Məhkəmə qərarları › İş №e-2-2(113)-1593/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1593/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1593/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “icarə müqaviləsi üzrə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “icarə müqaviləsi üzrə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2023 tarixli icarə müqaviləsinin qanuna və müqavilə şərtlərinə uyğun şəkildə davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023 tarixli icarə müqaviləsi üzrə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2023 tarixli icarə müqaviləsinə əsasən, Bakı Dəmir Yolu Vağzalının 1-ci mərtəbəsində yerləşən 201 kv.m olan sahə 1 il müddətinə ona icarəyə verilmiş və iddiaçı sahibkarlıq fəaliyyəti göstərir. İcarə müddətində müqavilə ilə nəzərdə tutulmuş bütün öhdəliklərini lazımi qaydada və vaxtında icra etməyinə baxmayaraq, icarəyə verən tərəfindən icarə hüquq münasibətləri çərçivəsində əsassız və qanunsuz olaraq, fəaliyyətinə məhdudiyyətlər tətbiq edilir. Belə ki, icarəyə verən tərəfindən ona bildiriş göndərilərək, xx.xx.2023 tarixli icarə müqaviləsinə müqaviləsinin 10.5-ci maddəsinə istinad edilməklə birtərəfli qaydada vaxtından əvvəl xitam verilməsini tələb edir. Tərəfindən icarəyə verənə pretenziya ünvanlayaraq, heç bir əsas və səbəb olmadan icarə müqaviləsinin 10.5-ci maddəsinə istinad edilməklə müqaviləyə birtərəfli qaydada xitam verilməsinin qanuna və müqavilənin digər bəndlərinə uyğun olmadığı üçün fəaliyyətinə yaradılan maneələrə son qoyulması, əks təqdirdə yaranmış anlaşılmazlığın müdiasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Müraciəti şifahi şəkildə etirazla cavablandırılmışdır. Məhkəmənin diqqətinə onu da çatdırır ki, o Laçın rayonundan məcburi köçkün ailəsidir. Ailədə yeganə qazanc gətirən şəxsdir və himayəsində 2 azyaşlı uşağı və əlil qardaşı vardır. Onun əsas fəaliyyəti və gəliri icarə müqaviləsi əsasında göstərdiyi xidmətlər nəticəsində formalaşır. Müqaviləyə birtərəfli qaydada qısa müddət ərzində xitam verilməsi onun və ailəsinin ağır maddi duruma düşməsi ilə nəticələnəcək. "xxxx" QSC ilə aralarında bağlanılmış xx.xx.2023 tarixli icarə müqaviləsinin 11.6-ci maddəsinə əsasən, bu müqavilənin Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təfsir və tətbiq edildiyi qeyd edilmişdir. Bu baxımdan müqavilənin ləğvinin qanunvericiliyə uyğun şəkildə olması zəruri şərtdir. Aralarında mövcut icarə hüquq münasibətləri müvafiq olaraq, AR Mülki Məcəlləsinin icarə və əmlak kirayəsi haqqında müddəaları ilə tənzimlənir. Qanunvericiliyin tələbinə əsasən, icarə müqaviləsinə xitam verilməsi üçün icarəyəverənin əsaslı marağı olmalıdır. İddiaçıya ünvanlanmış bildirişdə isə müqavilənin pozulmasına səbəb kimi qanuni əsaslara istinad edilməmişdir. Müqavilə şərtləri ilə icra edilməmiş öhdəliklərimin olmadığı halda, əsassız olaraq müqaviləyə birtərəfli qaydada xitam verilməsi qanuna ziddir. Hətta müqavilədə (maddə 10.5. kimi) hər hansı bir şərtin olmasından aslı olmayaraq. İcarə obyekti ona təqdim edilmiş formada istifadə edilir, hər hansı bir avadanlıq icarə müddətində yararsız vəziyyətə salınmamış, icarə haqqı vaxtında ödənilir. Hətta cavabdehə ünvanladığı pretenziyada icarə obyektində göstərilən xidmətlərin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması məqsədilə icarə obyektində hər hansı bir avadanlıqların quraşdırılmasına və digər tədbirlərin görülməsinə etirazın olmadığı bildirilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 423.2, 700.1, 700.3, 692.1, 693.1, 696.1-696.3, 696.5-ci maddələrinə istinad olunmuşdur. İddiaçının Elektron Məhkəmə informasiya sistemi ilə məhkəməyə ünvanladığı izahatında qeyd edilmişdir ki, cavabdeh tələbin əsasını icarə müqaviləsi əsasında iddiaçı tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin aşağı olması və icarə obyektinin icarəyəverənin daxili resurs hesabına idarə edilməsi barədə qərarın verilməsi ilə əlaqələndirmişdir. Cavabdehin birinci arqumenti, yəni xidmət keyfiyyətinin aşağı olması ilə əlaqədar hər hansı bir fakt və sübut təqdim etmədən yalnız sözlə birdirir ki, bu da əsassız olduğu üçün qəbul edilməməlidir. Digər əsas olan icarə obyektinin icarəyəverənin daxili resurs hesabına idarə edilməsi əsası ilə də icarə müqaviləsinin 10.5. maddəsinə istinad etməklə müqaviləyə birtərəfli qaydada xitam verilməsi qanuna ziddir. Çünki, bu hal şəraitin dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsidir ki, bu halda cavabdeh müqaviləni birtərəfli qaydada məhkəmədən kənar deyil, müqavilənin ləğvini məhkəmə qaydasında tələb etmək hüququ olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən qanuna zidd şəkildə müqaviləyə birtərəfli qaydada xitam verilmiş və bu məqsədlə də fəaliyyəti əsassız olaraq tam şəkildə məhdudlaşdırılmışdır. Baxmayaraq ki, ondan icarə haqqı dayandırılmış müddət üçün də alınmışdır. Qeyd edilən hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin xx.xx.2023 tarixli qərarında aşağıda qeyd edilən formada izah verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir”. Məhkəmə iclasında iddiaçı son iddia ərizəsinə əlavədə qeyd edilənləri müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qarşı tərəflər hər il 1-1 il olmaqla müqavilənin müddəti uzadılaraq bağlanmışdır. 3 ildir ki, o, oranı icarəyə götürmüş, dekabr ayının 21-də ona xəbərdarlıq gəlmişdir. Qarşı tərəfin ona 1 ay əvvəlcədən xəbərdarlıq etməklə həmin yerdən çıxarda bilməsi şərtini o, bilirdi. Lakin qarşı tərəf ona bildirmişdir ki, bu il də tamam olduqdan sonra onunla 3 illik müqavilə bağlanılacaqdır. Bu məsələni isə şəxsi münasibətləri olan bir adam arxayın etmişdir. Cavabdeh "xxxx" QSC tərəfindən iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edilərək qeyd edilmişdir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 13-1-2/2- 396/2023 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən ADY-yə (İcarəyəverən) məxsus ünvan 1 ünvanında yerləşən ünvan 2si kimi qeydə alınmış 201 kv.m olan sahə (sanitar qovşağı) İddiaçıa (İcarəçi) icarəyə verilmiş, sonuncu isə bunun əvəzində ADY-yə icarə haqqı ödəmişdir. Qeyd olunan müqavilənin 10.5-ci bəndinə əsasən İcarəyəverən istənilən vaxt 1 (bir) ay qabaqcadan İcarəçini xəbərdar etməklə bu icarə müqaviləsinə xitam verə bilər. Həmçinin, sözügedən müqavilənin 11.5-ci bəndindən də görünür ki, müqavilə bağlanarkən tərəflər müqaviləni oxumuş, onun bütün müddəalarını tam olaraq anlamış və “müqavilə azadlığı” prinsipinə əsasən şərtlərlə razılaşaraq könüllü olaraq müqaviləni imzalamışlar. ADY-nin nizamnaməsinə əsasən onun bütün səhmləri və əmlakı dövlətə məxsusdur. Dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədilə, həmçinin, Bakı sərnişin stansiyasında vətəndaşlara ADY tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülür, bu istiqamətlərdən biri də sanitar qovşaqlarda əhaliyə təqdim edilən xidmət keyfiyyətinin artırılmasıdır. Bu məqsədlə müqavilənin 10.5-ci bəndinə əsasən "xxxx" QSC tərəfindən İddiaçı 21,12.2023-cü il tarixli bildiriş məktubu göndərilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında Bakı Dəmiryol Vağzalı binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 201 kv.m təşkil edən icarə sahəsini 21.01,2024-cü il tarixdə, saat 18:00-a dək boşaldılaraq təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. Yəni, ADY müqavilənin şərtinə uyğun olaraq 1 ay qabaqcadan ərizəçini xəbərdar etməklə müqaviləyə xitam veriləcəyini bildirmişdir. 1 ay müddət bitdikdən sonra Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-396/2023 saylı icarə müqaviləsinə 21.01,2024-cü il tarixdə xitam verilmişdir. Hazırda “Vağzal”dan gündəlik olaraq 30.000 sərnişindən çox istifadə edir. Sanitar qovşağının istifadəsi pullu xidmət olduğundan sərnişinlər tərəfindən çoxsaylı şikayətlər daxil olmaqdadır. Bu səbəbdən yuxarıda qeyd olunan müqaviləyə xitam verilməklə “Vağzal”da sanitar qovşağının istifadəsinin vətəndaşlara pulsuz təqdim edilməsi nəzərdə tutulur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənləri təsdiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 13-1-2/2-396/2023 nömrəli icarə müqaviləsindən görünür ki, Vağzalın bu müqaviləyə Əlavə 1-ə əsasən ərazisində yerləşən 109 saylı icarə sahəsi kimi qeydə alınmış 201 kv.m olan sahə bundan sonra Əmlak İcarəçiyə icarəyə verilir. İcarəçi isə Əmlakı icarəyə götürür və bunun əvəzində bu müqaviləyə əsasən icarə haqqını icayə verənə ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən İcarəçinin əmlakdan istifadə ilə bağlı yerinə yetirdi kommersiya fəaliyyəti Sanitar Qovşaqdan ibarət olmuşdur. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən 1 il müddətinə qüvvdə qalır, 10.5-cü bəndinə əsasən İcarəyəverən istənilən vaxt 1 (bir) ay qabaqcadan İcarəçini xəbərdar etməklə bu icarə müqaviləsinə xitam verə bilər. Bu zaman İcarəçi tərəfindən icarə sahəsində aparılmış təmir və yaxşılaşdırma işlərinin əvəzi İcarəyəverən tərəfindən ödənilmir. Müqavilənin 10.8-ci maddəsində əsasən müqaviləyə hər hansı səbəbdən xitam verildikdə, İcarəçi heç bir şərt müəyyən etmədən 10 iş günündən çox olmayan müddətə Əmlakın daxilində ona məxsus olan bütün avadanlıqlarını və digər əmlakı çıxarmalı və Əmlakı İcraçıya boş halda təhvil verməlidir. İcarəçi tərəfindən Əmalın təhvil verilməsi zamanı bu müqavilənin 6.3-cü bəndinə əsasən təqdim olunmuş layihə əsasında İcarəçi tərəfindən aparılmış təmir tikinti işlərinə və təmir tikinti işləri ilə əlaqədar quraşdırılmış ayrıla bilməyən avadanlıqlara toxunulması qadağandır. "xxxx" QSC (ADY) ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 13-1-2/2-396/2023 nömrəli icarə müqaviləsinə Əlavə 1-ə əsasən, 17 iyul 2023-cü il tarixdən icarə sahəsi üçün bir aylıq icarə haqqı 201 kv.m sahə üçün əlavə dəyər vergisi daxil olmaqla 1005 manat müəyyən edilmişdir. "xxxx" QSC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli 13-1-2/2-700/2023 saylı bildirişdə qeyd olunmuşdur ki, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında, Bakı Dəmir Yolu Vağzalı binasının 1-ci mərtəbəsində yerləşən 201 kv.m qeyri-yaşayış sahəsinin sanitar qovşağı kimi istifadəsinə dair xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Hal - hazırda Bakı sərnişin stansiyasında vətəndaşlara ADY tərəfindən göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülür, bu istiqamətlərdən biri də sanitar qovşaqlarda əhaliyə təqdim edilən xidmət keyfiyyətinin artırılmasıdır. Bununla əlaqədar olaraq Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-396/2023 saylı icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəkdir. Belə ki, Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-396/2023 nömrəli müqavilənin 10.5-ci maddəsinə istinadən İcarəyəverən istənilən vaxt 1 (bir) ay qabaqcadan İcarəçini xəbərdar etməklə bu icarə müqaviləsinə xitam verə bilər. Bu zaman İcarəçi tərəfindən icarə sahəsində aparılmış təmir və yaxşılaşdırma işlərinin əvəzi İcarəyəverən tərəfindən ödənilmir. xx.xx.2023-cü il tarixli 13-1-2/2-396/2023 saylı icarə müqaviləsi üzrə Bakı şəhəri Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında, Bakı Dəmir Yolu Vağzalı binasının 1-ci mərtəbəsində yerləşən, ümumu sahəsi 201 kv.m təşkil edən icarə sahəsini (qeyri-yaşayış sahəsini) xx.xx.2024-cü il tarixdə saat 18:00-a kimi boşaldaraq təhvil verilməsi və həmin tarixə yaranacaq icarə haqqı və digər kommunal ödənişlərin edilməsi tələb olunur. İddiaçı, sanitar qovşağın işçiləri və digər şəxslər tərəfindən tərtib edilərək imzalanmış 23 yanvar 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, 14 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə icarəçi İddiaçı, sanitar qovşağın işçiləri X4 və X1, digər şəxslər X5 və X3 tərəfindən Akt ona görə tərtib olunur ki, 2024-cü ilin 21 yanvardan etibarən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları 14 iyul 2023-cü il tarixli icarə müqaviləsinə əsasən fəaliyyət göstərən sanitar qovşağın fəaliyyətinə məhdudiyyətlər tətbiq edərək, ilk olaraq elektrik enerjisindən istifadəni tam dayandırmış, xx.xx.2023-cü il tarixdə isə kütləvi şəkildə icarə obyektinə daxil olaraq icarəçi İddiaçı qarşı psixi təzyiqlər edərək, icarə obyektinin su xəttini də bağlamış və sanitar qovşağın fəaliyyətini tamamilə dayandırmışdır. "xxxx" QSC tərəfindən İddiaçı müraciətinə cavab olaraq təqdim edilən xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaşlar tərəfindən “ADY”-ə göndərilən çoxsaylı şikayət məktublarının bir qismi icarənizdə olan sanitar qovşağında təmizliyin aşağı səviyyədə olması, gigiyenik qaydalara əməl olunmaması, əlillər uçun nəzərdə tutulan bölmədə kabinələrin tutacaqlarının yararsız vəziyyətdə olması, sanitar qovşağın iş saatına əməl edilməməsi, vaxtından tez bağlanması və bəzi hallarda ümumiyyətlə açıq olmaması ilə bağlıdır. Bu da öz növbəsində vağzal ərazisindən istifadə edən vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Hal-hazırda müştəri məmnuniyyəti “ADY" üçün ən vacib prioritetlərdən biri olduğunu və yuxarıda qeyd edilən neqativ halları nəzərə alaraq sanitar qovşaqların "ADY" tərəfindən daxili resurs hesabına idarə edilməsinə qərar verilmişdir. Məlumat uçün onu da diqqətinizə çatdırırıq ki, tərəflər arasında bağlanmış xx.xx.2023- cü İİ tarixli 13-1-2/2-396/2023 nömrəli müqavilənin 10.5-cı maddəsinə istinadən icarəyəverən istənilən vaxt 1 (bir) ay qabaqcadan icarəçini xəbərdar etməklə bu icarə müqaviləsinə xilam verə bilər və bununla bağlı xx.xx.2023-cü il tarixli 13-1-2/2- 700/2023 nömrəli bildiriş göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ünvan 2si kimi qeydə alınmış 201 kv.m olan sahə (sanitar qovşağı) təhvil vermiş, xx.xx.2023-cü il tarixli 13-1-2/2-396/2023 nömrəli icarə müqaviləsinə Əlavə 1-ə əsasən, 17 iyul 2023-cü il tarixdən icarə sahəsi üçün 1005 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10.5-ci bəndinə uyğun olaraq "xxxx" QSC tərəfindən İddiaçı 1 ay qabaqcadan, xx.xx.2023-cü il tarixli 13-1-2/2-700/2023 saylı bildiriş göndərilərək, Bakı şəhəri Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında, Bakı Dəmir Yolu Vağzalı binasının 1-ci mərtəbəsində yerləşən, ümumu sahəsi 201 kv.m təşkil edən icarə sahəsini (qeyri-yaşayış sahəsini) xx.xx.2024-cü il tarixdə saat 18:00-a kimi boşaldaraq təhvil verilməsi tələb olunmuşdur. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilənin 10.5-ci bəndində icarə müqaviləsinə xitam verilməsi üçün xüsusi səbəb qeyd edilməmiş, 1 ay qabaqcadan xəbərdar etmə şərti qeyd edilmiş və həmin şərtə əməl olunaraq xx.xx.2023-cü il tarixli 13- 1-2/2-396/2023 saylı icarə müqaviləsinə bildirişin təqdim edildiyi tarixdən bir ay sonra, xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini nəzərə almaqla hesab edir ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Çünki Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan halda müqavilə tərəflərdən birinin tələbi ilə ləğv edilə bilər. Hazırkı mübahisədə də tərəflər arasındakı icarə müqaviləsində göstərilən şərtlərə əməl olunmaqla cavabdeh tərəfindən icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdehin müqaviləyə xitam verməsini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirmişdir. Halbuki cavabdehin müqaviləyə xitam verməsi hər hansı kommersiya və ya digər məqsəd ilə deyil, ictimai maraqlar naminə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırılması, vətəndaşların pulsuz sanitar qovşaqdan istifadə etməsi məqsədi ilə atılan bir addımdır. Bu hal isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “icarə müqaviləsi üzrə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar