Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1594/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17757 manat borcun, 350 manat hüquqi xidmət üçün ödənilmiş pulun və 200 manat dövlət rüsumu üçün ödənilmiş pulun, ümumilikdə 18307 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli, 29 № -li alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMCyə inşaat materialllarını satmağa, Cavabdeh MMC isə həmin materialların dəyərini İddiaçı MMC-yə ödəməyə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıcavabdehə bir kvadrat metri 31 manat olmaqla 280 kv.m “Dam sp (poliüretan) RAL 9002 50 mm” və bir kvadrat metri 29 manat olmaqla 313 kv.m “Divar sp (poliüretan) RAL 9002 50 mm” adlı tikinti materialları satmışdır. İddiaçı üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirərək xx.xx.2023-cü il tarixli, № 201/2023 saylı “Malların Təhvil-Qəbul Aktı”na əsasən cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 239 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə qüvvədə oldğu müddətdə satıcı əlavə-1 də qeyd edilən inşaat materialını satmağı, alıcı isə müqavilədə göstərilən materialın dəyərini ödəməklə almağı öz öhdəsinə götürür.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar bir qayda olaraq razılaşdırma protokolunda qeyd olunan məbləğ Azərbaycan Respublikasının milli valyutası ilə, manatla (ƏDV məbləği daxil olmaqla) köçürmə yolu ilə satıcının bank hesabına köçürülür.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı xx.xx.2023-cü il tarixdən etibarən 5 iş günü ərzində satın alacağı materialın dəyərini 100%-ni satıcının bank hesabına (ƏDV məbləği ƏDV hesabına) ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən alqı-atqı müqaviləsi hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və 12 iyul 2024-cü il tarixədək qüvvədədir.
13. xx.xx.2023-cü il tarixli, 239 saylı alqı-satqı müqaviləsinin əlavə razılaşma protokoluna əsasən cavabdehə ƏDV daxil 20953,26 manat məbləğində mal satışı həyata keçirilmiş və protokol hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
14. xx.xx.2023-cü il tarixli EBDJ835761 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 20953,26 manatlıq qaimə göndərilmiş və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
15. xx.xx.2023-cü il tarixli 201/2023 saylı malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC-yə ƏDV daxil 20953,26 manat dəyərində malların təhvl verildiyi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
16. 05.11.2023-cü il tarixli ödəniş tapşırığına əsasən EBDJ835761 saylı e-qaimə üzrə 1000 manat məbləğində, xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqları üzrə EBDJ835761 saylı e-qaimə üzrə 1500 manat və eyni tarixdə 696,26 məbləğində cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir.
17. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
19. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı müxtəlif vaxtlarda müqavilə üzrə malları tədarük etmiş, cavabdeh isə həmin malların ödənişini həyata keçirməmişdir.
20. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
23. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. İşdən göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin yaranmış borc məbləği müqavilənin 1.1-ci və 2.2-ci bəndləri pozularaq cavabdeh tərəfindən tam olaraq iddiaçıya ödənilməmişdir.
28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
30. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
31. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
32. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
33. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
34. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
35. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödəniş də edilmişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
37. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, malların təhvil-qəbul aktına və e-qaimələr üzrə qismən ödənişlər ilə təsdiqini tapdığı üçün iddia tələbinin 17.757 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
38. Müqavilə üzrə yaranmış borc məbləği üzrə cavabdeh tərəfindən hissəvi ödənişin həyata keçirilməsi iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş malların ona təhvil verilməsinə əyani sübutdur.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 239 saylı nömrəli müqaviləsi üzrə əsas borc tələbi üzrə iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir.
40. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 200 manat ödəniş edilmişdir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq təmin olunan tələbə münasibətdə 200 manat müəyyən edilməklə cavabdehə aid edilməlidir.
44. Bundan başqa iddiaçı tərəf 350 manat məbləğində hüquqi xidmətin göstərilməsinə görə çəkilmiş xərcin də cavabdehdən tutulmasını xahiş etsə də, belə bir xərcin çəkilməsinə dair ödəniş sənədi məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 17.757 manat əsas borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova