar 2020-ci il tarixli, 01-İC- AX-20 nömrəli icarə müqaviləsi üzrə yaranmış 2124 (iki min yüz iyirmi dörd) manat icarə haqqı, 869,34 manat (səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) kommunal haqq və icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış 10216,44 manat (on iki min iki yüz on altı manat qırx dörd qəpik) cərimə faizi olmaqla, cəmi 13209,78 manat (on üç min iki yüz doqquz manat yetmiş səkkiz qəpik) məbləğin ödənilməsi tələb olunmuş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Bununla əlaqədar Qanunun 28.3 və 28.4-cü maddələrinə uyğun olaraq iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş və Şura tərəfindən mediator təyin olunmuşdur. Cavabdeh 11 yanvar 2022-ci il tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında üzrlü səbəb göstərmədən iştirak etməmiş və bu səbəbdən də tərəflərə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 1 aylıq icarə haqqı 2124 manat və kommunal xərc kimi 869,34 manat ödənişin olunmadığına dair əsassız tələblər irəli sürmüşdür. İddiaçı öz tələblərini təsdiqləyən heç bir sübut təqdim etməmişdir. İcarə müqaviləsinin 4.9-cu bəndinə əsasən kommunal təminat "xxxx" MMC tərəfindən həyata keçirilmişdir və icarə haqqında daxildir. İcarə müqaviləsinin 3.3-cü bəndinə əsasən ancaq işıq pulu sayğac göstəricilərinə əsasən icarəçi tərəfindən ödənilməlidir. Əgər iddia işıq pulu ilə bağlıdırsa, iddia ərizəsi yanlışdır və düzəlişə ehtiyac vardır. Cavabdehə və məhkəməyə qeyd olunan tarix üçün hər hansı rəsmi bildiriş və yaxud “Azərişıq” borc hesab fakturası təqdim olunmamışdır. Həmçinin icarə haqqı ilə bağlı iddialar tam əsassızdır. Belə ki, icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən icarə müqaviləsinin başlanğıcı və yaxud başlama tarixi hesab olunan 130 kv sahənin təhvil-təslim aktları sübüt kimi məhkəməyə təqdim olunmamışdır. Həmçinin icarə müqaviləsinin icarədarın öhdəliklərinə dair 4.9-cu bəndinə əsasən kamera təhlükəsizlik, yanğın mühafizə sistemləri, mövsümi havalandırma sistemləri, təhvil-təslim aktları məhkəməyə sübüt kimi təqdim olunmamışdır. Əlavə olaraq qeyd edilir ki, iddia olunan tarixdə icarə obyektində hər hansı fəaliyyətləri olmamışdır. Qeyd olunan tarix üçün tələb olunan kommunal ödəniş və icarə haqqı tam əsassız və sübutsuzdur. 2020-ci il yanvar ayının sonundan müqavilə üzrə icarədarın yazılı və şifahi öhdəliklərinin yerinə yetirilməməsinə görə qeyd olunan ərazidə fəaliyyətlərini dayandırmışlar. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh əlavə olaraq bildirdi ki, "xxxx" ASC ilə onun arasında 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə obyektindən 2020-ci ilin yanvar ayının sonuna qədər istifadə olunmuşdur. Həmin yarım aylıq müddətə görə onun tərəfindən icarə haqqı ödənilmişdir. İcarə obyektinin açılış günündən başlayaraq onların fəaliyyətinə maneə olan hallar yaranmış və həmin gün obyektə elektrik enerjisinin verilişi icarəyə verən tərəfindən dayandırılmışdır. Bu barədə narazılığını bildirmiş və ona rəsmi qaydada məktub ünvanlayaraq üzrxahlıq etmişlər. Lakin həmin məktub saxlanılmadığından məhkəməyə təqdim edə bilməmişdir. Bir sıra problemlər mövcud olduğundan 2020-ci ilin yanvar ayının sonunda həmin icarə obyektindən çıxmışdır. Bəzi əşyaları indiyədək həmin obyektə qalır. 2020-ci ilin fevral ayında obyektdən istifadə etməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 15 yanvar 2020-ci il tarixli, 01-İC-AX-20 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən müqavilənin 1.3-cü bəndində göstərilən sahəni icarəçiyə iaşə (kafe) sahəsi kimi istifadə üçün icarəyə verir, icarəçi isə icarə obyektini ona zərər vurmadan icarəyə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti icarəçiyə 11 ay müddətinə icarəyə verilir. İcarə obyekti icarəçiyə mövcud olan əşya və avadanlıqların siyahısını əks etdirən Təhvil-Təslim Aktına əsasən təhvil verilir və həmin tarix icarə müddətinin axımı hesab edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyekti icarəçiyə təhvil veriləndən sonra, icarəçi icarəyə verənə icarə obyektinə “15” yanvar 2020-ci il tarixində icarə müqaviləsinə əsasən ilk 2 (iki) ay üzrə aylıq 2124 (iki min yüz iyirmi dörd) manat (ƏDV daxil) ödəməlidir, növbəti 4 (dörd) ay üzrə aylıq 2596 (iki min beş yüz doxsan altı) manat (ƏDV daxil) ödəməlidir və müqavilə bitənə kimi növbəti 5 (beş) ay üzrə aylıq 2784 (iki min yeddi yüz səksən dörd) manat (ƏDV daxil) ödənilməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə icarə haqqı icarəçi tərəfindən bank hesabına köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən elektrik enerjisindən istifadə xərcləri icarə haqqına daxil deyil və əlavə olaraq sayğac göstəricisinə əsasən icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən hər hansı tərəf bu müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu halda, digər tərəfə 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdarlıq verməklə bu müqaviləyə xitam verə bilər. - "xxxx" ASC (vəkalət verən) ilə "xxxx" MMC (vəkalət alan) arasında 03 may 2021-ci il tarixli, 01T/21 nömrəli tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə vəkalət alan vəkalət verənin tapşırığı əsasında vəkalət verənin mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş əmlaklara dair Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətləri göstərir, vəkalət verən isə göstərilən xidmətlərin müqabilində vəkalət alana bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən vəkalət alan tərəfindən göstərilən xidmətlər aşağıdakılardan ibarətdir: 1.2.1-ci bəndinə əsasən obyektdə yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi barədə təklifləri vəkalət verənə təqdim etmək, icarə şərtlərini Vəkalət verən ilə razılaşdırmaq; 1.2.2-ci bəndinə əsasən icarə şərtləri vəkalət verən ilə razılaşdırıldıqdan sonra, vəkalət verənin adından çıxış edərək vəkalət verənin mülkiyyətində olan qeyriyaşayış sahələrini vəkalət alana verilmiş etibarnamə əsasında icarəyə vermək, icarə müqavilələrini imzalamaq, həmin müqavilələrə əlavə və dəyişikliklər etmək və onları ləğv etmək; 1.2.3-cü bəndinə əsasən obyektin təmizlik, sanitar, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarına müvafiq şəkildə saxlanılmasını təmin etmək. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən vəkalət verənin adından bağlanılmış icarə müqavilələri üzrə icarə haqlarının ödənişi vəkalət verənin müvafiq bank hesabına köçürmə yolu ilə icarəçilər tərəfindən həyata keçirilir. - "xxxx" ASC (vəkalət verən) ilə "xxxx" MMC (vəkalət alan) arasında bağlanmış 03 may 2021-ci il tarixli, 01T/21 nömrəli tapşırıq müqaviləsinə xx.xx.2021-cii l tarixli 1 saylı Əlavəyə əsasən vəkalət alan vəkalət verənin tapşırığına əsasən vəkalət verənin mülkiyyətində olan, Əlavədə qeyd olunan əmlaklara dair xidmət göstərməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 07-2020- 0038 nömrəli xəbərdarlıq məktubundan görünür ki, icarəçi Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmədiyi üçün və icarə müqaviləsinin 6.2-ci və 6.2.1-ci (müqaviləyə xitam verilməsi) bəndlərinə əsasən icarəçi müqavilənin şərtlərini kobud şəkildə pozduğundan, 15 yanvar 2020-ci il tarixli, 01-İC-AX-20 nömrəli icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə xəbərdar edilmişdir. - İddiaçı "xxxx" ASC xx.xx.2021-ci il tarixli, xx-xx-2021-0474 nömrəli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək, borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, tərəflər həmin müqavilə üzrə üzərlərinə öhdəliklər götürmüşlər. Sonradan tərəflər arasında münasibətlər pozulmuş, martın əvvəlində cavabdehə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə xəbərdarlıq göndərilmişdir. İcarə obyektinin təhvil verilməsi barədə təhvil-təslim aktı təqdim olunmasa da, müəyyən olunur ki, cavabdeh 2020-ci ilin yanvar ayının ortalarından icarə obyektinə köçmüş və qeyd edilən yarım aylıq müddətə görə icarəçi tərəfindən icarə haqqı ödənilmişdir və bu icarə haqqının ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbin bir hissəsini fevral ayı üçün ödənilməyən 2124 (iki min yüz iyirmi dörd) manat icarə haqqının cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin göstərilən hissəsi ilə bağlı ilk növbədə qeyd edilir ki, cavabdeh icarə obyektindən fevral ayında istifadə etmədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və əlavə olaraq da izahatında qeyd etmişdir ki, bəzi əşyaları indiyədək həmin obyektə qalır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını, müqavilə şərtlərini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və fevral ayı üçün ödənilməyən icarə haqqına görə 2124 (iki min yüz iyirmi dörd) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Cavabdeh 869,34 manat (səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) kommunal haqqının tutulması təşkil edir. İddia tələbinin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı kommunal haqqının cavabdehdən tutulmasını tələb etsə də, lakin bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir hər mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddia tələbinin digər hissəsini öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 12282,96 manat məbləğində cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 (yüz) manat məbləğində müəyyən edilməli, cərimənin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 210 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, mediasiyaya görə 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2124 (iki min yüz iyirmi dörd) manat məbləğində icarə haqqı, 100 (bir yüz) manat cərimə, 100 (bir yüz) manat mediasiya xərci olmaqla, cəmi 2324 (iki min üç yüz iyirmi dörd) manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1580/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1580/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver