Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-160/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit razılaşması üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" QSC-nin “Lökbatan” filialı (kredit verən) ilə Cavabdeh3 (kredit alan) arasında 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200000 ABŞ dolları məbləğində 120 ay müddətinə xx.xx.2028ci il tarixədək uzunmüddətli kredit xəttini açmışdır. Müqaviləyə əsasən uzunmüddətli kredit xətti həmin müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin: - 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 29 yanvar 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. - 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. - 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. - 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. - 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.
2. "xxxx" QSC-nin “Lökbatan” filialı (bank) ilə Cavabdeh1 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 15 yanvar 2019-cu il tarixli, 027S**********02 saylı 01 aprel 2021-ci il tarixli, 027S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh3 arasında bağlanmış 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 200000 ABŞ dolları məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28%, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. - 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. - 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.
3. "xxxx" QSC-nin “Lökbatan” filialı (kredit verən) ilə Cavabdeh3 (kredit alan) arasında bağlanmış 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşmasına əsasən bank məbləği 30000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167% olmaqla 30 ay müddətinə kredit alana vermişdir. - 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. - 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. - 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ48ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. - 2.2-ci bəndinə əsasən bank 150 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. - 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. - 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 23.81 % təşkil edir. - 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh3 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.
4. 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh3 tərəfindən kredit razılaşması üzrə 30000 manat əsas məbləğlə yanaşı faiz məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.
5. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 30000 manat kredit Cavabdeh3 AZ48ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.
6. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh3 sonuncu dəfə xx.xx.2022-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
7. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 23.617,27 manat, faiz borcu 5.146,65 manat, (gecikdirilən günlərin sayı 457 gün) cərimə borcu 4.582,6 manat olmaqla, cəmi borc 33.346,52 manat təşkil edir.
8. "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq xx.xx.2023-cü il tarixə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2023-cü il tarixinədək borc ödənilmədiyi təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli, 9/6465 saylı ekspert rəyinə əsasən Cavabdeh3 "xxxx" QSC-yə olan borcu xx.xx.2021-ci il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 23355 manat, faiz borcu 8.132,08 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 23.617,27 manat məbləğində krеdit bоrcu, 5.146.65 manat məbləğində faiz bоrcu və 4.582,6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33.346,52 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027L**********56 saylı uzunmüddətli kredit müqaviləs iləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 027R********** saylı krеdit razılaşmasıəsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 6382,73 manat ödəmiş, onun 23.617,27 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 457 gün üçün hesablanmış faiz borcu 5.146,65 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 457 gün üçün hеsablanmış cərimə 4.582,6 manat təşkil edir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
13.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
14. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
15. Cavabdeh1 izahatında borclu tanış olduğundan onun xahişi ilə kredit razılaşması üzrə öhdəliklərə zamin durduğunu bu səbəbdən onun zaminliyinə xitam verilməsini xahiş etmişdir.
16. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
17. Məhkəmə işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
19. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
20. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
21. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
22. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 027R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC 027R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh3 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 30000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
25. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" QSC Cavabdeh3 xəbərdarlıq məktubu göndərməklə mübahisəli kredit razılaşmasıüzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq borcun vaxtından əvvəl ödənilməsini tələb etmiş və borc ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmiş, lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə gecikdirilmiş borc ödənilməmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı "xxxx" QSC xx.xx.2023-cü il tarixdə mübahisəli kredit razılaşmasına cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı vaxtından əvvəl birtərəfli qaydada xitam vermişdir. Odur ki, iddiaçı "xxxx" QSC yalnız mübahisəli kredit razılaşmasına xitam verildiyi tarixədək olan müddət üçün həmin razılaşma üzrə hesablanmış faiz borcunun tutulmasını tələb edə bilər.
26. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh3 "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas kredit borcu 23.355 manat, faiz borcu 8.132,08 manat təşkil etməsi müəyyən edilmişdir.
27. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
28. İddia üzrə tutulacaq faiz borcunun məbləğinə münasibətdə həmçinin qeyd edilməlidir ki, müqavilənin xitam verildiyi tarixə Cavabdeh3 mübahisəli kredit razılaşması üzrə banka faiz borcu 8.132,08 manat təşkil etsə də, bank isə iddiasında həmin kredit razılaşması üzrə 5.146.65 manat məbləğində faiz borcunun tutulmasını tələb edir. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində qismən, faiz borcun tutulması hissəsində iddia tam təmin edilməli, xx.xx.2021-ci il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması üzrə 23.355 manat əsas və 5.146.65 manat məbləğində faiz borcu Cavabdeh3 bankın xeyrinə tutulmalıdır.
29. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh3 hesablanmış 4.582,6 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
30. Məhkəmə hesab edir ki, Cavabdeh3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
31. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1100 manat məbləğində müəyyən edilməlidir.
32. İş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh3 (kredit alan) arasında bağlanmış 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 15 yanvar 2019-cu il tarixli, 027S**********02 saylı 01 aprel 2021-ci il tarixli, 027S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 kredit alan Cavabdeh3 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi, o cümlədən həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 027R********** saylı razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar.
33. Məhkəmə zaminlər Cavabdeh1 və Cavabdeh2 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə borc alan Cavabdeh3 bütün öhdəliklərinə zamin durmaqla həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
34. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
35. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 190,04 manat təşkil edir.
36. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
37. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
38. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 170 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
39. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 85 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 027R********** saylı krеdit razılaşması üzrə 23.355 manat məbləğində krеdit bоrcu, 5.146,65 manat məbləğində faiz bоrcu, 1100 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 29.601,65 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 85 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva