Məhkəmə qərarları › İş №e-2-2(113)-1588/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1588/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1588/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun etirafı müqaviləsi, böhdəliyin icra olunması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3855,09 manat (üç min səkkiz yüz əlli beş manat doqquz qəpik) məbləğində əsas borc, 1734,79 manat (min yeddi yüz otuz dörd manat yetmiş doqquz qəpik) məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 5589,88 manat (beş min beş yüz səksən doqquz manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində xərcin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2018-ci il tarixdə borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən cavabdeh iddiaçıya 9780,09 manat məbləğində borcunun olduğunu etiraf etmiş və müqavilənin 2.1-ci bəndinə əsasən həmin məbləği xx.xx.2022-ci il tarixinədək, hər ay 203,75 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini qismən icra etmişdir. Müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 5925 manat məbləğində ödəniş həyata keçirilmişdir. “Tərəflər arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair” arayışdan görünür ki, xx.xx.2022-ci il tarixinə cavabdehin müqavilə üzrə iddiaçıya 3855,09 manat əsas borcu olmaqla, müqavilənin 2.4-cü bəndinin şərtlərinə (ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5%-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür) əsasən hesablanmış 1734,79 manat dəbbə pulu ilə birlikdə 5589,88 manat ödənilməmiş borcu qalmaqdadır. Hazırkı iddia tələbi ilə iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə 2(102)-2394/2023 saylı Qərarı ilə işin kommersiya aidiyyəti oluduğu üçün kommersiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ilə cavabdeh arasında imzalanmış 23 noyabr 2018-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin 2.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə kreditorun məhkəməyə müraciət etmək hüququ yaranır. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması məqsədilə hər hansı bir addım atılmamışdır. Həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün cavabdehə təklif göndərilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.1, 455.2.1, 448.1 və 882.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə borclu qismində Cavabdeh arasında xx.xx.2018-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borclu kreditora 9780,09 manat borcun yarandığını tam etiraf edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu 48 (qırx səkkiz) aya 9780,09 manat borcun yarandığı, həmin məbləği xx.xx.2024-cü il tarixinədək hər ay 203,75 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borclu tərəfindən ödəniş hər ayın bağlandığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edə bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borclu kreditorun bu müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı digər əqdlərə istinad edə bilməz. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümümi borc məbləğinin 0,5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür.

8. Cavabdeh ilə İddiaçı MMC arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair arayışdan görünür ki, müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 5925 manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixinə cavabdehin müqavilə üzrə iddiaçıya 3855,09 manat əsas borc olmaqla, 1734,79 manat dəbbə pulu ilə birlikdə ümumilikdə 5589,88 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

9. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/894 saylı ekspert rəyindən görünür ki, borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2018-ci il tarixli müqavilədə “borclu” bölməsində “Cavabdeh” sözlərinin qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən borclu kreditora 9780,09 manat borcun yarandığını tam etiraf etmiş, 48 aya 9780,09 manat borcun yarandığı, həmin məbləği xx.xx.2024-cü il tarixinədək hər ay 203,75 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Borclu tərəfindən müqavilə üzrə öhdəliklər qismən icra edilmiş və onun 3855,09 manat məbləğində qalıq borcu yaranmışdır.

15. İddia tələbinin bir hissəsini cavabdehdən 3855,09 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması təşkil edir.

16. Cavabdeh borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin onun tərəfindən imzalanmadığını bildirmiş və bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/894 saylı ekspert rəyində borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2018-ci il tarixli müqavilədə “borclu” bölməsində “Cavabdeh” sözlərinin qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir.

17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh borca görə 3855,09 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməlidir.

18. İddia tələbinin digər hissəsini 1734,79 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. 19 . Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq cərimə məbləği azaldılaraq, 200 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Eləcə də, iddiaçı 100 (yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

21. Məhkəmə hesab edir ki, cavabdehdən mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3855,09 manat (üç min beş yüz əlli beş manat doqquz qəpik) borc, 200 (iki yüz) manat cərimə və 100 (yüz) manat mediasiya xərci olmaqla, 4155,09 manat (dörd min yüz əlli beş manat doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar