Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1596/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 33941,60 manat pulun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq özünə məxsus Xəzər rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. İstixanada quraşdırılmış sayğac Cavabdeh İB-nin nümayəndələri tərəfindən 2018-ci ilin dekabr ayında çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac onun iştirakı və məlumatı olmadan yoxlamadan keçirilmiş, guya sayğacda nöqsanlar aşkar edilmişdir. Faktla bağlı ona 33941,80 manat cərimə hesablanmışdır. O, həmin cəriməni qanunsuz və əsassız hesab etdiyindən silinməsini xahiş edir. İlk öncə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bu Cavabdeh İB-nin ona qarşı ilk özbaşınalığı deyil. Belə ki, 2018-ci ilin iyun ayında da sayğacı çıxarılaraq yoxlamaya göndərilmiş əsassız olaraq o vaxtda ona 769569 manat məbləğində ağlasığmaz cərimə yazılmışdır. Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilmiş və əsassız hesablanmış 769569 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilmişdir. Göründüyü kimi bu hadisədən 6 ay keçməmiş eyni əsasla ondan yenidən cərimə hesablanması Cavabdeh İB-nin ona qarşı şəxsi qərəzliyindən irəli gəlir. Onlar 769569 manat pulun silinməsi ilə barışmaq istəmirlər. Akt tərtib edilərək sayğacın işləmədiyti dövr üçün (dekabr) ona 13510,20 manat pul hesablanmışdır. Amma sonradan da əlavə olaraq həmin ay üçün 20431,60 manat borc yazılmışdır. İkinci dəfə nəyə əsasən cərimə hesablayıblar aydın deyil. Dekabr ayı üçün sayğac göstəricisinə əsasən ona 90971,60 manat pul hesablanmışdır. Əgər sayğac işləmirdisə, 90971,60 manatı sayğac necə yaza bilərdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərk bildirdi ki, 2018-ci ilin dekabr ayında Cavabdeh İB-nin nümayəndələri sayğac işləmədiyi üçün akt tərtib etmiş və 33941,80 manat abonent saldosuna qaz həcminin dəyəri kimi yazılmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci ildə bağlanan “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-1/3763 nömrəli müqavilədən müəyyən olunur ki, İddiaçı məxsus obyektə su qızdırıcı qazan quraşdırılmışdır. - abonentin saldosundan görünür ki, dekabr 2018-ci ilə sərfin məbləği 90971,60 manat, qalıq və aktlar 33941,80 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus istixanaya baxış keçirilmiş və qaz sayğacının işləmədiyi dövr ərzində dekabr 2018-ci il tarixə 13510,20 manat qaz sərfinin məbləği qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə istixanaya quraşdırılmış sayğaca baxış keçirilmiş, bu zaman sayğacın işləmədiyi müəyyən edilərək eyni tarixli akt tərtib edilmişdir. Aktda sayğacın işləmidiyi dövr üçün məbləğ 13510,20 manat olaraq göstərilmişdir. Abonent saldosunda isə dekabr 2018-ci il tarixə sərfiyyat olaraq 90971,60 manat, akt əsasında isə 33941,80 manat borc hesablanmışdır. Bununla razılaşmayan iddiaçının hesablanmış borcun silinməsi barədə cavabdehə müraciəti sonuncu tərəfindən təmin edilməmiş və o, məhkəməyə müraciət etmişdir. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz.http://e-qanun.gov.az/alpidata/framework/data/21/c_f_21291.htm Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan istixanaya quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının istifadəsində olan istixanaya xidmət edən qaz sayğacına baxış keçirib işləmədiyi əsas gətirilərək akt tərtib edilmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan istixanada quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi istixanaya quraşdırılmış sayğac qanunvericiliyin pozulması ilə yoxlanıldığından həmin akt əsasında abonentə 2018-ci ilin dekabr ayı üçün artıq hesablanmış 33941,80 manat borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 2018-ci ilin dekabr ayında akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 33941,60 manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 2018-ci ilin dekabr ayında akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 33941,60 (otuz üç min doqquz yüz qırx bir manat altmış qəpik) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1596/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1596/2020
25.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver