Məhkəmə qərarları › İş №e-2-2(113)-159/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-159/2023

05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-159/2023 05.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Firmasının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Firmasının cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firması cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh2 16.641 manat məbləğində maddi ziyan, 10.000 manat məbləğində mənəvi zərər, ümumilikdə 26.641 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Firmasına verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, AR DİN BDYP İdarəsinin verdiyi AD 130373 №-li 22 dekabr 2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü il buraxılışlı 99AN017 dövlət nömrə nişanlı, Mercedes BenzYük markalı avtomobil İddiaçı Firmasına məxsusdur. 6 iyul 2021-ci il saat 17 radələrində Bakı şəhəri, Pirşağı qəsəbəsi, Əjdər Məlikov və Ağa Əlizadə küçəsi kəsişməsində iddiaçının işçisi X6 avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi “Daewoo Bs-090” markalı, 10TE907 dövlət nömrə nişanlı "xxxx" MMC-nin avtobus sürücüsü olan Cavabdeh2 tərəfindən törədilmişdir. O, yol hərəkəti qaydasını pozaraq “Yol verin” yol nişanına əməl etməyərək, iddiaçının avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində sürücü X6, X7 və X8 müxtəlif bədən xəsarətləri almış, avtomobilə isə ziyan dəymişdir. Sabunçu rayon Polis İdarəsində hadisə ilə bağlı təhqiqat araşdırması aparılmış, cinayət işinin rədd edilməsi və Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Sabunçu rayon Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh2 təqsiri sübuta yetmiş və o inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Cavabdeh2 hazırda "xxxx" MMC-də sürürcü vəzifəsində çalışır. Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Ona görə də "xxxx" MMCözişçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi var. İddiaçı Firmasının əsas fəaliyyəti çörək paylamaqdır. Hadisə nəticəsində çörək paylanması dayandırılmış və şirkətin fəaliyyətini həyata keçirməsi məhdudlaşdırılmışdır.Nəticədə şirkət özöhdəliklərini yerinə yetirə bilməmiş və reputasiyası zərər görmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın onlara aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 hadisənin qəsdən deyil, ehtiyyatsızlıqdan olduğunu, maddi imkanın az olduğunu və tələb edilən məbləğin yüksək məbləğ olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, 6 iyul 2021-ci il tarixdə saat 17 radələrində Cavabdeh2 idarə etdiyi Daewoo Bs-090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İlkin-92” Firmasına məxsus 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, X13 markalı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Yolnəqliyyat hadisəsi isə bağlı xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-105/2022 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi olduğunu qeyd edərək, hər iki cavabdehdən dəymiş ziyanın tutulmasını xahiş edir. İddiaçı tərəf ona məxsus olan 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, X13 markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 16.545 manat olması halının təsdiqi üçün “555 Avtoservis” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına istinad edir. Cavabdeh1 nümayəndəsi X2 isə iddiaya onlara dair hissədə etiraz edərək, Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsinin MMC-yə məxsus olmadığını, həmin nəqliyyat vasitəsinin Cavabdeh2 özünün olduğunu, Cavabdeh2 "xxxx" MMC-yə aid avtobus xəttləri üzrə hərəkət edən avtobus sürücüsü olsa da, hadisənin iş funksiyasını həyata keçirdiyi zaman baş vermədiyi bildirir. Cavabdeh2 hadisənin həqiqətən də, iş saatından kənar baş verdiyini, Daewoo Bs- 090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qarayev Əli adlı şəxsdən baş etibarnamə ilə aldığını qeyd edərək, tələb edilən pulun çox olduğunu qeyd edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə aşağıdakı normalar tətbiq edilməklə həll edilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyənləşdirilməli olan ilk məqam yüksək təhlükə mənbəyinin sahibinin kim olması və sonra Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi olması və yaxud mülki hüquq müqaviləsi əsasında Cavabdeh1 MMC-nin tapşırıqlarını icra edərkən hadisəni törətməsidir. İş materiallarına əlavə edilmiş AB 592332 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daewoo Bs-090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. Həmçinin işə əlavə edilmiş AR-İ 404851 saylı etibarnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixində 9 il 5 ay 20 gün müddətində Cavabdeh2 ona məxsus olan daşınar əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi və.s dair etibarnamə vermişdir. Yəni göründüyü kimi, yüksək təhlükə mənbəyi hesab edilən “Daewoo Bs-090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 MMC-nin mülkiyyətində deyildir. İş materiallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 01-31 iyul 2021-ci il tarixləri üçün 10TE907 dövlət qeydiyyat nişanlı və digər bir çox nəqliyyat vasitələri üçün yol vərəqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 idarə etdiyi avtobusu Binəqədi rayonunda yerləşən qarajdan təmir etdirib yaşadığı evə gedərkən olmuşdur, avtobusun əyləc sistemini təmir etdirib və növbəti gün işə çıxmaq üçün yaşadığı evə getmiş, avtobusda sərnişin və yük olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verərkən xidməti vəzifəsini idarə edib-etməməsi soruşulmuş, o isə həmin gün işləmədiyini və hadisənin işdən kənar, servisdən evə gedərkən baş verdiyini bildirmiş həmçinin də, hal-hazırda Cavabdeh1 MMCyə aid avtobus xəttində fəaliyyət göstərmədiyini və avtobusun evdə həyətdə olduğu bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmiş olan hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Hazırkı işin araşdırılmış hallarından da, göründüyü kimi, Cavabdeh2 tərəfindən yolnəqliyyat hadisəsi yəni, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia Cavabdeh1 MMC-yə münasibətdə təmin edilə bilməz. Məhkəmə tərəfindən İddiaçı Firmasına məxsus 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, X13 markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə, məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İlkin-92” Firmasına məxsus 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, X13 markalı nəqliyyat vasitəsinin təxminən təmir-bərpa xərci 13.280 manat təşkil edir. Belə olan halda, Məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı Firmasının xeyrinə 13.280 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddianın 10.000 manat məbləğində mənəvi zərər tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Ancaq hazırkı halda, iddiaçı tərəf ancaq hadisə nəticəsində çörək paylanmasının dayandırılmasına və şirkətin fəaliyyətini həyata keçirməsinin məhdudlaşdırılması və nəticədə şirkətin öz öhdəliklərini yerinə yetirə bilməməsi və reputasiyasının zərər gördüyünə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı Firmasının çörək paylama fəaliyyəti ilə məşğul olduğundan onun ancaq cəmi bir nəqliyyat vasitəsi ilə bu fəaliyyəti həyata keçirməsi inandırıcı deyildir, bundan başqa hətta bu cür olsa da belə, qeyd edilən hal İddiaçı Firması adlı kommersiya hüquqi şəxsinin mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilməz. Belə ki, mənəvi sarsıntı və iztirabların keçirilməsi fiziki şəxslərə xas bir xüsusiyyətdir, hüquqi şəxsin isə necə mənəvi sarsıntı keçirə bilməsi imkanı belə anlaşılan deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia mənəvi ziyanın tələb edilməsi hissəsində təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Firmasına məxsus ** AN *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı Mercedes-Benz markalı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 13.280 (on üç min iki yüz səksən) manat məbləğində pul Cavabdeh2 Dadaş oğlundan tutularaq İddiaçı Firmasına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar