Məhkəmə qərarları › İş №e-2-2(113)-1582/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1582/2023

22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1582/2023 22.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağsu X3 İdarəsinin Şamaxı Xidmət Sahəsinə 007940 nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə hesablanmış 4.104 manat manat məbləğində borcun silinməsi və ödənilmiş 61,40 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərsu ”Açıq Səhmdar Cəmiyyətinin 2 №li Regional sukanal idarəsi ilə İddiaçı İB-nin Ağsu X3 İdarəsi arasında bağlanmış xx.xx.2019cu il tarixli, 41679335 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən Şamaxı Xidmət Sahəsi su təchizatı ilə təmin edilir. İstehlak edilmiş suya görə müqavilə üzrə İddiaçı İB-nin Ağsu X3 İdarəsi tərəfindən dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən İddiaçı İB-nin X6 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsinin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmişdir. Yuxarıda qeyd olunan ünvana baxış keçirilərkən İddiaçı İB-nin yerli nümayəndəsinin iştirakı təmin edilməyərək xx.xx.2021-ci il tarixli, 007940 nömrəli birtərəfli akt tərtib edilmişdir. Həmin aktda Şamaxı Xidmət Sahəsinə məxsus sayğacın girişindəki filtirdən diametri 20 mm-lik polad boru vasitəsi ilə qanunsuz istifadə olunduğu qeyd olunmuşdur. Həmin akt əsasında aparılmış hesabatda 2052 m miqdarında 4.104 manat dəyərində içməli və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməklə Cavabdeh ASC-yə ziyan vurulduğu qeyd edilmişdir. Halbuki,”Azəriqaz” İB-nin X6 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən heç bir halda sudan qeyri-qanuni istifadə edilməmişdir. “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin Şamaxı Sukanal idarəsi tərəfindən Şamaxı Xidmət Sahəsində su təchizatında aparılan yoxlama zamanı ”Azəriqaz”İB-nin Ağsu RQİİ-nin nümayəndələrinin və hal şahidlərinin iştirakının təmin edilməməsi buna əyani sübutdur. Yuxarıda qeyd olunanlara əsasən Şamaxı Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 007940 nömrəli akt ləğv edilməli və əsassız hesablanmış dəymiş ziyan məbləği İddiaçı Ağsu RQİİ-nin hesabından silinməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə, iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmənin iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2021-ci il tarixli 07940 nömrəli akta əsasən hesablanmış olan məbləğdir.

10. xx.xx.2021-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, xx.xx.2021-ci il tarixli 07940 nömrəli akt əsasında cavabdehə 4.104 manat məbləğində borc hesablanmışdır.

11. İşə əlavə edilmiş Abonent haqqında məlumatdan görünür ki, cavabdehin halhazırda 3.702,59 manat məbləğində borcu vardır.

12. Məhkəmə iclasında cavabdehdən xx.xx.2021-ci il tarixli 07940 nömrəli aktın vahid məlumat reyestrində qeydə alınıb-alınmaması soruşulmuş, cavabdeh tərəf isə qeydə alınmadığını bildirmişdir.

13. Həmçinin o da, qeyd edilməlidir ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, İddiaçı ********** saylı VÖEN sahibi, olmaqla kommersiya hüquqi şəxsin statusunu daşıyır.

14. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı barəsində aparılan yoxlama yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq vahid məlumat reyestrində qeydə alınmalı idi.

15. Hazırkı halda isə aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

16. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

17. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

18. Ancaq məhkəmə qeyd edir ki, akt əsasında 4.104 manat məbləğində borc hesablanmış olsa da, hal-hazırda borcun qalıq məbləğinin 3.702,59 manat təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 3.702,59 manat məbləğində borc silinməlidir.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Ağsu X3 İdarəsinin Şamaxı Xidmət Sahəsinə aid 740044 saylı abunə kodu üzrə əsassız olaraq hesablanmış 3.702 (üç min yeddi yüz iki) manat 59 (əlli doqquz) qəpik məbləğində borc silinsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar