Məhkəmə qərarları › İş №e-2-2(113)-159/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-159/2024

03.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-159/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh “Mos-Az-1“ Mənzil-Tikinti-Kooperativinə qarşı “subraqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin geri qaytarılması, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdeh “Mos-Az-1“ Mənzil-Tikinti-Kooperativinin qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh “Mos-Az-1“ Mənzil-Tikinti-Kooperativinə qarşı “subraqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 879 manat və 40 manat mediasiya xərci məbləğinin, ümumilikdə 919 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X3 razı olması və İddiaçı ASC tərəfindən ona RAZ********** saylı, xx.xx.2015-ci il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. 1.2. xx.xx.2016-cı il tarixində ünvan 1 ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış binasında subasma hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 1029 manat məbləğində real zərər dəymişdir. 1.3. AKT0959/CFİ-053/2016 saylı sığorta aktına və RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 879 manat məbləğində sığorta ödənişi sığortalı X3 bank hesabına köçürülmüşdür. "xxxx" MTK-nın xx.xx.2016-cı il tarixli, 752 nömrəli arayışında bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə binanın zirzəmisində yerləşən istilik xətlərində qəza baş vermiş və bunun nəticəsində binanın zirzəmisində yerləşən, Nəriman Nərimanov adlı şəxsə məxsus olan N.N Club-Lounge adlı obyektdə subasma qeydə alınmışdır. Qeyd edilmişdir ki, keçirilən baxış zamanı boruda olan kranın iki yerə bölündüyü məlum olmuşdur.

3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixində ünvan 1 ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış binasında yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 1029 manat məbləğində real zərər dəymişdir. Cavabdeh MTK-nın xx.xx.2016-cı il tarixli, 752 nömrəli arayışında bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə binanın zirzəmisində yerləşən istilik xətlərində qəza baş vermiş və bunun nəticəsində binanın zirzəmisində yerləşən, Nəriman Nərimanov adlı şəxsə məxsus olan NN-clubLounge adlı obyektdə subasma qeydə alınmışdır. Qeyd edilmişdir ki, keçirilən baxış zamanı boruda olan kranın iki yerə bölündüyü məlum olmuşdur. Daha sonra da, 24 mart 2016-cı il tarixdə “S.Ə.Şirvani küçəsi, məhəllə 2316, 1b ünvanında baş vermiş yanğın-subasma” ilə bağlı iddiaçı tərəfindən qoşma sənədlər olaraq Q.Qarayev pr. 2A məh 1/6-da 5 mərtəbəli daşdan tikilmiş şifer örtüklü binanın birinci mərtəbəsində yerləşən NN Studioda olan əmlakın dəyərləndirilməsinə dair 328 saylı 31 mart 2016-cı il tarixli rəy və “Azsığorta" şirkətinə MOS-AZ-1 MTK-nın sədri X7 tərəfindən 27 mart 2016-cı ildə yazılmış və imzalanmış 752 saylı arayış əlavə edilmişdir. X7 2018-ci il yanvarın 4-də rəhmətə gedib. X7 S.Ə.Şirvani küçəsi, məhəllə 2316, 1b saylı kooperativ binada yaşamış və bu binanın o zaman aid olduğu kooperativin sədri olub. Cavabdehin nümayəndəsi S.Ə. Şirvani və ya Q.Qarayev küçəsində baş vermiş qəribə “yanğınsubasma” hadisəsini kənara qoyaraq tam bu arayışı onun mərhum həyat yoldaşı X7 imzalamayıb, nə də oradakı yazı onun əl yazısı deyil. Buna sübut olaraq da, mərhum həyat yoldaşının əsl imzası olan rəsmi sənədlərini (Azərbaycan Respublikası vətəndaşı pasportunun onun tərəfindən imzalanmış əslini və tələb olarsa digər əlavə sənədləri) birbaşa şəxsən və ya övladları vasitəsilə məhkəməyə gətirib göstərməyə və ya təqdim etməyə hazırdır. Eyni zamanda, mərhum həyat yoldaşı 1937-ci il təvəllüdlü idi, bu baxımdan da ömrünün sonuna kimi onun heç cür latın qrafikasında əl yazısı ilə yazmağı öyrənmək imkanı olmamışdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iki dəfə ekspertiza təyin edilmişdir, iddiaçı tərəf bilmir heç hansı ünvanda hadisə olub, hansı əmlakı sığortalayıb. Hadisənin qiymətləndirilməsi barədə aktda bir ünvan yazılıb, digər sənədlərdə başqa ünvan.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdeh MTK-nin xx.xx.2016-cı il tarixli, 752 saylı arayışa əsasən xx.xx.2016-cı il tarixdə binanın zirzəmisində yerləşən istilik xəttlərində baş vermiş qəza nəticəsində zirzəmidə yerləşən Nəriman Nərimanova məxsus olan N.N Club-Lounge adlı obyektdə subasma qeydə alınmışdır.

8. 31 mart 2016-cı il tarixli Əmlakın qiymətləndirilməsinə dair 328 saylı rəyə əsasən qiymətləndirmə obyekti olan Bakı şəhəri, Xətai rayonu, Q.Qarayev 2A məhəllə1/6 NN ünvanında studioda baş vermiş subasma hadisəsi nəticəsində dəymiz zərərin həcmi 1029 manat olaraq müəyyən edilmişdir.

9. 0595/CFİ-053/2016 saylı sığorta aktına əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani, m. 2316 1 b ünvanında yerləşən daşınmaz əmlaka subasma hadisəsi nəticəsində 1029 manat zərər müəyyən edildiyi və faktiki ödənilən məbəğin 879 manat təşkil etdiyi qeyd olunmuşdur.

10. xx.xx.2016-cı il tarixli 2090 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X4 məxsus bank hesabına 0595/CFİ-053/2016 saylı sığorta aktına əsasən 879 manat məbləğində ödəniş edilmişdir.

11. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə ekspert Elmar Səidovun xx.xx.2024-cü il tarixli məlumatında məhkəmə tərəfindən tədqiq olunan obyektə yəni ünvan 4 ünvanına baxş keçirilməsi üçün gəlidiyini, lakin iddiaçı və cavabdehlər tədqiqat obyektinin ünvanını bilmədikləri və təqdim edə bilmədikləri üçün sözügedən qeyriyaşayş sahəsinə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığını bildirmişdir.

12. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MTK-nin xx.xx.2016-cı il tarixli, 752 saylı arayışa əsasən xx.xx.2016-cı il tarixdə binanın zirzəmisində yerləşən istilik xəttlərində baş vermiş qəza nəticəsində zirzəmidə yerləşən Nəriman Nərimanova məxsus olan N.N Club-Lounge adlı obyektdə subasma qeydə alınmış, 31 mart 2016-cı il tarixli Əmlakın qiymətləndirilməsinə dair 328 saylı rəyə əsasən qiymətləndirmə obyekti olan Bakı şəhəri, Xətai rayonu, Q.Qarayev 2A məhəllə1/6 NN ünvanında studioda baş vermiş subasma hadisəsi nəticəsində dəymiz zərərin həcmi 1029 manat olaraq müəyyən edilmiş, 0595/CFİ-053/2016 saylı sığorta aktına əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani, m. 2316 1 b ünvanında yerləşən daşınmaz əmlaka subasma hadisəsi nəticəsində 1029 manat zərər müəyyən edildiyi və faktiki ödənilən məbəğin 879 manat təşkil etdiyi qeyd olunmuş, xx.xx.2016-cı il tarixli 2090 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X4 məxsus bank hesabına 0595/CFİ-053/2016 saylı sığorta aktına əsasən 879 manat məbləğində ödəniş edilmiş və məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə ekspert Elmar Səidovun xx.xx.2024-cü il tarixli məlumatında məhkəmə tərəfindən tədqiq olunan obyektə yəni ünvan 4 ünvanına baxş keçirilməsi üçün gəlidiyini, lakin iddiaçı və cavabdehlər tədqiqat obyektinin ünvanını bilmədikləri və təqdim edə bilmədikləri üçün sözügedən qeyri-yaşayş sahəsinə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığını bildirmişdir.

14. Hazırda iddiaçı "xxxx" ASC sığortalı X4 ödədiyi 879 manat sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh MTK-dan tutulmasını tələb edir.

15. Cavabdeh sığorta hadisəsinin (subasmanın) binanın daxilində baş verən qəzaya görə məsuliyyət daşımadıqlarını iddia edirlər.

16. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097, 936ci maddələri təşkil edir.

17. Mülki Məcəllənin:

18. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

21. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

22. Yuxarıda göstərilən normaların məzmununda da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir.

23. Odur ki, hazırkı halda "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir.

24. Hazırkı halda isə subasma hadisəsinin cavabdeh MOS-Az-1” MTK tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır.

25. Belə ki, subasma hadisəsinin baş verməsi faktını təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə yalnız 328 saylı rəy təqdim edilmiş, həmin rəydə iddiaçının qeyd etdiyi ünvanla və obeyktin adları fərqli olduğu, eyni zamanda subasma hadisəsi kimi qeyd edilsə də rəydə yanan materialları göstərildiyi, bundan əlavə məhkəmə tərəfindən zərərin müəyyən edilməsi üçün təyin edilmiş ekspertiza baxışı zamanı da ünvan iddiaçı tərəfindən müəyyən edilə bilmədiyindən hazırkı iddia tələbi üzrə cavabdehdən dəymiş zərərə dair hər hansı məbləğin tutulmasına dair qanuni əsaslar mövcud deyildir.

26. Mülki Məcəllənin 152.11-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

27. Odur ki, hazırkı halda iddiaçı subasma nəticəsində dəymiş zərərə görə məhz Cavabdeh MTK-nın məsuliyyət daşımalı olmasını sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

28. Azərbaycan Respublikası MPM-nin:

29. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

34. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin cavabdeh “Mos-Az-1“ Mənzil-Tikinti-Kooperativinə qarşı cavabdeh "xxxx" MTK-dan 879 manat və 40 manat mediasiya xərci məbləğinin, ümumilikdə 919 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar