Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1587/2025 18.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 47.199,62 manat əsas borcun və Mülki Məcəllənin 445-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 4.719,9 manat faizlərin və ödənilmiş 246,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə ilə ƏDV daxil cavabdehə 58999.62 manat elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən ƏDV daxil 11800 manat ödəniş edilmişdir. Müqavilə şərtləri İddiaçı MMC tərəfindən icarə edilsə də, cavabdeh öhdəliklərini icra etməmiş, şirkətimizə 47199.62 manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Əhmədbəyli-Horazidz-Mincivan-Ağbənd Avtomobil yolunun tikintisi layihəsi üzrə lazım olan texnikaları 6 ay müddətinə icarəyə götürmüşdür.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən hesablamaların aparılması üçün bir ay 28 gündür.
13. Müqavilənin 2.5-ci bəndinə əsasən ödənişlər ay ərzində faktiki yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən təsdiq edilən aylıq xidmətlərin təhvili cədvəli əsasında növbəti ayın 30 (otuz) günü ərzində köçürmə yolu ilə yerinə yetiriləcəkdir.
14. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
16. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
17. Belə ki, iddiaçı tərəfindən cavabdehə EBBT seriyalı 661045 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 11.800 manat, EBBV seriyalı 016421 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 17.699,86 manat, EBBV seriyalı 016293 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 29.499,76 manat olan elektron qaimələr göndərilmişdir.
18. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 58.999,62 manat təşkil edir.
19. Hazırda iddiaçı cavabdeh tərəfindən 11.800 manat məbləğində ödəniş edildiyini, nəticədə 47.199,62 manat (58.999,62-11.800) borcunun qaldığını bildirir.
20. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.
21. Belə olan halda Məhkəmə hesab edir ki, 47.199,62 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə iddianın əsas borca görə illik 5% hesablanmaqla 4.719,9 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. İşdən göründüyü kimi, cavabdeh tərəf borcun ödənilməsini təxmini 30 ay gecikdirmişdir. Qeyd edilmiş aylar üzrə isə əsas borca illik 5 faiz hesablanmaqla olan məbləğ 5.899,95 (47.199,62x5/100=2.359,98 (12 ay üçün), 2.359,98/12=196,665 (1 ay üçün), 196,665x30=5.899,95) manat təşkil edir.
24. Ancaq, Məhkəmə iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia əsas borca görə illik 5% hesablanmaqla 4.719,9 manat məbləğində pulun tələb edilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməli, 4.719,9 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 246,4 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 47.199 (qırx yeddi min yüz doxsan doqquz) manat, 62 (altmış iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 4.719 (dörd min yeddi yüz on doqquz) manat 9 (doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 246 (iki yüz qırx altı) manat, 4 (dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov