Məhkəmə qərarları › İş №e-2-2(113)-161/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-161/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-161/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik, ipoteka) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 168197.15 manat əsas, 11764.73 manat faiz və 89.32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 180051.20 manat borcun və 470.05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh4 İddiaçı ASC-nin “MXD” filialından 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2023-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-ci il tarixdə Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır xx.xx.2023-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh4 İddiaçı ASC-nin “MXD” filialından illik 16%-lə 36 ay müddətinə 200000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi xx.xx.2023-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən ödəniş qaydası annuitet müəyyən edilmişdir. 15 mart 2024-cü il tarixədək Cavabdeh4 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 168197.15 manat əsas, 11764.73 manat faiz və 893.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 180855.07 manat borcu vardır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23 saylı Kredit limitinin ayrılmasına dair razılaşma imzalanmış və həmin razılaşmaya əsasən Cavabdeh4 120 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır.

9. xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23 saylı Kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank ilə Cavabdeh4 (ipoteka qoyan, borc alan) arasında ipoteka qoyana məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması ilə bağlı xx.xx.2023-cü il tarixli DA/00051/23 saylı ipoteka müqaviləsi, Cavabdeh3 (zamin) arasında xx.xx.2023-cü il tarixli, Z/00823/23 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

10. Daha sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 kredit verilməsinə dair razılaşma bağlanmış və həmin kredit razılaşmaya əsasən Cavabdeh4 İddiaçı ASC-dən illik 16 faizlə 36 ay müddətinə 200.000 manat kredit verilmişdir.

11. Daha sonra xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə sazişlə dəyişiklik edilərək, ödəniş qaydası annuitet müəyyən edilmişdir.

12. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

14. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

16. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

17. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh4 banka əsas borc məbləği 168.197,15 manat, faiz borcu 11.764,73 manat, cərimə borcu 893,19 manat, cəmi 180.855,07 manat təşkil edir.

20. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.

21. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

22. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 168.197,15 manat, faiz borcu üzrə 11.764,73 manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.

24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

25. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 89,32 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

26. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2820/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən “Qiymətləndirmə və Consulting Mərkəzi” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli hesabata əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112,50 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 332.000, likvid dəyəri 282.000 manat dəyərində müəyyən edilmişdir.

28. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 282.200 (iki yüz səksən iki min iki yüz) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

29. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

30. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 470,05 manat məbləğində pul da, cavabdehlərdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

31. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

32. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 168.197 (bir yüz altmış səkkiz min yüz doxsan yeddi) manat, 15 (on beş) qəpik, faiz borcu üzrə 11.764 (on bir min yeddi yüz altmış dörd) manat 73 (yetmiş üç) qəpik, cərimə borcu üzrə 89 (səksən doqquz) manat, 32 (otuz iki) qəpik olmaqla, cəmi 180.051 (bir yüz səksən min əlli bir) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 282.200 (iki yüz səksən iki min iki yüz) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Dövlət rüsumunun əvəzi olaraq 470 (dörd yüz yetmiş) manat 05 (sıfır beş)) qəpik məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar